Biz necə “namuslu” olduq?

Qızı kəndin yarısı sevirdi, amma bıçaqlaşma olmurdu

Source:

Bir hakim vardı, hamımızın bildiyi, qanunsuz-qanuni hökmlər çıxaran hakimlərdən. Günlərin birində hicablı xanımı 3-cü sinifdə oxuyan qızlarını məktəbdən çıxartdıqlarını xəbər verəndə və bu qərarı hakim olan atanın qəbul etdiyini vurğulayanda anladım ki, bunlarla işimiz asan olmayacaq.

7 il əvvəl baş verən bu hadisə daha sonra kiçik oğlumun sinfində təkrarlandı. Bu dəfə “oxumuş” olduğunu israrla təkrarlayan ana müəllimdən tələb edirdi ki, 1-ci sinifdə oxuyan qızını oğlanla bir partada əylədirməsin. Özünəməxsus arqumenti də var idi: “Qız qızdır, oğlan oğlan, indidən…”

“Bu qız və oğlan fərqini” bir ara Almaniyadan gələn tanışımın sözlərində hiss etişdim. Qonağımı əsl azərbaycanlı kimi milli gəzintigahımız olan Dənizkənarı Parka apardım. Bulvarda əl-ələ tutan, qol-qola girib gəzən tələbə qızları görəndə təəccübdən qonağımın gözləri bərəlmişdi. Sonradan çox maraqla islam ölkəsində, Şərqdə lezbiyanlığın bu qədər geniş yayıldığına inana bilmədiyini, üstəlik gənc qızların hislərini bu qədər açıq ifadə etməsindən təəccübləndiyini bildirəndə məsələnin nə yerdə olduğunu anladım.

Sən demə, alman tanışım əl-ələ tutub, qola-qola girən qızları lezbiyan zənn etmişdi. Adam öz avropalı təfəkkürü ilə anlaya bilmirdi ki, tələbə qız niyə gənc oğlanın yox, özü yaşda qızın əlindən tutmalıdır? Bunu ona izah etməyə çalışdım, bunun sadəcə rəfiqələr arasındakı  münasibətin təzahürü olduğuna inandırmağa cəhd etdim. İnandımı? Yox.

Zaman keçdikcə bu düşüncəni formalaşdıran cəmiyyətdə namus anlayışı beyindən üzü aşağı endikcə “namus cinayətləri” də artmağa başladı. Həyat yoldaşlarını Baykal- Amur Magistralında işləyənlər arasından seçənlərin övladları müxtəlif səbəblərdən analarını, arvadlarını, sevgililərini, bacılarını öldürməyə başladılar. Kimi yuxusunda qadını başqa biri ilə “yaxaladığına” görə öldürdü, kimi 28 il əvvəlki sevginin qisasını aldı, kimi də “bir an əsəbləşdim” deyib bir canı bir anlıq əsəbə rahatlıqla qurban verdi. Hamısı da öz anlamlarında namusunu təmizləmiş oldu.

Küçədə tanıdıqları tanımadıqları qadınların arxasınca yana-yaxıla baxanlar,   xəyallarının məhsulu olan sevgi dastanlarını dili dolaşa-dolaşa uyduranlar namuslarını təmizə çıxartdılar. Kənardan onlara baxan başqa “namuslular qrupu”  da başını yelləyərək danışılanlardan öz sevgi dastanlarına əlavə etmək üçün nəsə oğurladılar.

Biz niyə belə olduq axı? Mənə adət-ənənə, milli mentalitet nağılları danışmayın, onları ancaq işimizə yarayanda xatırladığımızı anlayacaq yaşda və başdayam.

Kənddə böyümüşəm, bizim balaca kənddə  də siqaret çəkən qadınlar vardı və heç kəsdən gizlənmirdilər, hətta kişilərdən siqaret istəyirdilər. Ancaq mən bir dəfə də olsun, onlar haqqında kiminsə pis danışdığını eşitmədim.  Ərindən boşanan, yaxud dul qadınlar təkrar ərə gedirdilər, heç kəs, hətta kolxoz sədri də onları məişət pozğunu adlandırmırdı. Ailələrdə ögey uşaqlar vardı, amma onları ata-analar da, cəmiyyət də bir-birindən ayırmırdı. O zamanlar da kiminsə nişanlısı kiməsə qoşulub qaçırdı, ancaq buna görə kimsə kimisə öldürmürdü. O zamanlar da bir qızı kəndin az qala yarısı sevirdi, elçi gedirdi, amma qonşular buna görə bir-birinə bıçaq çəkmirdi.

Əxlaqmı dəyişdi, namus anlayışımı? Əslində dəyişən nə birinci, nə də ikincidir. Dəyişən proseslərə cəmiyyətin baxışıdır, insanları cinayətə vadar edən də məhz bu amildir. Cəmiyyət insanları cinayətə sürükləyir, “öldürməsən yaxşı kişi, yaxşı qardaş, yaxşı ata olmazsan” deyir.

Nə qədər ki, biz mətbuatda cinayət xəbərlərini “namus cinayəti” kimi tədim edəcəyik, öldürənlər artacaq. Nə qədər ki, məhkəmələrdə namus cinayəti törədənlərə gizli rəğbət olacaq, ölənlərin sayı azalmayacaq. Nə qədər ki, həbsxanalarda qatilə qatil kimi yox, “namusunu təmziləmiş kişi” kimi yanaşacaqlar, qanlı bıçaq şəkillsəri (bu şəkillərlə yazılar çox oxunur, əgər başlığa bir də “ona xəyanət edən arvadını…” sözlərini yazarıqsa, azı 10 min oxu qarantidir) manşetlərdən düşməyəcək.

Qətiyyən xəyanətə, sədaqətsizliyə, aldanışa haqq qazandarmaq kimi bir niyyətim yoxdu və bu sadalananların bəraəti ola bilməz. Amma sevgisiz yaşayan, xəstə təxəyyüllü, özünə güvənsiz, qarşılaşdığı haqsızlıqlara etiraz etmək cəsarətində və həvəsində olmayan, “başımı aşağı salıb bir tikə çörəyimi qazanıram” prinsipi ilə yaşayan, rüşvət almağa və verməyə könüllü, 300 manatlıq əmək haqqı ilə 500 manat kredit ödməyin yolunu tapanları “namuslulura” çevirməyi yaxşı bacarmışıq.

Ana səhifəMənim FikrimcəBiz necə “namuslu” olduq?