”Bizim istehlakımız da, ixracımız da idxaldan asılıdır”

Prezident: ”Bütün məhsulların ixracında artım var”

Source:


Prezident: ”Bütün məhsulların ixracında artım var”

İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda 2016-cı ilin aqrar sektorun inkişafında dönüş ili olduğunu söyləyib. Bildirib ki, kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat olub, əvvəlki illə müqayisədə 2,6 faiz artıb:

“Bu artım əksər məhsullarda müşahidə edilib. Barama üzrə 300, soya üzrə 2,8, pambıq üzrə 2,5 dəfə, yaşıl çay yarpağı üzrə 75, şəkər çuğunduru üzrə 73, düyü üzrə 72, buğda üzrə 9,8, kartof üzrə 7,5 faiz olub. İxracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları olub”.

İlham Əliyev deyib ki, kartof və soğan istisna olmaqla, bütün məhsulların ixracında artım var. İxracdan əldə edilən 426 milyon ABŞ dolları vəsaitdən 108 milyonu pomidor və xiyarın, 105 milyonu qoz-fındığın, 24 milyonu pambığın, 15 milyonu gön-dəri xammalının, 8 milyonu tütünün ixrac payına düşüb. Keçən il ilk dəfə olaraq, 2,6 milyon ABŞ dolları dəyərində arpa ixrac edilib:

“İl ərzində idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46, diri ev quşları üzrə 55, quş yumurtası üzrə 27, arpa üzrə 95, qarğıdalı üzrə 45, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb. Bununla belə, idxalın həcminin azaldılması üçün böyük imkanlar mövcuddur və hesabat ilində 682 milyon ABŞ dolları təşkil edən bu göstəricinin azaldılması on milyonlarla valyuta vəsaitinin ölkədə qalmasına səbəb ola bilər. Bu da ixracın artırılmasından da böyük əhəmiyyət kəsb edir”.



“Prezidentə verilən rəqəmlər şişirdilib”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, prezidentə verilən rəqəmlər şişirdilib, rəsmi statistik rəqəmlərlə üst-üstə düşmür:

“Bu, vedrəyə yarısına kimi su töküb, dolu olduğunu deməyə bənzəyir. Nazirlər Kabinetinin müəyyən etdiyi minimum əmək haqqına əsasən bir nəfərin ildə nə qədər ət, kartof, çörək yeməli, nə qədər süd içməli olduğu müəyyən edilib. Ancaq bu, rəqəmlər norma deyil. Normanı Ümumdünya Səhiyyə Təşkilatı müəyyən edib – adambaşına illik 84 kq. Azərbaycan əhalisi bu gün 33-35 kq arası istehlak edir. Onun 32 kilosunu özümüz istehsal edirik. 2016-cı ilin məlumatına görə, qalan 3 kilosu idxaldır”.



“Azərbaycanda yüksək kalorili məhsulların istehlakı normadan aşağıdır”

Vahid Məhərrəmov deyir ki, istehsal etdiyimiz məhsulun içində ölkəyə kəsim üçün gətirilmiş diri heyvanlar da var. Bunu bilmədikləri üçün açıqlamırlar. Ancaq Azərbaycan prezidentin dediyi kimi ət məhsullarına tələbatı təmin edə bilmir:

“Prezidentin açıqlamasına görə, ölkə qoyun əti ilə 99, mal əti ilə 95 faiz təmin edilir. Əksər inkişaf etmiş ölkələrdə adambaşına düşən illik ət istehlakı 100-120 kq arasındadır. Azərbaycanda isə 84 kq-lıq normaya belə çatmır, 33 kq istehlak edilir. Bu da bizim ət normamızın 39 faizidir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi gündəlik və illik qida normasından aşağı miqdarda istehlak edir. Yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan aşağıdır”.



“Prezidentin ətrafındakılar iş görüntüsü yaratmağa maraqlıdırlar”

Arpa və qarğıdalı ilə təminata gəlincə, Vahid Məhərrəmov deyir ki, Dövlət Statistika Komitəsi ilə prezidentin dedikləri burada da üst-üstə düşmür. Rəsmi məlumata görə, arpa ilə təminat 95,1 faizdir. Prezident isə 102 faiz olduğunu deyir. Qarğıdalı ilə təminat 54,1, prezident isə göstərir ki, 71 faizdir:

“Fərq böyükdür. Deməli, prezidentə dolaşıq rəqəmlər təqdim olunur. Bu, nəyə lazımdır? Prezidentin Dövlət Statistika Komitəsinin bu məlumatlarını əldə etməsinə vaxt lazımdır. Bunu onun ətrafında olanların əksəriyyəti də əldə edə bilmirlər. Axtarış etmək də bir bacarıq tələb edir. Prezidentin ətrafındakı insanlar iş görüntüsü yaratmağa maraqlıdırlar. Məsələn, kənd təsərrüfatı naziri onun sahəsi ilə bağlı rəqəmlərin aşağı olmasını istəmir. Ona görə də, prezidentə yüksək rəqəmlər təqdim edir. Prezident də rəqəmlərə baxıb düşünür ki, hər şey yaxşıdır”.



“Niyə rəqəmləri çaşıb az yox, çox göstərirlər?”

Ekspert kartof təminatı ilə bağlı məsələdə də mənzərənin eyni olduğunu söyləyir:

“Pezident deyir ki, kartofla təminat 86 faizdir. Ancaq realda ölkənin 1,5 milyon ton kartofa ehtiyacı var. Bunun 1 milyon 250 min tonu ərzaqlıq, 150 min tonu isə toxumluqdur. 70-80 min tonunu isə itkilərə hesablayırlar. Nə qədər istehsal olunur? Ötən il 92 min ton kartof istehsal olunub. Bu da tələbatın 60 faizidir. Ölkə başçısında olan məlumatla 26 faizlik fərq var. Niyə rəqəmləri çaşıb az yox, çox göstərirlər? Dediyim kimi, buna maraqlı insanlar var”.



“Vəziyyət heç də prezidentin dediyi kimi ürəkaçan deyil”

“Şəkərlə bağlı vəziyyət də oxşardır”, – deyir Vahid Məhərrəmov. Prezident deyir, şəkərlə 115 faizlik təminat var. Ekspert isə bildirir ki, bunun tərkibində 73 faiz xarici faktordur

“Şəkərə olan tələbatı daxili istehsal hesabına ödəyə biləcəyimiz halda, bunu indiki hökumət reallaşdıra bilmir. Şəkər istehsalında istifadə olunan xammalın 95-97 faizi xaricdən idxal olunur. Bu sahədə vəziyyət daha da pisləşib. 2015-ci ildə ölkədə 206 min ton şəkər istehlak olunub. Ancaq ölkəyə 365 min ton şəkər idxal olunub. Görün bizim istehlakımızdan nə qədər artıq məhsul idxal olunub. Bunun artıq hissəsi  – 108 min tonu ixrac edilib. Bu, o deməkdir ki, bizim istehlakımız da, ixracımız da idxaldan asılıdır. Vəziyyət heç də przidentin dediyi kimi 115 faizlik təminat deyil, 100 faizlik asılılıq səviyyəsindədir”.

Ana səhifəAnalitika”Bizim istehlakımız da, ixracımız da idxaldan asılıdır”