Bizi niyə sevmirlər?

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Bu sualın cavabını asan tapmaq üçün gəlin əvvəl başqa suala cavab verək: biz özümüz kimləri sevmirik?

İndi 50-ni ötmüş böyük oğlum o vaxt tifil uşaq idi. Oğlumu dünya mədəniyyəti ilə tanış etmək üçün əlindən tutub “Vətən” kinoteatrına getdim, Çarli Çaplinin film toplusuna bilet aldım.

Filmi göstərirdilər, zaldakı bütün tamaşaçılarla bahəm mən də uğunub gülürdüm. Lapdan baxıb gördüm ki, tifil balam gülmür, qorxudan böyümüş gözləri ilə ekrana baxıb səssiz tamaşa edir. Mən də özümü yığışdırıb bu qəribə münasibətin səbəbi barədə düşünməyə başladım. Fəqət ağlıma heç nə gəlmədi.

Beləcə ata-bala filmə sona qədər gülmədən baxıb kino zalından çıxdıq. Küçə ilə səssiz addımlayırdıq. Birdən oğlum soruşdu:

-Papa, onu niyə heç kim sevmirdi?

Mən sarsıldım. Beş yaşlı uşaq Çarli Çaplinin filmini ilk dəfə görəndə böyük-böyük əmilərin və xalaların dərin təhlillərdən sonra bu filmlərin əsl mahiyyəti barədə gəldiyi qənaəti öz sadə və məsum qəlbi ilə dərhal anlamışdı.

Bu gülməli filmlər əslində dünyada tənha olan balaca və zavallı insanın böyük nakəslik faciəsi haqqındadır. Çarli Çaplinin balaca və gülməli qəhrəmanının həqiqi faciəsi onda idi ki, onu bu dünyada sevən, qayğısına qalan, ona hörmət edən heç kəs yox idi.

Daim sevgi və qayğı əhatəsində yaşayan tifil balam dünyada qayğı və hörmət görməyən kimsəsiz insanların olduğunu həyatında ilk dəfə görmüş, belə insanların acı taleyindən sarsılmış və hətta qorxmuşdu.

Həyat mürəkkəb və əsrarəngizdir, bəzi insanların sevgi və hörmət görmədən yaşaması qeyri-təbii hal kimi insanların əksəriyyətində sual və narahatlıq doğurur. Təbii hal odur ki, insan insana hörmət etsin və sevməsə də, azı düşmən olmasın.

Necə ki, bu günlərdə əhalimiz belə bir qeyri-təbii sayılası əhvalat ilə üz-üzə gəlib.

Fransa senatı Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bir nəfər Azərbaycanın dostu olan senator qətnamənin əleyhinə, 295 senator lehinə səs verib.

Məni narahat edən demokratik ölkələr üçün əsla səciyyəvi olmayan bu qəribə yekdillikdir. Fransa senatı SSRİ Ali Soveti deyil ki, qətnamə belə mütləq əksəriyyətlə qəbul edilsin. Ayə, nəyə görə 295 fransız senatoru Azərbaycana qarşı mənfi münasibətlərini belə yekdilliklə ifadə edirlər?

Məndə sual doğur: son 30 ildə Azərbaycan rəhbərlərinin, ziyalılarının, diplomatlarının, sahibkarlarının Fransa hakim zümrəsinin və fransız xalqının rəğbətini və hörmətini qazanmaq üçün sərf etdikləri hədsiz səylər, dadlı-dadlı xörəklər, havayı turist səfərləri, Luvrun təmirinə xərclənmiş milyonlar, Fransa şirkətlərinə verilmiş milli sərvətlərimizin istismar hüququ nə üçün heç bir səmərə verməmişdir?

Ailə üzvlərinə və Fransaya yarınmış ayrı-ayrı fərdlərə bəxş edilmiş medal və ordenlər bu qədər zəhmətə və xərcə dəyərdimi?

Bunun ardınca ABŞ senatında dinləmələr keçirildi və orada da Azərbaycan barədə xoş olmayan sözlər səsləndi. Təbii ki, bizim ermənişünaslar bu xoş olmayan sözləri senator Robert Menendesin erməni əsilli zövcəsinin xidməti sayacaqlar, fəqət düşünmürəm ki, cəmi-əhli-Azərbaycanı böylə bəsit və səfeh dəlillərlə ovundurmaq mümkün olsun. Hansısa başqa və daha inandırıcı izah olmalıdır.

Vaxt yetişib və biz özümüzü aldatmadan belə bir sual üzərində düşünməliyik: BİZİ NİYƏ SEVMİRLƏR? BİZƏ, BİZİM HÜQUQLARIMIZA NİYƏ HÖRMƏT ETMİRLƏR?

Bu sualın cavabını asan tapmaq üçün gəlin əvvəl başqa suala cavab verək: biz özümüz kimləri sevmirik?

Qaba, mədəniyyətsiz, özündən razı, heç kəslə hesablaşmadan özünü cəmiyyətdə ədəbsiz aparan, dünyada pulu, var-dövləti ali dəyər sayan, özündən zəifin haqqını basan, onu döyən və məhbəsə salan, cəmiyyət qanunlarına həqarətlə yanaşan, dünya mədəniyyətinə xor baxan, məhkəmə adıyla ədalətsiz zülm qurumu işlədən dövləti və xalqı sevirikmi? Biz belələrinə hörmət edirikmi?

Azərbaycan xalqı Misir müstəbidi Əbdü-l-Fəttah əs-Sisini və onun istibdad üsuli-idarəsini sevirmi? Azərbaycan əhalisi rus xalqını çapıb-talamış və əksəriyyətini kütbeyn sürüyə çevirmiş Vladimir Putinin azğın Rusiyasına hörmət bəsləyirmi? Azərbaycanlılar öz vətənini yadelli oyunbazların ucuz alətinə çevirmiş satqın erməni siyasətçilərinin at çapdığı bədbəxt Ermənistanı sevirmi?

Əgər bu sualların dürüst cavabını tapmışsınızsa, onda yuxarıda qoyulmuş sualın cavabı da asan tapılacaq. Çünki hər bir insan və hər bir xalq özünə kənardan, başqalarının gözü ilə baxmağı bacarmalıdır.

Xalqımızın abırlı adamlarında belə bir daimi sual var: “camaat, xalq nə deyər?” Onu da unutmayaq ki, xalqımızda xeyli sayda abırsız adam var və onların həyat şüarı “tüpürüm camaatın dediyinə, təki mənim işim getsin”dir.

Azərbaycan müstəqilləşəndən sonra dünya dövlətləri bizi – dövlətimizi və xalqımızı- diqqətlə öyrənməyə başladı. Jurnalistlər, diplomatlar, kəşfiyyatçılar, alimlər, ədiblər, musiqisevərlər, turistlər, macəra və sərgüzəşt axtaranlar, hamısı bu terra-inkoqnitoya gəldi və bizi öyrəndi.

Bir amerikalı bəy musiqimizə vuruldu və bizimtək muğam çalıb-oxumağı öyrəndi. Digər bir amerikalı xanım saz çalıb aşıqtək oxuyur. Başqa birisi ucadan hayqırıb iştahla “dünyada tək kabab Azərbaycandadır” deyir.
Amerikanın və bir neçə digər dünya dövlətinin neft şirkəti “dünyada ən qanacaqlı neft sahibi Azərbaycan hakimiyyətidir” deyir.

Amma dünya tək bu Azərbaycana valeh olmuş azlıqdan ibarət deyil. Dünyada bəşəriyyəti qayğılandıran, düşündürən vacib mətləbləri əsas götürən insanlar da var və onlar əksəriyyətdir. Bu insanlar çalışır ki, dünya və ilk növbədə onların əziz həyatı təhlükəsiz olsun, bunun üçünsə bütün dünyada qanunun aliliyini, demokratik adət və ənənələrin üstünlüyünü təmin etmək vacibdir. Bu demokratik mənzərəni pozan hər bir dövlət onları narazı salır və onlar belə dövlətlərə hörmət etmir, hamını onlara qarşı mübarizəyə səsləyirlər.
Bax, Azərbaycan Respublikası belə narazılıq doğuran istibdad dövlətidir. Azərbaycan sayı mütəmadi artan demokratik dövlətlər sırasından inadla çıxır və bütün dünya üçün, ilk növbədə Avropa üçün, təhlükə törədir.
Mən yazdım ya yazmadım, başqa alim və jurnalistlər yazdı ya yazmadı, elə bizsiz də, elə bəlkə bizdən də yaxşı ,Qərb alim və diplomatları bilir ki, Azərbaycanda dövlət yoxdur, çünki dövlətin qanunları deyil, tək İlham Əliyevin iradəsi işləyir. Bilirlər ki, Azərbaycanın sərvətini tək İlham Əliyev bölür, necə və kimə nə qədər bölür, Qərb hamıdan yaxşı bilir. Gözəl bilir ki, dövlətin müəyyən qurumları zər və zor gücünə vətəndaş cəmiyyətinin partiya, həmkarlar və QHT deyilən qurumlarını məhv ediblər ki, əhali pərən-pərən qalsın.

Görürlər ki, məhz İlham Əliyevin göstərişi ilə polis vətəndaşları döyür, onlara ölənə qədər işgəncə verir. Əmindirlər ki, məhkəmələrin vicdansız məxluqatı İlham Əliyevin göstərişi ilə seçib-toplayıb məhz hakim zümrənin ağalığını qorumaq məqsədilə vətəndaşları əzib suyunu çıxarırlar. Heç şübhə etmirlər ki, indi dövlətdə dələduzların xeyrinə işləyən qayda-qanunu məhz İlham Əliyev cənabları yaradıb və qoruyur.

Və əmindirlər ki, əgər Azərbaycanda şüurlu və şərəfli vətəndaşlar əksəriyyətdə olsaydı, İlham Əliyev nəinki Azərbaycanı belə idarə edə bilməzdi, hətta İlham Əliyev adlı Azərbaycan prezidenti belə olmazdı. Lakin İlham Əliyev varsa və Azərbaycanda vəziyyət alim, jurnalist və kəşfiyyatçıların təsvir etdiyi kimidirsə, bu dövlət və xalq, muğama və kababa rəğmən, hörmətə layiqdirmi?

İkinci cahan müharibəsinin müzəffər generalı, ABŞ prezidenti olmuş Duayt Ayzenhauerə Nikaraqua diktatoru Anastasio Somosanın hoqqaları barədə məlumat verəndə demişdi: “Somosa, əlbəttə ki, köpək oğludur, lakin o, bizim köpək oğludur”. Qərb Ermənistan Respublikasının beynəlxalq hüququ pozduğunu çox gözəl bilir, lakin bədbəxt erməni xalqı daim Qərbin Yaxın Şərqi bulayan uzunqulplu çömçəsi olub deyə, onların qanunsuz hərəkərlərinə göz yumurlar.

Eyni hərəkətlər bizə, Azərbaycana bağışlanmır və bağışlanmaz.

Ermənistan qoşunları Azərbaycanın minlərlə kvadrat kilometr ərazisini 25 il işğal altında saxladı, Fransa senatı özünü karlığa, korluğa və lallığa vurdu. Amma elə ki, Azərbaycan ordusu Ermənistanın bir neçə on kvadrat kilometr ərazisini tutdu, cin vurdu fransız senatorlarının beyninə və hər şey, Azərbaycanla bağlı hər şey yadlarına düşdü.

Yadlarına düşdü ki, Azərbaycan rəhbərləri Fransada bahalı mülklər alıblar. Onları müsadirə etmək lazımdır!

Fransanın humanitar missiyasını Xankəndiyə göndərib oradakı erməniləri qorumaq lazımdır! Ermənistana silah vermək lazımdır!

Başınıza dönüm, necə göndərəcəksiniz? Göydən paraşütlə?

Qəzəb yaxşı məsləhətçi deyil. Qəzəb fransız senatorların gözünü tutub deyə səfehləyirlər.

Bizim gül-be-şəkər Milli Məclis siyasi lotuluq sahəsində Fransa senatını yarışa çağırdı. Çox güman ki, bu günlərdə millət deputatları Fəzail Ağamalı və Tahir Kərimli Yelisey bulvarında fransızlara Rembo və Terminator dərsləri keçəcək.

Oxucum, dediyim və yazdığım sözlərin əksəriyyəti bekara sözlərdir. Nəbadə xoş halınızı pozasınız. Fikir verməyə bilərsiniz.

Tək milli ləyaqət və dövlətin qanunlarına hörmətin vacibliyi barədə sözlərdən savayı…

Ana səhifəMənim FikrimcəBizi niyə sevmirlər?