Bir qrup ziyalı: Orduya dəstək aksiyasının iştirakçılarına qarşı repressiyalara son qoyulmalıdır

Bəyanatı imzalayanlar ölkə rəhbərliyini təmkinli olmağa və repressiyalara son qoymağa çağırıblar

Source: Meydan TV


“Hakimiyyəti təmkinli olmağa dəvət edirik”

Bir qrup Azərbaycan yazıçısı, şairi, sənət adamı 14 iyul orduya dəstək aksiyasından sonra aparılan həbslərə etiraz olaraq ölkə rəhbərliyinə və ictimaiyyətə müraciət edib.

Müraciətə şair-yazıçı Məmməd İsmayıl, Rasim Qaraca, Saday Şəkərli, Afaq Şıxlı, Əsəd Cahangir, Mübariz Məsimoğlu, Kəramət Böyükçöl, Tofiq Həsənli, Mirzə Sakit, Mahir Mehdi, Rəbiqə Nazimqızı, Elman Tovuz, İlham Qəhrəman və digərləri imzalayıb.

Bəyanat müəllifləri 14 iyul yürüşünün iştirakçılarına qarşı repressiyaları pisləyiblər:

“Tovuz sərhədində erməni silahlı qüvvələrinin təxribatı ilə başlayan və 12 hərbçimizin şəhid olması ilə nəticələnən hadisə ölkə gündəmini xeyli gərginləşdirdi. İllərdən bəri Qarabağ, torpaq ağrısı ilə yaşayan insanlar şəhid xəbərlərindən sarsılaraq küçələrə çıxdı və dövlətlə həmrəylik nümayiş etdirərək Bakı şəhərinin mərkəzində yürüş keçirdi. Təəssüf ki, məlum yürüşdə hansısa çirkin qüvvələrin əli ilə təxribat törədilərək, insanların saf duyğularının üstünə kölgə salındı”.

Bəyanat müəllifləri qeyd ediblər ki, dünyanın istənilən yerində bənzər hadisələr olur və ümid etmək olardı ki, ölkə rəhbərliyi yürüşün Qarabağ şüarları altında keçirildiyini nəzərə alaraq, baş verən xuliqanlıq faktlarını qanun çərçivəsində inzibati şəkildə cəzalandırmaqla kifayətlənəcək.

“Amma, bu gözləntinin əksinə, yürüşdə iştirak edən günahsız insanlara qarşı ağır repressiyalar başlandı. Onlarla insan heç bir tutarlı dəlil olmadan həbs olundu və barələrində ağır maddələrlə cinayət işi açıldı. O insanların arasında hamımızın tanıdığı və heç bir təxribatda iştirak etmədiyinə əmin olduğumuz onlarla insan var. Qarabağ qazisi, şair Manaf Kərimov da onlardan biridir. Onun da həbs olunan onlarla vətənpərvər insan kimi günahsız olduğuna inanırıq. Təəssüf ki, həbslər bu gün də davam edir və Qarabağla bağlı o coşqulu yürüş arzuolunmaz bir qisasçılıq aksiyasına çevrilib”.

Bəyanatı imzalayanlar ölkə rəhbərliyini təmkinli olmağa və repressiyalara son qoymağa çağırıblar:

“Hesab edirik ki, ölkədə birliyə, həmrəyliyə və dialoqa ehtiyac duyulduğu bir zamanda bu cür kəskin addımlar atmaq, günahsız insanları ağır ittihamlarla həbs etmək yolverilməzdir. Belə sərt addımlar yalnız və yalnız ölkədə nifrətin və qarşıdurmanın dərinləşməsinə xidmət edə bilər. Ona görə, hesab edirik ki, günahsız həbs edilmiş insanların azadlığa buraxılmasında və məhkəmənin media tərəfindən yayınlanmış real kadrlar əsasında obyektiv aparılmasında fayda var. Biz eyni zamanda, bütün ölkə ictimaiyyətinə, yazarlara, sənət adamlarına müraciət edərək, onları da baş verən bu xoşagəlməz hadisələrə səssiz qalmamağa çağırırıq”.

İyulun 14-dən 15-ə keçən gecə onminlərlə insan Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində başladığı döyüşlərə etiraz əlaməti olaraq orduya dəstək aksiyası keçirib. Aksiyanın sonunda bir qrup insan parlamentin binasına daxil olub. Əraziyə cəlb edilmiş polis qüvvələri parlamentə daxil olanları oradan çıxarıb, bir neçəsini saxlayıb, parlament qarşısında yığışanları dağıdıb. Aksiyanın səhəri gün Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident

İlham Əliyev

bu işlərin təşkilində AXCP-ni günahlandırıb.

İlham Əliyevin bəyanatından sonra AXCP-nin 30-dan çox üzvü saxlanılıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 13 nəfər həbsdə saxlanılır, biri isə polisin nəzarəti altına verilib. Daha 9 fəal inzibati həbs cəzasına məhkum edilib. AXCP Rəyasət Heyətinin üzvü, keçmiş siyasi məhbus Fuad Qəhrəmanlıya qarşı isə hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər maddəsilə ittiham irəli sürülüb.

AXCP sədri Əli Kərimli Meydan TV-yə

müsahibə

sində İlham Əliyevin ittihamlarını rədd edib.

Ana səhifəSiyasətBir qrup ziyalı: Orduya dəstək aksiyasının iştirakçılarına qarşı repressiyalara son qoyulmalıdır