Bizi idarə edən institutlar

Çox vaxt özümün də tez-tez istifadə etdiyim “institut” sözünə aydınlıq gətirmək istərdim.

Source:
Nahid Cəfərov
Nahid Cəfərov
Nahid Cəfərov – banner
Nahid Cəfərov – banner

Çox vaxt özümün də tez-tez istifadə etdiyim “institut” sözünə aydınlıq gətirmək istərdim. Öncə qeyd edim ki, institut ali məktəb deyil.

Duqlas Norsa (Douglas North) görə institutlar insanlar tərəfindən yaradılmış və insanların davranışına təsir edən və onları istiqamətləndirən çərçivələr və ya qadağalardır. İnstitutlar əsasən iki yerə ayrılır: formal və qeyri-formal institutlar. Formal institutlar əsasən qanunlar, konstitusiya və hüquqlardır. Bir insanın demokratik cəmiyyətdə necə davranmalı olduğunu əsasən formal institutlar müəyyən edir.

Qeyri-formal institutlar isə adət ənənə, mədəniyyət, tabular, din və digər davranış kodlarıdır. Məsələn, bizdə ictimai nəqliyyatda qadına yer vermək bir institutdur və kökü bizim mədəniyyətimizə (mentalitetimizə) gedib çıxır. Toylarımız, evlilik və yas mərasimləri və digər bu kimi institutlar bizim bütün davranışımızı müəyyən edir. Biz xarici ölkəyə gedəndə ilkin olaraq həmin ölkənin insanlarını anlamaq üçün onların malik olduqları institutları öyrənməyə çalışırıq. Bu, hər kəsdə baş verir.

Qeyri-formal institutları cəmiyyətdə yaratdıqları təsirinə görə həm müsbət və həm də mənfi kateqoriyalara ayırmaq olar. Qonaqpərvərliyimiz və yardımsevərliyimiz cəmiyyətdə institutlaşan müsbət davranışlar olsa da, kifayət qədər mənfi təsirə malik olan institutlar da mövcuddur. Bu yazıda məhz həmin mənfi institutlardan və onların cəmiyyətdəki təsirindən danışılacaq.

Müzakirəyə keçməmişdən qabaq qeyd olunmalıdır ki, formal institutların dağıdıldığı ölkələrdə qeyri-formal institutlar güclü olur. Məsələn, Azərbaycanda ailə qurmaq üçün iki mexanizmdən istifadə olunur: rəsmi nikah (formal) və dini nikah (qeyri-formal). Heç kimə sirr deyil ki, rəsmi nikah dini nikah qədər vacib qəbul olunmur və bir çox ailədə nikahlar dini nikah üzərində qurulur. Qeyri-formal institutlar cəmiyyətdə elə bir davranış mexanizmi yaradır ki, bu çərçivədən kənara çıxmaq istəyən insan dərhal ciddi ictimai təzyiqlərə məruz qalır. Ona görə də Azərbaycanda bu çərçivələrdən kənarda yaşamaq çox çətindir və bəzən bu institutlar insanların özlərini belə girov götürə bilirlər. Bu gün toy şənliklərimizə xərclədiyimiz pulu ödəməyə imkanımız olmasa da, məhz bunun beyinlərdə institutlaşdığı üçün və cəmiyyətin təzyiqləri ilə üzləşməməyimiz üçün borca belə girməkdən çəkinmirik. Amma kimsə bu institutun dəyişdirilməsi üçün cəhd etmir.

Daha bir paradoksu əsasən də rayon yerlərində qızlarımızın təhsildən kənarda qalması və erkən nikaha vadar edilməsi ilə görə bilərik. Bu davranış elə bir səviyyədə institutlaşıb ki, valideynlər 18 yaşında bir qız uşağının ailə həyatı qurmaq kimi son dərəcə məsuliyyətli bir işin altına girə biləcəyinə və bunun yükünü daşıya biləcəyinə inanırlar. Həmin valideynlər nədənsə öz övladlarının daha təhsilli bir vətəndaş ola biləcəyinə, gözəl bir karyeraya sahib olub müstəqil və kimsədən asılı olmayan xoşbəxt bir həyat qura biləcəklərinə inanmırlar. İşin ən faciəli tərəfi də bundan ibarətdir ki, qızlarımızın təhsil almasını özlərinə sığışdırmayan kişilər daha sonra bu qadınların bazarda alver etmələrinə göz yummalı və bunu həzm etmək məcburiyyətində olurlar.

Bəs bu institutların kökü hardan yaranır? İlk öncə qeyd etmək lazımdır ki, qeyri-formal institutların kökü qədim tarixə getdiyi üçün və dəyişikliyə meyilli olmadığı üçün cəmiyyətdə baş verə bilən inkişafın qarşısını alır və cəmiyyəti geri aparır. Bu gün Azərbaycanda malik olduğumuz qeyri-formal institutların kökü gedib İslam dininə, daha doğrusu, İslam dininə olan yanaşmamıza çıxır. Bu institutların mütləq əksəriyyətinin İslamın özü ilə heç bir əlaqəsi olmasa da və bir çox halda İslamın öz prinsipləri ilə daban- dabana zidd olsa da, təhsilin dağıdıldığı bir ölkədə bu institutlar zaman-zaman savadsız mollalar tərəfindən formalaşdırılır və böyük həvəslə təbliğ edilir.

Azərbaycanda beyinlərdə institutlaşmış və bir çoxu tərəfindən paylaşılan “hər gününə şükr et, hər halına şükr et, buna da şükür” ifadələri əslində İslamın əsas prinsipi olan “haqsızlığa qarşı mübarizə apar” prinsipi ilə daban-dabana ziddir. Quranda “şükür” ifadəsinin işlədildiyi bütün ayələrdə Allahın lütfündən və yaratdığı nemətlərdən söhbət gedir. Yəni, Allah sənə verdiyi nemətlər üçün şükür etməyini tələb edir. Sənin üzləşdiyin çətinliklərin heç biri isə Allahın lütfü və neməti deyil. Bir də bütün çətinliklərə qarşı mübarizədə şükür etməyi əsl mübarizə üsulu kimi seçən insan niyə özünə sual vermir ki, bəs Allahın ədaləri hardadır. Niyə mənə olunan zülmə və övladlarımın ac qalmasına görə Allaha təşəkkür etməliyəm ki? Sən zülmə görə təşəkkür etməklə yalnız zülm görəcəksən.

Bunun ən gözəl nümunəsi Cəlil Məmmədquluzadənin əsərləri əsasında çəkilmiş “Qəm pəncərəsi” filmində göstərilimişdir. Baxmamısızsa, o filmə hökmən baxın. Məhz “hər gününə şükr et, hər halına şükr et, buna da şükür” kimi institutlaşmış ifadələr bizi bir cəmiyyət olaraq mübariz olmaqdan və inkişaf etməkdən saxlayır. Tarix boyu fərqli imperiyalar tərəfindən işğal olunduq və buna şükür etdik. Bu institutun əhmiyyətini anlayan Əliyev rejimi də məhz bəyənatlarında Suriyanı misal gətirərək “Ac olsaz da, bu gününüzə də şükür edin” mesajını verməkdədir. Quranda haqsızlığa qarşı mübarizə aparmağa dair kifayət qədər prinsiplər var. Təəssüflər olsun ki, bunların heç biri tarixən cəmiyyətdə institutlaşa bilməyib və bizim bir millət olaraq mübarizə hissimizə mənfi təsir göstərib.

İslamda şükür etməyin ən gözəl nümunəsi namaz qılmaq institutudur. Bu institut əksər mollalar tərəfindən insanlarla Allah arasında bazarlıq kimi təbliğ olunur. Yəni, sən namaz qılmasan cənnətə getməzsən. Əgər bunu fərqli şəkildə qoysaq, cənnətə getmək üçün hökmən namaz qılmalısan. Namaz isə Quranda Allaha şükür etmək kimi göstərilir. Şükür etmək isə ərəb dilindən tərcümədə təşəkkür etmək kimi məna verir. Əgər bir namaz qılana “Niyə namaz qılırsan?” sualını versən, sözsüz ki, cavabı Allaha şükür (təşəkkür) edirəm olacaq. Bəs Allaha niyə təşəkkür edirsən? İnanıram ki, böyük ehtimalla həmin şəxs “Allaha niyə şükür etməyim ki? O mənimçün yeri və göyü yaradıb və mənim bu dünyada yaşamağım üçün hər şeyi o xəlq edib” cavabını verəcək.

Onda cavab verilməli olan sual bundan ibarətdir: Əgər Allahın sənin üçün yaratdığı bu nemətləri dərk etməyə, onların mənasını, fəaliyyət mexanizmini, insan həyatına təsirini və bizim yaşamağımız üçün onların əhəmiyyətini anlamağa savadın yoxdursa, sənin təşəkkürün niyə səmimi olsun ki? İnsan əhəmiyyətini dərk etmədiyi bir yaxşılığa görə niyə səmimi qəlbdən təşəkkür etsin ki? Quranda bu məsələyə belə cavab verilir (Fatir, 28):

Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar.

Cəmiyyət bütün mənfi institutlardan yalnız güclü təhsilin hesabına xilas ola bilir. Bir zamanlar avropada dini inanclara görə insanların yandırılması məhz elmi maarifləndirmənin nəticəsində aradan qaldırıldı. Güclü təhsil yalnız xoşbəxt gələcək qurmaq üçün deyil, həm də həyatı dərk etmək, heyvandan fərqlənmək və ən nəhayəti ölkəmizi qura bilmək üçün güclü bir vasitədir. İlkin olaraq hökumətin bu hüququ əlimizdən almasına “şükür etməklə” şərait yaratmayaq. Razı olmayaq ki, bizi bir xalq olaraq savadsız bir kütləyə çevirsinlər. Bunun ziyanını yalnız və yalnız özümüz və övladlarımız çəkəcək.

Ana səhifəAnalitikaBizi idarə edən institutlar