Biz nə vaxt adamsatanları sevməyə başladıq?

Qadının boynuna düşən yük

Source:

Mən bircə dəfə də görmədim ki, atam evə əyri yolla pul qazanıb gətirsin. Bunu edə bilməzdi. Atası yəni babam kolxoz sədri olsa da, onun verdiyi puldan imtina etmişdi. Babamın tapşırdığı universitetə getməyib, başqa yerə özü imtahan verib. Sovet vaxtı öz biliyi ilə universitetə girmişdi atam.

Hamısının səbəbi nənəm olmuşdu. Başqasının haqqını yeməmək məsələsində nənəm o qədər həssas idi ki, toyuq hinində artıq yumurta tapsaydı, bütün qonşulardan soraqlayardı – bu qədər xırdaçı idi.

Bəlkə də bu, Sovet rejiminin qoyduğu ənənə idi. Kommunizmin dəyərlərini kapitalizm əvəz etdikdən sonra dəyərlər dəyişməliydi…

Məsələ burasındadır ki, Sovet dövründən sonra, keçid dövrü dediyimiz arada, insanlar çörək tapmırdı, müharibə vəziyyəti idi. Yadımdadır, Şuşanın alındığı gün idi, məktəbdən evə geldim. Nənəm pilləkəndə oturub ağlayırdı. Bizə süfrə saldı, amma süfrəyə çörək qoymadı. Sadəcə iki-üç quru tikə idi. Ağlaya-ağlaya Şuşanın alındığını dedi, bir də evdə çörəyin olmamasını. Belə bir ağır vəziyyətdə yaşayırdıq, amma o vaxtı belə evimizə əyri yolla pul girmədi.

Atam üçün nə qədər ağır olsa da, nənəm ona, ”millətin ağır günündə alverçiliklə varlana bilməzsən” dedi. Qadın evin yol göstərənidir, o, övladı formalaşdırır və yönləndirir. Başlanğıcı necə qoysa, evdə nə göstərsə, övlad onu götürür.

Bu yazını ona görə qadınlarla başladım ki, bu fəlakətin qarşısını ancaq qadınlar ala bilər. Yetər ki, etiraz etsinlər, dirəniş göstərsinlər. Bu potensial onlarda var. Dirənib, dəyişdirmək. Onlar istəsə, dünya yerindən oynar.

Bu günlərdə mediada bir xəbər oxudum. Polisə işləyənlərə leqal maaş verəcəkmişlər. Yəni, rahat-rahat sən satqınlığını elə, gerisini boş ver, biz qeydinə qalacağıq. Bu, insanları provokasiya etməkdir. Ölkədə krizis olduğu, vəziyyətin ağır olduğu vaxtda, fürsətdən istifadəçilikdir. Azərbaycan kişisi başqasından satqınlıq etməyi, söz aparıb-gətirməyi özünə heç vaxt yaraşdırmaz. Amma bunu leqallaşdırmaq, işə, ixtisasa çevirmək…Vəziyyət dəyişir…

Təsəvvür edin, qonşunun, qohumun, kimin kim olduğu bilinmir. Ölkədəki vəziyyətdən cana yığılıb, ürəyini boşaltmağa adam axtarırsan. Elə ağzını açıb, danışmağa başlayırsan ki, evə polis gəlir, səni şöbəyə aparır.

Cəmiyyəti bu qədər murdar hala getirməyin arxasında hansı səbəb gizlənir? Bunu bilmirəm, bəlkə bu suala təxminlər cavab verə bilər. Amma bu, ölkənin vətəndaşının qeydinə qalmaq yox, onu hərtərəfli alçatmaqdır.

Ən ağır məsələ isə qadınların çiyninə düşür: Vətəndaş yetişdirmək. Əsl vətəndaş isə nə “büsthalter”ində bülleten daşıyan, nə də polisə ‘xəbərçilik’ edəndir.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəBiz nə vaxt adamsatanları sevməyə başladıq?