Blinken Əliyevi erməni məhbusları azad etməyə çağırıb

Foto: Azərtac

“Ermənistan itkin düşən 4 minə yaxın azərbaycanlı barədə heç bir məlumat vermir”

İyulun 26-da ABŞ-ın Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb.

Məlumatı Dövlət Departamentinin sözçüsü Ned Prays yayıb.

O bildirib ki, Blinken ölkə rəhbərləri ilə danışıqları zamanı Azərbaycan və Ermənistanın sülhə nail olmaq üçün “tarixi fürsəti” müzakirə edib.

Dövlət katibi, həmçinin regional nəqliyyatın və kommunikasiya əlaqələrinin açılmasına yardımçı olmağı təklif edib.

Açıqlamada Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi görüşünü nümunə göstərərək ikitərəfli dialoqun davam etdirilməsini təşviq etdiyi vurğulanıb.

Dövlət katibinin Avropa İttifaqının səyləri ilə keçirilən müzakirələrə dəstəyini ifadə etdiyi də qeyd olunub: “Həmçinin əlavə edib ki, ABŞ 1994-cü ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Ermənistan və Azərbaycanın uzunmüddətli və hərtərəfli sülhə nail olması üçün dəstəyini göstərməyə həmişə hazırdır. Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevi hər bir erməni məhbusunun azadlığa buraxılmasına çağırıb”.

Ancaq Azərbaycan tərəfinin yaydığı məlumatda sonuncu abzasda deyilənlər əks olunmayıb.

“President.az”ın yaydığı xəbərdə bildirilib ki, söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olunub:

“Sonra dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən 3890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu və Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqəti çəkdi. Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirdi”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə deyib ki, tərəflərin telefon danışıqları barədə məlumatları fərqli şəkildə yayması dünya diplomatiyası praktikasında adi bir haldır.

Onun sözlərinə görə, bu istiqamətdə bir neçə qayda var:

“Birincisi, tərəflər mətbuata veriləcək bəyanatı razılaşdırırlar. Hər iki tərəf ümumi mətn yayırlar. İkincisi, tərəflər ümumiyyətlə razılaşdırmırlar; əsas o olur ki, söhbətin məğzinə zidd, saxtalaşdırılmış məlumat yaymasınlar. Amma aparılan danışıqların məzmunu barədə istənilən həcmdə və istənilən mövzulara toxunmaq şərtilə məlumat yaymağı razılaşırlar. Əksər hallarda tərəflər daha çox önəm verdikləri məsələlərə toxunurlar. Təbii ki, onların maraq dairəsinə daxil olmayan məlumatları kənarda saxlayırlar”.

O, əsirlər məsələsinin Azərbaycanın bütün beynəlxalq tərəfdaşları ilə danışıqlarında gündəmə gəldiyini vurğulayıb:

“Nə qədər ki problem həll olunmayıb, bu mövzu gündəmdə qalacaq”.

R.Mirqədirov düşünmür ki, ABŞ məhz Minsk Qrupunun fəaliyyətini bərpa etmək məqsədi ilə gündəmə gətirir:

“Güman ki, söhbət Minsk Qrupu həmsədrləri insitutu çərçivəsində müzakirə olunması mümkünsüz məsələləri digər formatlarda həll edilməsinin mexanizmindən gedir. Digər tərəfdən, Minsk Qrupu 11 dövlətdən ibarət olsa da, həmsədrlər institutu sıradan çıxıb. Bəlkə də, hansısa başqa çərçivədə bu institutu reanimasiya etmək barədə düşünürlər. Ancaq yenidən üçlüyün bərpası mümkün deyil və ABŞ da bunu istəmir”.

Elman Nəsirov
Elman Nəsirov, Foto: Azərtac

Deputat Elman Nəsirov da Azərbaycan hakimiyyətinin erməni əsirliyində olan azərbaycanıların məsələsini daim qaldırdığını bildirib:

“Yalnız ABŞ-la deyil, Fransa və Rusiya rəhbərləri ilə görüşdə, yaxud telefon danışıqlarında Prezident İlham Əliyev əsir məsələsini qaldırıb. Amma Ermənistan itkin düşən 4 minə yaxın azərbaycanlı barədə heç bir məlumat vermir. Eyni zamanda, dövlət başçısı minalanmış ərazilərdə onlarla vətəndaşın minaya düşməsini də qaldırması, o deməkdir ki, Vaşinqton öz imkanlarından istifadə edib kömək etməlidir”.

ABŞ-ın Dövlət katibi Antoni Blinken bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Ermənistan mətbuatının yazdığına görə, tərəflər ölkələr arasındakı gündəliyi, eləcə də regionda təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər. Eyni zamanda, Ermənistan və Azərbaycan arasında sülh danışıqları, Dağlıq Qarabağ probleminin həlli, regional kommunikasiyaların açılması, əsirlərin qaytarılması, itkin düşənlərin taleyinin öyrənilməsi ilə bağlı məsələlər olub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətBlinken Əliyevi erməni məhbusları azad etməyə çağırıb