”Bizim dövr” qəzetinin baş redaktorunun məhkəməsi başladı

Surxay Əliyevlə müavini hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilir

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi


Surxay Əliyevlə müavini hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən”Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Vəkil Bəylər Məmişov müdafiə etdiyi Surxay Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Digər təqsirləndirilən Hikmət Nəcəflinin də vəkili eyni vəsatətlə çıxış edib.

Hər iki təqsirləndirilən şəxs vəkilləri ilə razı olduqlarını deyiblər.

Prokuror vəsatətlərin təmin edilməməsini istəyib. Bildirib ki, iş materialı çoxepizodludur və təqsirləndirilən şəxslərin həbs qərarının dəyişdirilməsi mümkün deyil.

Prokuror işin məhkəmə baxışına verilməsini təklif edib.

Müşavirədən sonra məhkəmə qərarı elan edilib. Məhkəmə qərarı ilə vəsatətlər təmin edilməyib. Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin edilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Sonradan Habil Vəliyevin cinayət işi onlardan ayrılıb və hazırda məhkəmə prosesi keçirilir.

Rəsmi məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Hazırda məhkəmə qarşısına çıxarılan Habil Vəliyevlə Surxay Əliyevin rəhbərlik etdiyi qəzetlər 2011-ci ildə Mətbuat Şurasının “qara siyahı”sına salınıb və “reket qəzetlər” elan olunub. 2014-cü ildə isə həmin siyahıdan çıxarılıb. Hər iki şəxs 2014-cü ilin avqustunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı keçirdiyi müşavirədə iştirak edib.

2016-cı ildə isə onlar yenidən “reket jurnalist” kimi DTX tərəfindən həbs ediliblər.

Bu iş üzrə təqsirləndirilən Sevinc Məmmədsalayeva, Gülbəniz Əliyeva, İlahə Qasımova və Maarif Abbasov da var. Onlardan S. Məmmədsalayeva həbs olunub. Digərlərinin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlər”Bizim dövr” qəzetinin baş redaktorunun məhkəməsi başladı