Biz buna layiqik?

Mən dilemma qarşısındayam…

Source:



Yoxsulluq eyib deyil, həqiqətdir. Eyib olan səfalətdir.





(F.M. Dostoyevski)

-Bala, biz bu yaşayışa layiq deyilik! – cümləsi bazar hay-küyündə, min sözün içərisindən qopub, tər qoxan insan seli arasından sivrilib, qulağımı sancdı.

İkicə gün əvvəl, atası rəhmətə getmiş dostuma başsağlığı vermək üçün “vosmoy” bazarının həndəvərində, qapısına “telefon və kompyuterlərin təmiri” yazılmış dükanı axtarırdım. Lap çoxdandı buralara gəlmədiyimdən, ətrafı seyr edib, gördüklərimi beynimin yaddaşına köçürürdüm.

Bakı artıq böyük bir əyalətdir, Bakı artıq şəhər tipli kənddir.

Hirsli, yorğun, üst-başı kirli bazar əhli vedrədə balıq, bolonda pendir, plastmas qablarda xiyar, kələm turşusu satırdı. Eləcə yol üstündə alver edirdilər. Bir gün əvvəlin yağışı samballı gölməçələr, babat palçıq qoyub getmişdi. Ətrafı bürüyən antisanitariya, natəmizlik ürək bulandırırdı.

El dilində “ köhnə voenkamat” binasına tərəf getdikcə, gördüklərim dəhşət yaradırdı.

Bu artıq yaşamaq uğrunda mübarizə, dolanışıq pulu qazanmaq deyil. Burada insanlar səfilliyə məğlub olub, sadəcə ömürlərini uzadırlar. Dostoyevski yazıb ki, səfalət eyibdir. Çünki, səfalət içində olan insan, ilk öncə özünü təhqir etməyə qadir olur.

“Vosmoy”un satıcılarını bir xeyli aralıdan seyr etdim. Danışıqlarına, mübahisələrinə qulaq asdım, hərəkətlərinə, davranışlarına fikir verdim. Orada durduğum müddətdə, insanlar bir-birilərini səbəbsiz, yersiz söyüb, təhqir edirdilər. Onlar üçün artıq söyüş adi danışıq forması, müraciət növüdür. Təhqir aşılayıcı sayılmır.

Lars fon Triyer, Emir Kusturitsa, Zvyaqintsev səviyyəli rejisorlarımız olsaydı, mütləq Oskarı Bakıya gətirərdilər. İnsan səfalətini, yoxsulluğu, real kasıblığı ekranda canlandırmaq, dünyaya hiss etdirmək, göstərməkdən ötrü dekorasiya qurmağa ehtiyac yoxdur, inanın bircə “vosmoy” bazarını ekspromt çəkmək yetər. Aradığım dükanın önündə naməlum qadın vedrədə xırda balıqlar satırdı. Böyründə 8-10 yaşında qızcığaz, qapağında dəlik açılmış, üzərində “pepsi” yazılmış butulkadan ara-sıra balıqları sulayırdı. Həmin gün hava soyuq idi, qızcığazın barmaqları soyuqdan göyərmişdi. Dükanın həndəvəri balıq qoxuyurdu. “Bala, biz bu yaşayışa layiq deyilik”- kəlməsini o qadın söyləmişdi.



Ətrafımı seyr etdim. Qəlbim insan iztirabarı ilə sarsılmış oldu.





(A.N.Radişev)

Novruz bayramından bir gün öncə Tiflisə gedəsi oldum. “Qırmızı Körpü”yə gedən avtobuslara vətəndaşlar bilet tapa bilmirdilər. Sərnişinlər oturacaqlar arasına qoyulmuş “taburetka”-ya əyləşib gedirdilər. Ayaq üstə gedənlər də var idi. On saat sıxlıqda, boğanaqda, səs-küydə, yırğalanaraq getmək olduqca çətindir.

Avtobuslara bilet tapmayanlar məcbur olub “xaltura” edən taksi ilə gedirdilər. Taksi sürücüləri insan axınından istifadə edib qiymətləri iki bahasına deyirdilər. Hər yarım saatdan bir PPX maşınları avtovağzalın girəcəyində taksi şoferlərini, rayonlara getmək istəyən insanları kobudcasına qovurdu. Səsucaldıcı ilə qışqırır, sürücüləri təhqir edir, aşağılayırdılar.

Şoferlər isə bir-biriləri ilə şit, səviyyəsiz zarafatlar edir, söyüş söyürdülər. Ailəsi ilə rayona getmək istəyən, əllərində körpə uşaqları, böyürlərində həyat yoldaşları olan insanlar sürücülərə tərs-tərs baxırdılar.

Hardasa uzaqda hay-həşir qopdu, kiminsə çantasın oğurlamışdılar. Yaxınlaşıb bir cavan qızı yerə oturaraq, üzünü əlləri arasına almış gördüm. İnsanlar qızın başına dolanırdı. Çantasın oğurlamışdılar. Deyilənə görə, tələbə idi. Rayona gedirdi. Çantasında pul, telefon var imiş. Qızın titrəyən çiyinlərindən ağlamağı, pis olduğu bəlli idi. Mənim isə ağlımda bircə sual hərlənirdi ”Biz bu yaşayışa layiqik?”.



Heydər “xalqım” deyəcək, xalq “Heydər” söyləyəcək.

(Baba Vəziroğlu)

Bakıdan üzü Qazaxa getdikcə yol boyunca uca divarlar köhnə evləri gizlətsə də, yoxsulluğu, gözə girən kasıbçılığı gizlədə bilmir. Gəncənin girəcəyində səliqəli səkilər, bardyurlar, dekorativ kollar firavan ölkə, tox əhali demək deyil. İllər boyunca regionların inkşafına ayrılmış küllü miqdarda pulun bardyurlara, kol-koslarla yuyulduğu göz qabağındadır. Nə qədər sivil, inkşaf etmiş görünməyə çalışırlar, amma alınmır.

Çünki sivilizasiya, müasirlik tox qarınla gəlir, ac, guruldayan qarınla ha özünə zülm ver, bardyur çək, idman kompleksi tik, park sal, xeyri yoxdur. Sivil və mədəni olası deyilsən. Mədənin gurultusu səni biyabır edəcək.

“Sınıq körpü” sərhəd-keçid məntəqəsində yenə də izdiham idi. Həmişəki kimi. Məntəqəyə yaxınlaşanda gördüm ki, qoca, cavan, qadın-kişi “Pirveli” siqareti, “Nemiroff” araqları, kolbasa, sosiska, pampers paçkalarını səki boyunca düzüb, bazar açıblar.

İçəridə 30-40 dəqiqəlik sıra idi. Bu keçid məntəqəsi hərdəfə məndə, “Narniya” filmində ki, sehirli şkaf təəssüratı yaradır. Sanki bu sehirli dolabın qapısı, insanlarımızı bizə nisbətdə azad olan, normal ölkədən ayırır. Qapının arxasında isə sərhədin biz tərəfi, həmişə soyuq, qar basmış, cadugər şahzadənin Narniyasıdır.

Pasport yoxlama yeri ventilyasiya sistemi ilə təchiz olunmayıb. Sırada duran insanların əksəriyyəti sırf tranzit ərazidə yerləşən “duty free” mağazasına görə gözləyirdi. Çoxları həmən gün ərzində 3-4-cü dəfə keçirdilər sərhədi. İnsanların üzlərindən, gözlərindən, əyinlərindən kasıbçılıq yağırdı, yoxsulluq xaltası boğazlarından asılmışdı. Tər iyi, insan iyi, əlacsızlıq, həyat yorğunluğu, natəmizlik qoxusu içərinin havasın boğmuşdu.

Önümdə duran yaşlı, xırda boylu bir kişi elə hey deyinirdi. Yaşayışından, güzaranından gileylənirdi. Xırda gözləri, dırnaqları altına babat kir yığılmış barmaqları, yağ ləkəli pencəyi, tozlu-torpaqlı, ucu şiş ayaqqabıları var idi.

Danışırdı ki, 2-3 il Qarabağda vuruşub. Bu gün 3-cü dəfə idi sərhədi keçirdi. Siqaret, araq, çaxır alıb çöldə, biz tərəfdə satacaqdı. Sonra bir-iki manat qazanıb, evə bazarlıq edəcəkmiş. Deyirdi, günə 10-15 manat qazancı olan iş tapsaydı, buralara avtomat altında belə gəlməzdi. Elə hey hakimiyyəti, nazirləri, məmurları söyürdü. Yaman narazı idi. Deyirdi, gör nə gündəyik ki, bizi gürcülərə möhtac ediblər. Amma nədənsə ölkə rəhbərlərinin adını çəkəndə başını azca mənə tərəf əyib, gözlərini qıyıb, ürkək ətrafa baxıb, pıçıldayırdı.

Eləcə deyinərək, sərhədi keçdi. Sonra onu “duty free”nin girəcəyində kütlənin arasında gördüm. İsrarla insanları itələyib, içəri keçməyə çalışırdı. Arxadan kimisə kobudcasına dümsüklədi, əvəzində qulağına şapalaq aldı. Balaca kişi şilləni cavabsız qoymadı. Beləcə, dava düşdü. İki-üç nəfər narazı, amma qıvraq balaca kişini yamanca döyürdülər. Ətrafdakılar susurdu. Hamı sakitcə seyr edirdi. Sanki belə də olmalı imiş. Mən isə bunlara baxdıqca, özlüyümdə düşünürdüm: ”Biz, bu yaşayışa layiqik?”.



Bu millət öz şahına layiqdir.





(Qədim Azərbaycan atalar sözü)

Sadaladığım hadisələr gündəlik həyatımızdan götürülüb. Hər biriniz, bircə dəfə də olsa oxşar səhnə ilə qarşılaşmısınız. Bu cür görüntülərə artıq öyrəncəliyik. Zənnimcə, alışmışıq. Artıq bu olayları görərkən, sarsılmırıq. Sanki kütləşmişik. Belə səhnələrə, görüntülərə immunitetimiz yaranıb. İnsan əziyyəti, vətəndaşın qanunsuzluq qarşısında əlacsızlığı, cəmiyyətin intellekt kasadlığı, rəzalət, hökumətin yalançı, vətəndaşına qarşı saymazyana siyasətinə vərdiş etmişik. Hər şey bizə adi görünür, sanki belə də olmalıdır. Biz elə bilirik, bütün dünya ölkələri, aləm bizim kimi, eyni sistemdə yaşayır. Hətta ayrı bir dövlət qurub, bundan savayı yaşayış haqda düşünmək belə istəmirik. Barışmışıq. Olanları, ətrafı, yuxarıda oturanları qəbul etmişik.

“Əşşi, onsuz da düzələn deyil, kim gəlsə belə olacaq” deyimini alnımıza tatu elətdirmişik.

Ölkədə camaat arasında ən xod gedən “otmazka”, günahı xalqın üzərinə yıxmaqdır. Məclisdən və məclis əhlindən asılı olmayaraq, mütləq kimsə ayağa qalxıb sinəsinə döyərək “bu xalq, buna layiqdir”, “ bizə bu da azdır”,”biz düzələn deyilik” cümləsini fəxrlə səsləndirəcək.

Açığı, mən də bir ara belə düşünürdüm, xalqımı yamanca qamçılayırdım. Millətin böyük qisminin kitaba olan latent nifrətini, mental cahilliyini, dini fanatizmini pisləyirdim, bütün bəlalarımızı sadaladıqlarımda görürdüm. Lakin zaman keçdikcə fikirlərim dəyişir, bir növ dilemma qarşısında qalıram. Yəni həqiqətən tək biz günahkarıq? Biz bu yaşayışa layiq deyilik…

Bəs hansı yaşayışa layiqik? O layiq olduğumuz haradadır, nə cürdür? Kim bizə onu verəcək? Kim gətirəcək? Biz öz taleyimizi nə vaxt həll etmək gücündə olacayıq? Yəni biz doğurdanmı, indiki korrupsioner hakimiyyətə, nazirlərə, şəhər merinə, ölkədəki acınacaqlı duruma, savadsız gəncliyə, bərbad səhiyyə sisteminə, satılmış məhkəmələrə, müharibə qanına bulaşmış torpağımıza, depressiv cəmiyyətə, üfünətli dənizə, vampir Bakıya layiqik?! Budurmu bizimki?

O günlərdə avtobusda yaşlı iki insanın dialoquna qulaq şahidi oldum. Kişi deyirdi: “ Azərbaycan daha belə pullu olmayacaq. Tarix boyunca əlimizə gözəl imkan, fürsət düşmüşdü, onu da boşa verdik. Güclü, demokrat, sivil bir ölkə qura bilərdik. Hər şeyi yeyib, talayıb, viran qoydular”. Çox sərt sözlər idi. Adi vətəndaşdan bunları eşitmək, vallah böyük dərddir.

Mən isə bir suala cavab axtarıram. Bəlkə siz biləsiniz.

Yəni biz, doğrudanmı bu yaşayışa layiqik?


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir

Ana səhifəMənim FikrimcəBiz buna layiqik?