Fatma Novruzova,  Xədicə Novruzova və Rəfiqə Novruzova

Mənbə: meydan.tv

Başlıq: Fatma Novruzova, Xədicə Novruzova və Rəfiqə Novruzova

''Biz, 3 yaşlı qadın az qalırıq acından ölək''

Ucar sakinləri ayda cəmi 130 manatla dolanmaq məcburiyyətində qaldıqlarını deyirlər

“Dolana bilmirik. Heç bir yerdən gəlirimiz yoxdur. Üç bacıyıq, ailə qurmamışıq. Atamızın evində yaşayırıq. Bir bacımın ayaqları tutulub. Onun aldığı 130 manat pensiyadan savayı, bu evə bir qəpik girmir. Çətindir…”

Ucarın Bağman kəndinin sakini, 60 yaşlı Rəfiqə Novruzova belə deyir. O, iki bacısı ilə birgə yaşayır. Qanunvericiliyə edilən dəyişikliklə pensiya yaşının artırılmasının ən çox onlara təsir etdiyini söyləyən R.Novruzova çətinliklə dolandıqlarını deyir.

“Günü-gündən pensiya yaşı artırıldı. Əvvəlki vaxt olsaydı, çoxdan alırdım. Pensiya yaşımız çatanadək acından ölməsək, yaxşıdır. Bir nəfərin əlillik pensiyası ilə 3 nəfər necə dolansın? Yaşımız da az deyil, xəstəlik, çətinlik içindəyik”.

Xədicə Novruzova

Xədicə Novruzova

Mənbə: meydan.tv

Bacılardan Xədicə Novruzova deyir ki, heç özü də bilmir ayağının dərdini. Elə bir ayın içində yerimə qabiliyyətini itirib. Azmış kimi qolunu da yaxşı tərpədə bilmir. O, dövlətdən aldığı 130 manatlıq təqaüdü müalicəsinə çatdıra bilmir, qaldı, həmin pulla 3 nəfər dolanmağa çalışır:

“Bunun kommunal xərcləri, iynəsi, dərmanı var. Bir də acından öləsi deyilik ki, bazarlığa da xərclənir. İnanın, bu aydan digərinə sürünə-sürünə keçirik. Mənim ayaqlarım tutulub, bacılarım da yaşlı adamlardır. Əkin, biçin, təsərrüfatla məşğul olmaq da mümkün deyil. Birinin 60, digərinin 56 yaşı var. Mənim yaşım da 52-dir. Bizim indi dövlətdən pensiya alıb, onunla özümüzü dolandırmaq vaxtımızdır. Ancaq pensiya yaşını o qədər artırdılar ki, bu gün biz, 3 yaşlı qadın az qalırıq acından ölək”.

Bacıların evi

Bacıların evi

Mənbə: meydan.tv

X.Novruzova deyir ki, sabah başlarına nə gələcəyini bilmirlər. Artıq heç nəyə ümidləri qalmayıb:

“Ayaqlarım tutulub, yavaş-yavaş qollarım da tutulur. Yazıq bacım baxır mənə. Heç olmazsa, ona ayda baxıcılığına görə müəyyən məbləğ ödənsin. Ya da nə bilim, ünvanlı sosial yardım kəsilsin. Vallah, çətindir, yaşamaq olmur. Heyvan saxlaya, əkin əkə bilmirik, yaşlı adamlarıq. Həyətdə bir-iki ağac var. Onları da güc-bəla ilə suvara bilirik. Bayramlarda süfrəmizdə nəsə olsun deyə bir-iki toyuq-cücə saxlayırıq. Aldığım da 130 manatdır. Onu da iynə-dərmanıma güclə çatdırıram. 5-10 manat da artırıb, ərzağa verirəm. Baxın, geyim ala bilmirik, bir yerə çıxa bilmirik, çətinliklə yaşayırıq”.

Fatma Novruzova və  Rəfiqə Novruzova

Fatma Novruzova və Rəfiqə Novruzova

Mənbə: meydan tv

Fatma Novruzovanın isə 56 yaşı var. O, bütün günü əlilliyi olan bacısının qulluğunda durur. Deyir, bir bacısı da qonşu Şilyan kəndində ərdədir. Onlara ayda 1-2 dəfə gəlib dəyir. Çox gələ bilmir. Çünki əlilliyi olan qızı var:

“Çətinliklə, birtəhər dolanırıq. Yaş çoxdur deyə gedib xadiməlik etmək də mümkün deyil. Hamımızın müxtəlif xəstəlikləri var. Həm də kəndimiz mərkəzdən də uzaqdır, yolları bərbaddır. Deyək iş tapdıq. Elə aldığımız pul da yollarda xərclənib gedəcək. Həm də bacımı qoyub çıxa da bilmirəm. Nolar, dövlət bu dediklərimizi görsün, bizə bir kömək etsin. Bacımın dizinin ağrılarının kəsməsi üçün iki iynə lazım idi. Qiyməti 260 manat tutdu. Bu, onun 2 aylıq təqaüdüdür. İndi deyirlər, ildə 1-2 dəfə vurulmalıdır. Biz o iynələri vurdura bilmək üçün bir ay ac qaldıq, inanın”.

F.Novruzova deyir ki, dövlətdən çox şey istəmir. Elə onlara ya ünvanlı sosial yardım, ya da pensiya kəsilsin:

“Bir tikə çörək üçün heç kimin üstünə getməyək. Bir dəfə sosiala müraciət etmişik. Gəlib yoxlamadılar, etmədilər. Eləcə dedilər ki, sizə düşmür”.

ev

ev

Mənbə: meydan.tv

Ucar Rayon İcra Hakimiyyətindən Novruzova bacılarının problemlərinin onlara aid olmadığını söyləyiblər:

“Biz nə edə bilərik? Hökumət pensiya yaşını artırıb. Bunu biz etməmişik. Sosial vəziyyətləri çox ağırdırsa, ünvanlı sosial yardıma müraciət edə bilərlər. Onu da biz təyin etmirik”.

Dövlət Sosial Müdafiə Fondunun Ucar Şöbəsindən isə bildiriblər ki, ailə onlara elektron qaydada müraciət etməlidir:

“Müraciətə baxılır, əgər həqiqətən şərtlərə uyğundurlarsa, onlara sosial yardım kəsilir”.

2017-ci ildə Azərbaycan qanunvericiliyinə edilən dəyişikliklə pensiyaya çıxmaq həddi 65 yaş müəyyən edildi.

Bu yaş həddi əvvəllər qadınlarda 60, kişilərdə isə 63 idi.

Fatma Novruzova və Xədicə Novruzova

Fatma Novruzova və Xədicə Novruzova

Mənbə: meydan.tv

Lakin bu müddət mərhələli şəkildə uzadılır. Pensiyaya çıxmaq yaşı kişilərdə 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 2017-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.

İqtisadçı Nemət Əliyev deyir ki, pensiya yaşının artırılması hökumətə xeyir gətirib. Ancaq sadə insanlar üçün eynisini demək olmaz. Məsələn, təkcə bircə ildə, yəni 2018-ci ildə pensiyaçıların sayı 20.9 min nəfər azalaraq 1 milyon 320.4 mindən 1 milyon 299.5 minə düşüb.

Rəfiqə Novruzova

Rəfiqə Novruzova

Mənbə: meydan tv

“Orta aylıq pensiya məbləğinin 222.6 manat olmasını nəzərə alıb sadə hesablama etsək, məlum olur ki, hökumət pensiyaçıların hesabına bir aya təqribən 4.6 milyon manat, bir ilə 56 milyon manata yaxın irəli düşüb”, - deyə iqtisadçı vurğulayıb.

Müxalif və müstəqil iqtisadçılar Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hökuməti daim tənqid edirlər. Rəsmilər isə belə tənqidləri düzgün saymayaraq, bunu islahatların tərkibi adlandırırlar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/svf2kj

Ən çox baxılan