Biz niyə kasıbıq…

Təxminən üç il əvvəl idi. Bir tanış gənc işsizlikdən, pulsuzluqdan gileylənirdi

Source:
Günel Mövlud
Günel Mövlud
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Təxminən üç il əvvəl idi. Bir tanış gənc işsizlikdən, pulsuzluqdan gileylənirdi. Deyirdi ki, ata-anasından utana-utana gündə 2 manat almaqdan bezib. O vaxtar işlədiyim yerdə tərcümələr üçün bir az büdcə vardı. Həmin oğlan ingilis dilini yaxşı bilirdi. İngilis dilində bir hekayə göndərdim ona. Dedim ki, bunu dilimizə tərcümə elə, qonorarını da tez al. Özü də Azərbaycanda qəbul olunmuş tərcümə haqqının ikiqatını təklif elədim. Biz az diribaş adam o hekayəni 3 günə rahatca tərcümə edə bilərdi. Özü də çay, kofe içib, arada siqaret çəkib, feysbuka göz atıb, dostlarla danışa-danışa.

Bir həftədən sonra oğlan mənə yazdı ki, inciməyin, çox ağırdır ee, hövsələm yoxdur bunu tərcümə eləməyə. Gündə anasından iki manatı utana-utana istəyən adam, 50 manatlıq qonorardan imtina elədi. Halbuki, cəmi 3 gün yüngülvari zəhmət çəkəcəkdi. Tərcümə təcrübəsi olacaqdı. Məsələn, kimsə məndən tərcüməçi soruşanda, onu nişan verə bilərdim. Amma yox, o dedi ki, hövsələsi yoxdur. Yoxdur, yoxdur da.

Başqa bir cavan, çox yaxın qohum qadın var. Evdə oturub. 6-7 yaşlı qızı ilə. Ərinin qazancı ailəyə çatmır. Məndən məsləhət istəyəndə, soruşdum, özün niyə işləmirsən. Dedi ki, yoldaşım qoymur. Halbuki, bilirdim, bəhanədir. Özü işləmək istəmir. Qohumdur, kömək umur, yaxşı deyil, dedim öz-özümə. Bakıdakı tanışıma pul göndərdim, tapşırdım, bir yekə sumka mil, milçə, rəngli, nazik və qalın, yun və sintetik, müxtəlif iplər alıb aparsın ona. Özüm də yazdım ki, otur, o iplərdən papaq, corab, şərf, çəkələklər toxu, tanış dizayner xanımın tədbirləri olur, qoyarsan ora, satılar. Mən tapşıraram. Özüm də toxumaq bacardığımdan, hesabladım ki, ay uzunu hər gün toxusa, o əşyaların pulu ilə ailə iki həftə rahat dolana bilər.

Bir müddətdən sonra soruşdum ki, necə oldu, nə edə bildi. Dedi ki, hamilədir, toxuya bilməz, deyirlər ki, hamilə qadın nəsə toxuyanda uşaq içəridə qıvrılır. Bir sözlə, adam işləmək istəmirdi. Vəssalam. Ərə gəlmişdi ki, əri onu saxlasın.

Bu yaxınlarda, hələ Gürcüstanda olanda körpə qız saxlayan, ərindən boşanan bir azərbaycanlı xanım müraciət elədi. Dedi ki, işləmək, uşağını saxlamaq istəyir. İki məsləhət verdim, iki adamla tanış elədim. İndi o gənc xanım əməlli-başlı işləyir. Nə qədər adam tanıyır. Çevrəsi nə boydadır. İşləyir, özünü də, qızını da saxlayır, hələ ata-anasına da kömək edir.

Son vaxtlar insanlardan eşitdiyim söhbətlərin az qala doxsan faizi kasıblıq, işsizlik, ödəyə bilmədikləri kreditlər, qaytara bilmədikləri borclar barədədir. Doğrudur, ölkədə vəziyyət çətindir. İxtisarlar baş alıb gedir. Maaşlar azaldılır. Qiymətlər qalxır. Hamısını nəzərə alıram.

Amma adamın özündə də bir az zirəklik, diribaşlıq olmalıdır axı. İngilis dili öyrənən gənc tərcümə eləmək istəmir. O boyda dil öyrənmisən. Bəs niyə öyrənmisən o dili? Yemək bişirə bilən qadın nəsə bişirib, satmağı, özünə ayıb bilir. Başqa ölkələrə gedir, başına olmazın macəralar gəlir, bloq yazıb pul qazanmağa ərinir. Mən bu dili bilməyə-bilməyə yemək, səyahət, bloqları sifariş verən onlarla sayt tanıyıram. Amma ingilis dili bilən adam ərinir iş görməyə. Müxtəlif kompüter proqramlarını, bir-iki dünyavi dili öyrənən adamlara günümüzdə internet imkan verir ki, evindən çıxmadan dünyanın harasında istəyir, işləsin. Ən azından, açın interneti, yüz min şey düzəltməyi öyrədən videodərslər var. Düzəldin, satın, dolanın.

Kirayə qaldığımız evdə altı dənə cındırı çıxmış kətil vardı. Quşum qonmuşdu onlara. Nə qədər cındırları çıxsa da, canları möhkəm idi. Görən deyirdi “atın getsin”. Bir-iki kətil təmiri videosuna baxdım. Evdən iki metr qalın parça tapdım, dükandan rəng, lak, mismarlayan tapança aldım. Hamısı 20 dollara başa gəldi. Bir günün içində kətillərin oturacaqlarının parçasını dəyişdim, rənglədim, lakladım, oldu vintaj kətillər. Adamın ağzının suyu axır. Halbuki, almaq istəsəydim, gərək 200 avro xərcləyəydim. İndi mən hələ şairəm, görün fiziki peşə adamı olsaydım, nələr düzəldəcəkdim.

Prestij və tənbəllik insanlarımızın, xüsusilə gənclərimizin baş bəlasıdır. Sadə işləri, zəhməti özlərinə yaraşdırmırlar. Risk etmək, plan qurmaq, cəhd eləmək istəmirlər. Adam tanıyıram, atasının evləri, biznesi var, amma gedib ofisiant işləyir. Həyatını özü qurmağa çalışır. Qız tanıyıram, atası varlı həkimdir, amma ucqar vilayətə müəllimə kimi gedib. Çünki həyat budur. Ad, prestij axtara-axtara sərsəm-sərsəm işlərlə məşğuldur gənclərin çoxu.

Əgər zaman elə gətiribsə ki, sizin başınızın gördüyü işə pul verən yoxdur, ya da bəxtinizə elə ölkə düşüb ki, başın gördüyü iş heç kimə lazım deyil, deməli, əlləri işə salmaq lazımdır. Çünki bütün zamanlarda və bütün ölkələrdə əllərin gördüyü işin müştərisi olub və olacaq.

Ana səhifəMənim FikrimcəBiz niyə kasıbıq…