”Bizi qolumuzdan tutub çölə atdılar”

Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 3 ünvanında iki mərtəbəli yaşayış binası olub. Binada yaşayan 20 ailə “Pilot layihə” adı ilə köçürülüb, qalan 4 ailə isə “MVVL VERUS PRAEDİUM” MMC-nin təklifləri ilə razılaşmayıb. 18 noyabrda məhkəmə qərarı olmadan, sakinlərin razılığı alınmadan evləri sökülüb.

Şikayətçi Maya Xankişiyeva – “Noyabrın 18-i gecəsi gəlib tökülüşdülər ki, çıxmalısınız. Hara zəng elədik bizim telefonumuza cavab verən olmadı. Dedim, bala, xəstəyik. Heç olmasa bizə 2-3 gün vaxt verin. Dedi, olmaz, çıxmalısınız, qurtardı! Biz qaçqın, köçkün hərləmirik. Buna qədər dedilər. Səhər saat 5-ə qədər o evin pəncərəsin, qapısın, hamısın dağıtdılar, sındırdılar, tökdülər. Bizi qolumuzdan tutub çölə atdılar”.

4 ailənin 22 nəfər üzvü söküntünün dayandırılması ilə bağlı Səbail rayon məhkəməsinə müraciət ediblər. Məhkəmə onların iddialarını təmin etməyib. Sakinlər qərardan apelyasiya şikayəti veriblər.

2016-cı ildə Nazirlər Kabinetinin 86 nömrəli qərarı ilə Bakının 9 rayonunda qəzalı vəziyyətdə olan binalar söküləcək. Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 41 yaşayış binasının söküntüsü nəzərdə tutulub. Onların yerində yeniləri tikilməlidir. Qərarda yazılır ki, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməli və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır.

“MVVL VERUS PRAEDİUM” şirkətinin satış meneceri deyir ki, sakinlər onların təkliflərinin heç biri ilə razılaşmayıblar. Şirkət nümayəndəsi məhkəmə qərarı olmadan evlərin niyə söküldüyünü cavablandırmayıb.

Səbail rayon İcra Hakimiyyətindən suallarımıza yalnız rəsmi sorğu əsasında cavab verəcəklərini bildirdilər. Sorğu göndərsək də, cavablandırmadılar.

Sakinlər isə hüquqlarını bərpası etmək üçün işi Avropa Məhkəməsinə qədər aparmaq niyyətindədirlər.

Ana səhifəVideo”Bizi qolumuzdan tutub çölə atdılar”