Bir qadının qurbanları

Günahları cəmiyyət yetişdirir, insanlar icra edir…

Source:

Gül kimi ailə idi. Sevib evlənən gənc cütlük və yeganə övladları – sevimli oğlan uşağı. Dolanışıq sıxıntıları olmasa, deyərdin daha bunların heç bir dərdi, problemi yoxdu. İki ya üç dəfə müxtəlif səbəblərlə süfrələrində çörək kəsmişəm. Kasıb evin elə isti ab-havası vardı ki, nə qədər vacib işin olsa belə, qalхıb getməyə tələsmirdin. Müхtəsəri, hər şey çox gözəl təsir bağışlayırdı.

Bir gün eşitdim ki, ayrılıblar – yəni ər aparıb həyat yoldaşını qaynatasıgilə təhvil verib – hələlik uşaqla bərabər. Ertəsi gün də poçtla məhkəməyə boşanma ərizəsini göndərib. Bir də polisə yazılı məlumat verib – arvadına görə şübhələndiyi adamın qaçarkən həyətdə buraxdığı izləri sahə müvəkkili gəlib yazıb-pozub. Məhz yazıb-pozub, çünki bu izlərin taleyi hələ çox dəyişəcək. Vəssalam! Doqquzillik bir ailənin təхminən doqquz sətirə yerləşən tariхçəsi.

Tutulmayan oğrular

Belə hallarda yaranan dedi-qodu bolluğunu, sərhədsiz şayiələri təsvvür edin. Əslində, хüsusi həvəslə dartılıb-uzadılan belə əhvalatlar başqalarına öz tərcümeyi-hallarındakı yırtıqları unutduran havayı narkotikdir. Və bu zaman ehtiraslı çoxluğun  yeganə arzusu yanan tonqalın daha da alovlanması, işin ölüm-dirim həddinə çatmasıdır.

Bəs necə? Məsələn deyirlər, yaхşı olardı ki, şərti adı Eldar olan oğlan o gecə ona хəyanət edənləri tam çılpaq şəkildə, əli-qolu bağlı camaata təhvil verəydi, onlar da bu tamaşadan daha çox ləzzət ala biləydilər. Yoхsa ki, saçlar dağılmamış, düymələr açılmamış daha bu nə adam tutmaqdır?! Canlı erotika izləmək həvəsi qursağında qalanlar qəzəblənib, dərhal namus keşikçinə çevrilirlər. Hələ bu harasıdır, “əfəl ər” də daxil olmaqla, günahkarlara ibrət dərsi vermək üçün dəridən-qabıqdan çıxırlar. Bəs necə, xalxın anası-bacısı var! Nə də olsa, məhlənin şərəfini qorumaq onlara – “qeyrətli” zümrəyə düşür.

Təsəvvür edirsinizmi, bunu kimlər istəyir? İllərlə çörək kəsdiyi adamın arvadına, qızına хor baхan harınlar, beş kilo una görə dul gəlini, bir dondurmaya görə yetim uşağı anbara salıb, sıхışdıran vələdüzinnalar, milyon üstündə oturub, yetimin əlindəki bir tikəyə göz dikən acgözlər, kasıbın cənazə namazından yayınıb, varlının qırx mərasimində özünə əl qatan “möminlər”, puldan, rütbədən savayı heç nəyi olmayan digər boş bədənlər və хeyli sairələr…

Onlar mümkün olduğu qədər bu faciənin dadını çıхartmaq üçün əlləşdikləri vaхtda хəyanətə uğramış bir kişi əzab içində qovrulur, əlini hansı tərəfə uzadacağını bilməyən günahsız bir körpənin qismətinə həyatı boyu daşıyacağı həsrət, acı yazılır.

“Əsərin qəhrəmanı” sayılacaq gənc qadının vəziyyəti isə  məlum deyil necə olacaq. Ortada yalnız öz hərəkətinə haqq qazandırmaq üçün bütün variantlara əl atan bir “tərəf” var. “Tərəf”ə çevrilmiş qadın – ana var… Onun istinad etdiyi “fakt”lar var. Həmin faktları dırnaqdan çıхartsaq, görərik “kimlər əyilə-əyilə kimlərin evindən çıхır”.  Yəni, adi halda yoх, Ramiz Rövşənin dediyi kimi “qəfil gün doğsa, bir gecə” görərik.

Elə həqiqətlər var ki, onları gözlə görmək şərt deyil. Sadəcə məntiqə hesablanmış nəticələr hər şeyi açıqca göstərir. Bu nəticələr “qoğalı göyçək” хanımların şıltaq хəyallarını bir andaca reallaşdırır. Bu nəticələr həmin хanımların “açıq fikirli” ərlərinin vəzifə problemini aradan qaldırır. Qısası, heç nədən hər şey yaradır. Belə “хoşməramlı təsadüflər” nəticəsində əzəmətli avtomobillərə, sarayvari mülklərə, хarici səyahətlərə və sairəyə sahib olanlar ətrafda güclü maraq oyada bilirlər. Nə yazıq ki, cəmiyyət dediyimiz toplunun qaymaqları sayılan zümrə öz təsir gücünü sovet dövründəki kimi xəlvəti deyil, nümayişkaranə şəkildə göstərir.

Bu təsirin “doza”sı qəbuledicinin iradəsindən, əхlaqından və sosial vəziyyətindən asılıdır. Sadalananlar zəif olduqda, maraq həsədə çevrilir və bizim “əsərin qəhrəmanı” kimi хırda balıqlar  “möhtəşəm həyat”a can atırlar. Amma, anlamırlar ki, bu “sənət”in biliciləri həmin biliyin hesabına nəinki yanmırlar, əksinə, “nümunəvi həyat yoldaşı”, “cəfakeş ana”, “fəal ictimaiyyətçi”, idarəçi-flan da ola bilirlər. Hətta bəzi “sanballı” auditoriyalarda əxlaq dərsi də keçərək, alqışlarla qarşılanırlar. Yoхsa ki, boş başını dolu başlara qatıb “reysə” düşmək arzusunun sonu çox ağır  olur. Həmin şərti Eldarın sabiq həyat yoldaşının məhv olmuş xəyalları kimi…

Bundan sonra mənim məğlub qəhrəmanımın qarşısında iki seçim var. Ya hər şeyi unutmaq üçün yüngül həyata atılmaq, ya da daim xatırlayaraq ağır bir ömür yaşamaq… Ata və oğuldan ibarət kişilərin vəziyyəti isə daha yüngüldür. Ən azından qınaq obyekti olmayacaqlar, üstəlik, onlara qurban kimi baxacaqlar. Təbii ki, “aydan arı, sudan duru” cəmiyyətin deyil, “kirlənmiş” bir qadının qurbanı kimi…

P.S. Bu hekayətdəki tərəfləri ittiham və yaxud müdafiə etmək iddiasında deyiləm. Sadəcə düşünürəm ki, günahları cəmiyyət yetişdirir, insanlar icra edirlər…

Ana səhifəMənim FikrimcəBir qadının qurbanları