Yadigar Sadıqlı Təbriz stadionunda

Mənbə: meydan tv

Başlıq: Yadigar Sadıqlı Təbriz stadionunda

Bir Təbriz stadionunda

Məqalə yeniləndi:  24 Aprel 2019

''Traktor sazi'' komandasının oyunundan reportaj

Təbrizin "Traktor sazi" komandasının çıxışları son illərdə Azərbaycan Respublikasında maraqla izlənilir. Azarkeşlərinin (güneydə onlara "havadar" deyilir) inanılmaz çılğınlıqlarının, milli və siyasi şüarlar səsləndirmələrinin bu marağın oyanmasında əhəmiyyəti az olmayıb. Bu il komandanın çempionluğa iddialı olması səbəbindən çıxışları xüsusi diqqətlə izlənilirdi.

Mən də bu sırada istisna deyildim və bir gün "Yadigar-e Emam" stadionunda komandanın oyununu izləmək, videokadrlarda gördüyüm atmosferi əyani hiss etmək istəyirdim. Aprelin 17-də başlayan Təbriz səfərimin yeganə səbəbi bu deyildi, lakin vaxtını elə təyin etmişdim ki, getmişkən oyuna da baxa bilim. Nəhayət o gün, aprelin 19-u yetişdi.

Həmin günün birinci yarısını Təbrizdən təxminən 60 km uzaqlıqda yerləşən, özünün dağətəyi yaşayış məskənləri ilə məşhur olan Kəndovan məntəqəsindən keçirdim. Oradan əvvəl otelə döndüm, Kəndovanda aldığım suvenirləri, balı oteldə qoydum, sonra isə stadiona yollandım. Maraqlananlar üçün yazım ki, məni Kəndovana aparmaq, orada bir neçə saat gözləmək, daha sonra isə otelə və stadiona aparmaq üçün taksi sürücüsü məndən 10 min tümən, yəni 13 manat aldı. Bu qazancdan çox məmnun idi və məni düşürəndən sonra artıq işləməyəcəyini, evə yollanıb istirahət edəcəyini bildirirdi.

Şəhər kənarında yerləşən stadiona əsas magistraldan ayrılan, 1,5-2 km uzunluğunda xüsusi yol aparır. Oyuna gedən izdiham hələ magistralda başlayırdı, baxmayaraq ki, prinsipial oyun deyildi. Rəqib “Paykan” cədvəlin ortalarında yer tuturdu və “Traktor” ona asanlıqla qalib gəlməli idi. Daha prinsipial oyunlarda axın xeyli böyük olur. Tehranın “Esteqlal”, “Sepahan”, “Persepolis” komandaları kimi prinsipial rəqiblərlə, eləcə də Asiya Çempionlar Liqasındakı oyunlar zamanı mərkəzi sektorlarda yer tutmaq üçün azarkeşlər səhər tezdən stadiona yollanırlar.

Yol uzunu komandanın atributlarını, vuvuzela kimi alətləri satanlar, eləcə də arzu edənlərin sifətlərini rəngləyənlər, məsələn T hərfi yazanlar dururdu. “Traktor”un rəngləri qırmızı ağırlıqlı ağ-qırmızı olduğu üçün məhz qırmızı rəngə üstünlük verilirdi. Buna görə də həmçinin qırmızı şarlar satılırdı.

stadion

stadion

Mənbə: meydan.tv

Kassalara yaxınlaşdıqda gözlənildiyinin əksinə olaraq növbənin az olduğunu gördüm. Bu, yəqin ki, kassaların sayının çoxluğu ilə əlaqədar idi. Növbədə məndən daha öncə durandan biletin neçəyə olduğunu soruşdum. 500 tümən dedi və qiyməti bilmədiyimə, yoxsa ləhcəmə görəmi, haradan gəldiyimi soruşdu. Mən də Bakıdan gəldiyimi söylədim.

Cavan oğlan "Bakıdan topa gəlmisən?" deyərək elə bir qürur və təəccüb qarışıq səs çıxardı ki, ondan öndə duran da dönüb arxaya baxdı. Bir qədər fikir mübadiləsindən sonra mənə növbədən çıxıb kənarda gözləməyi, öz növbəsi çatanda mənim üçün də bilet alacağını söylədi. Mən də bizim pulla 65 qəpik edən 500 tüməni verərək növbədən çıxdım.

Bilet alıb gələn təbrizli gənclə söhbətləşərək stadionun girişinə doğru irəlilədik. Onun sualları müqabilində Quzey Azərbaycanda “Traktor”un azarkeşlərinin getdikcə çoxalmasını, oyunları internet üzərindən izləməyə çalışdığımızı söylədim. Gənc isə "biz də “Qarabağ”a baxarux" dedi.

Stadionun girişində iki yerdə təhlükəsizlik məqsədilə üst-baş yoxlaması aparılırdı. Yeni tanışım hər ikisində mənim Bakıdan gəldiyimi polisə söyləyərək yoxlanışsız içəri keçməyimə səbəb oldu. Bu zaman polisin (Təbrizdə işləyənlər əsasən azərbaycanlılardır) isti münasibətinə daha çox təəccübləndim. Lakin daha təəccüblüsü hələ qabaqda idi.

Stadiona keçən kimi ilk işimiz təbii ki, oyun meydanının və tribunaların fonunda şəkil çəkdirmək oldu. İranın ali rəhbəri Xamneyinin şəkli vurulan və ona məxsus "Azərbaycan İranın başıdır" sözləri yazılan bilbordun ucaldığı stadionda komandalar artıq məşq edirdilər. Bu zaman tanışım məni canlı yayıma qoşurdu. Gəlişimin səbəbi, Quzeydə “Traktor”un populyarlığı, komandaya arzularım barədə sual verdi, mən də cavablandırdım.

Canlı yayıma danışa-danışa gözucu təəssüflə müşahidə etdim ki, mərkəzi tribunalar tam doludur və orada yer tapmaq müşkül məsələ olacaq. Lakin tanışım bu işdə də mənə yardımçı oldu. İrəli düşərək 35-ci sektorda bir boş yer tapa bildi. Cərgənin lap əvvəli, pillələrin yanı idi, o da elə mənim yanımda, pilllələrdə əyləşdi. Polisin isə pillədə oturanları uzaqlaşdırdığını artıq görmüşdüm.

Bizim halda da polis özünü çox gözlətmədi və az sonra bizim gəncə yaxınlaşdı. Yoxlama nöqtələrindəki münasibətdən ruhlanaraq bu dəfə özüm polisə Bakıdan gəldiyimi və gəncin mənə görə pillələrdə oturduğunu söylədim. Polisin münasibəti bu dəfə də xoş heyrət doğurdu. Əvvəlcə təəccüblə "Bakıdan gəlebsən" soruşub, təsdiqedici cavab aldıqdan sonra "Xoş gəlebsən. Sənin böyük ləyaqətin var, əziz qonağımızsan" və başqa sözlər söylədi. Daha sonra isə gözləri ilə axtarıb bir boş yer tapdı və tanışımı oturmaq üçün oraya göndərdi.

Polisin sözlərini eşidənlər bir-birlərinə məni göstərərək qürurla "Bakıdan matça gəlib" söylədiklərini eşidirdim. Proses yaxın ətrafdakı insanların məni alqışlaması ilə davam etdi. Bəziləri çiynimə vurdu, kimisi yaxınlaşıb görüşdü, başqaları şəkil çəkdirdi. Diqqət və sevgi möhtəşəm həddə idi. Boğazımı qəhər tutduğunu hiss edirdim.

“Traktor” azarkeşlərinin çılğınlığı isə davam edirdi. Üzərində fars əlifbası ilə nəsə yazılmış parça tutan gah bir, gah başqa qrup gənclər aşağı sıralarla sağa və sola gedir, tribunadakılar onları alqışlayırdılar. Öyrəndim ki, onlar Güneyin başqa şəhərlərindən gələn azarkeşlərdir, parçanın üzərində isə gəldikləri şəhər və “Traktor”un ünvanına xoş sözlər yazılıb.

Qonşu 34-cü sektorda oturan "Üzbəüz" adlı fanklubun üzvləri demək olar ki, susmurdular. Komandaların meydana çıxması ilə bu çılğınlıq pik nöqtəsinə çatdı. Çoxlu sayda qırmızı rəngli şarlar havaya buraxıldı, fayerlər yandırıldı. Stadionun əks tərəfindəki tribunada da başqa fanklub eyni şeylər edirdi. Mənzərə möhtəşəm idi və Quzeydə belə halla heç vaxt rastlaşmamışdım.

Oyun özü isə o qədər də maraqlı getmirdi. “Traktor”un oyunçuları individual oyuna meyl edir, nəticədə rəqibin qapısı ağzında təhlükəli vəziyyət yarada bilmirdilər. Azarkeşlər buna "yalla, yalla, qol istirux, yalla" səsləndirməklə reaksiya verirdilər. Siyasi şüarlar isə elə də səslənmirdi. Bir dəfə qarşı tribuna "Türk dilində mədrəsə" qışqırdı, bizim tərəf isə "Olmalıdır hər kəsə" cavabını verdi. Bu sözlər ardıcıllıqla bir neçə dəfə təkrar olundu.

"Traktor"un azarkeşi

"Traktor"un azarkeşi

Mənbə: meydan.tv

Hissənin ortasında yağış yağmağa başladı və getdikcə gücləndi. Bu, heç yaxşı hal deyildi. Zatən Təbrizə gedərkən elə də isti paltarlar götürməmişdim və hələ Kəndovanda bunun peşmançılığını çəkməkdə idim. Stadionda oturduğum yeri də külək tuturdu və üşüyürdüm. İndi də yağış başlamışdı. Səfərdə xəstələnmək heç münasib olmayacaqdı. Bu düşüncələr içində ikən arxadan oturanların mənim üstümə müşəmbə örtdüklərini hiss etdim. Yenə də Təbriz mehribanlığı.

Oyunun istənilən kimi getməməsini nəzərə alaraq söyüşlərin demək olar ki, eşidilməməsi təəccüblü idi. Yalnız iki dəfə arxadan söyüş eşidildi, o da çox güman ki, eyni adam idi. Davər dedikləri hakim belə umduqları qərarı çıxarmayanda təbrizlilər küçə söyüşləri söymür, "bişərəf" deyirdilər.

Birinci hissədə hesab açılmadı. Üşüdüyümə görə tribunanın yuxarısındakı üstüörtülü, azarkeşlərin gediş-gəlişi üçün nəzərdə tutulmuş dəhliz kimi yerə qalxdım. Bura nisbətən isti idi. Fasilə olduğundan hərəkətlilik vardı. Azarkeşlərdən biri iki karton stəkanda çay tutaraq önümdən keçdi.

"Görəsən, harada satırlar, çay yerinə düşərdi" fikirləşirdim ki, başqa bir azarkeş önümdə dayandı. Onun da əlində iki stəkan çay vardı və birini mənə uzadıb "bakılı, yəqin üşüyübsən" söylədi. Böyük məmnuniyyətlə aldım. Çayın istisindən daha çox təbrizli sevgisi, qonaqsevərliyi məni isitdi.

İkinci hissəni elə yuxarıdakı dəhlizdə, “Üzbəüz” fanklubundan yuxarıda dayanaraq keçirdim. Açığı, oyunu elə də izləmirdim. “Traktor” nədənsə çox sönük oynayırdı, top əsasən meydanın mərkəzində dövr edirdi. Azarkeşlər isə daha maraqlı idilər. İkinci hissənin ilk dəqiqələrində “Üzbəüz” “Youtube” kanalında çox izlədiyimiz möhtəşəm marşı oxumağa başladı.

Tanrı bizə yar olsun,

Azərbaycan var olsun,

Gəlin verək əl-ələ,

Qartal qəhrəman olsun.

Onu da qeyd edim ki, İranda çempiona "qəhrəman" deyirlər, "qartal" isə “Traktor”un ləqəbidir. Komandaya çempionluq arzulayan bu marş bitər-bitməz “Traktor”un qapısına qol vuruldu. Bir-iki saniyə sürən səssizlikdən sonra azarkeşlər "eybi yox, eybi yox" hayqıraraq komandanı yenidən ruhlandırmağa başladılar. Lakin yaxınlıqdakı bəzi azarkeşlərin üzündə dəhşətli bir pərişanlıq müşahidə edirdim.

Onlar uzun illərdir ki, həsrətlərində olduqları "qəhrəmanlığın" bu il də baş tuta bilməyəcəyi ehtimalının qorxusunu yaşayarıdılar. Deyim ki, “Traktor” üç dəfə gümüş və bir dəfə bürünc medallar qazansa da, hələ ki, İran çempionu ola bilməyib. Çempionluğun artıq qazanıldığı güman olunan 2014/2015 mövsümündəki uğursuzluq xüsusən acınacaqlı idi.

Son oyunda "Nəft Tehran" komandasını qəbul edən “Traktor” əvvəlcə 3-0 hesabı ilə öndə idi. Lakin hakimin təbrizli oyunçuya qırmızı kart verməsi, eləcə də çempionluğa iddialı digər komandanın - Tehranın “Sepahan” klubunun artıq məğlub olması xəbərinin doğurduğu arxayınçılıq üzündən matç 3-3 hesabı ilə bitdi. Bundan sonra məlum oldu ki, “Sepahan” öz oyununu udub (maraqlıdır ki, həmin vaxt Təbriz stadionunda mobil əlaqə kəsilmişdi) və “Traktor”u 1 xal qabaqlayaraq çempion olub.

futbol azarkeşləri

futbol azarkeşləri

Mənbə: meydan tv

Təbiidir ki, təbrizlilər bu hadisənin arxasında qəsd olduğundan şübhələndilər. Oyun bitəndən dərhal sonra stadion ətrafında başlayan iğtişaşlar şəhərin özündə də davam etdi. Lakin nəticəni dəyişdirmək artıq mümkün deyildi və “Traktor” üçüncü dəfə gümüş medalla kifayətlənməli oldu.

İndi üstündən dörd il keçəndən sonra “Traktor” yenidən çempionluğa namizəd idi, ikinci yeri tuturdu və lider “Persepolis” komandasından 3 xal geridə idi. Bu komandalar mayın 1-də Təbrizdə üz-üzə gələcəkdilər və təbrizlilərin xal fərqini aradan qaldırmaq üçün yaxşı imkanları vardı. Lakin indi komanda gözlənilmədən ortabab “Paykan”a uduzurdu və belə davam edərdisə, xalq fərqi 6 olacaqdı.

“Traktor” isə sönük oynamaqda davam edirdi. Çempionluq uğrunda mübarizə aparan komandaya xas olacaq əzmkarlıq, od-alov hiss olunmurdu. Onun hansı yolla gedişi dəyişəcəyi, 2 qol vura biləcəyi aydın deyildi. Mən də artıq ümidimi itirərək stadionu bir qədər tez tərk etmək barədə düşünürdüm.

Hava getdikcə soyuyurdu və onminlərlə adamla eyni vaxtda çıxsaydım, taksi tapmaq xeyli müşkül məsələ olacaqdı. Yağışdan islanıb üşüdüyümü nəzərə alsaq, bunun fəsadları ağır ola bilərdi. O səbəbdən də son dəqiqələrdə stadionu tərk etdim. Bu qərarla hansı maraqlı hadisələri izləmək imkanını qaçırdığımı sonra bildim.

Otelə gəlib təəssüratlarımı İranda girişi qadağan olan və buna görə VPN vasitəsilə girdiyim “Facebook”da bölüşəndən bir müddət sonra dostlar mənə oyundan sonra baş verən iğtişaşlar barədə soruşacaqdılar, lakin mənim xəbərim olmayacaqdı. Bütün bunlar mənim gedişimdən sonra baş verəcəkdi.

İndi isə stadiondan uzaqlaşırdım. Çempionluğunu arzuladığım “Traktor” uduzurdu, özüm islanmışdım və üşüyürdüm. Lakin "Yadigar-e Emam" stadionunu inanılmaz dərəcədə xoşbəxt tərk edirdim. Bu təbrizlilərin Quzeydən gələn soydaşlarına göstərdikləri istiqanlıq, mehribanlıq ilə bağlı idi. Bu, onu göstərirdi ki, 200 illik ayrılıq bizi yadlaşdıra bilməyib. Biz yenə eyni xalqıq, ayı-ayrı dövlətlərdə yaşasaq belə.

Stadion yaxınlığında taksi tutub Təbrizə tərəf yollandım. Daha da çox sevməyə başladığım Təbrizə!

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  24 Aprel 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/enu2mm

Ən çox baxılan