“Bir ölkəni, xalqı, həm də onun muzeyləri ilə tanıyırlar”

Xalça muzeyi. Foto: alexsaz/shutterstock

Ekspert: “Hökuməti Avropa deyil, ərəb ölkələrindən gələn turistlər maraqlandırır”

18 May – dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.

Bu gün Azərbaycanda da keçirilir, muzeylərdə müxtəlif tədbirlər təşkil olunur, ziyarətçilər üçün “açıq qapı” günü elan edilir.

Hazırda Azərbaycanda 222 muzey fəaliyyət göstərir.

Bakıdakı muzeylərə giriş qiymətləri – uşaqlar 2, böyüklər 5, xarici vətəndaşlar üçünsə 7 manatdır.

Qiymətlər aşağı olsa da, muzeylərdə ziyarətçi qıtlığı var.

Azərbaycanda əhalinin muzeylərə, mədəniyyət salonlarına marağının əhəmiyyət səviyyəsinin ən aşağı yerlərdən birini tutması sirr deyil. Hətta pandemiya dövrü ilyarım qapalı qalan muzeylərin fəaliyyətinin yenidən bərpası birmənalı qarşılanmamışdı. Bu addım sosial şəbəkələrdə lətifə mövzusuna da çevrilmişdi.

Hər il olduğu kimi, bu il də Azərbaycanda əhalinin muzeylərə marağının az olması, yaxud da ümumiyyətlə, olmaması problemi aktuallaşır, geniş müzakirələr yaradır.

İnsanların yaşayış səviyyəsinin aşağı olmasından tutmuş, bu sahədə düzgün təşviqin aparılmaması kimi əsaslar gətirilir.

Meydan TV-nin sorğusunu cavablandıran bir neçə Bakı sakini də muzeyə getmədiklərini deyir.

Bəzi respondentlər muzeyə getməyi vaxt itkisi hesab edirlər.

Deyirlər ki, Azərbaycanda maraqlı muzeylər yoxdur. Bəziləri isə “Özümüzə pul çatdırmırıq, muzeyə necə gedək?”, – deyirlər.

Yaşlı nəslin nümayəndələri də muzeyə getmək ənənəsinin sovetlər dönəmində daha aktual olduğunu söyləyirlər.

Əhməd Qəşəmoğlu. Foto: “mektebgushesi.az”

Onların fikrincə, hazırda gənclərin dünyagörüşü, marağı fərqlidir. İndiki nəsli muzeylərlə təəccübləndirmək mümkün deyil.

Sosioloq Əhməd Qəşəmoğlu söylənilən fikirlərlə razılaşmır.

Deyir ki, gənclərə muzeylərə getmək mədəniyyətini təbliğ etmək lazımdır: “Hansısa ölkəyə gedəndə, mütləq muzeylərinə də baş çəkirik. Çünki muzey çox böyük məlumat verir. İndiki gənclərdə muzeyə getməyə can atmaq həvəsini görmürəm. Səbəb isə etinasızlıqdır. Günah da yaşlı nəsildədir. Yaşlı nəsil bu istiqamətdə lazımi işləri görmür. Həmçinin təhsil sistemində muzeylərə ekskursiya mədəniyyətini yerinə oturtmamışıq”.

Yazıçı Şərif Ağayar isə deyir ki, dünyada bir ölkəni, xalqı, həm də onun muzeyləri ilə tanıyırlar.

Onun sözlərinə görə, mədəniyyətin bu kimi spesifik sahələrinin formalaşması üçün cəmiyyətin inkişafı gərəkdir:

Şərif Ağayar. Foto: “yeniyaz.az”

“İqtisadiyyatımız, siyasətimiz necədirsə, mətbuatımız, kitabımız, futbolumuz, teatrımız, kinomuz da o cürdür. Eyni zamanda, muzeylərimiz. Yadımdadır, 90-ların sonu, 2000-lərin əvvəlində kino kimi kütləvi sənət sahəsində də vəziyyət belə idi. Zaman keçdikcə, modern üslubda ərsəyə gəlmiş kiçik və ya böyük kinoteatrlarda anşlaqlar gördük. Muzeylərlə də bağlı bu cür inkişafı gözləyirəm. Bu, gec-tez olacaq”.

Dünya təcrübəsində muzeylər turizmin inkişafında mühüm rol oynayır.

Turizmin bu istiqaməti – mədəni turizm adlanır. Mədəni turizm – deyəndə, ağıla ilk səyahət edilən ölkənin adət-ənənəsi, musiqisi, milli mətbəxi, dili, mədəni abidələri, tarixi binaları gəlir.

Azərbaycanda mədəni turizm inkişaf etmədiyi üçün muzeylərə də xarici turistlərin marağı, axını yoxdur.

Turizm eksperti Ülvi Həsənlinin sözlərinə görə, Azərbaycan hökuməti turizmin bu sahəsinin inkişafında maraqlı deyil:
“Mədəni turizm təşviq edilmir, ciddi proqramlar reallaşdırılmır. Çünki hökuməti Avropa və Qərb deyil, daha çox ərəb və Şərq ölkələrindən gələn turistlər maraqlandırır. Ərəb ölkələrindən gələn turist üçün də muzeyə getmək maraqlı deyil. Dünyanı gəzmiş avropalı turisti də Azərbaycandakı muzeylərlə təəccübləndirmək çətin məsələdir”.

Ülvi Həsənli
Ülvi Həsənli. Foto: abzas.net

Ekspert hesab edir ki, yerli və xarici ziyarətçiləri muzeylərə cəlb etmək üçün daha yaradıcı işlər görülməli, maraq yaradacaq muzeylərin açılmasına çalışılmalıdır:

“Bəzən görürsən ki, Azərbaycanda hansısa tarixi abidələrin bərpa olunduğunu, yaxud, yeni muzeyin açıldığını elan edirlər. Lakin müşahidə edirik ki, həmin məkanlara kifayət qədər ziyarətçi getmir. Ölkələr var ki, insanlar gedəndə ilk növbədə muzeyləri, mədəni-tarixi abidələri gəzirlər. Fransa bu məsələdə dünyada birinci yerdədir. Milyonlarla insan muzeyə gedir, turizm də inkişaf edir”.

Beynəlxalq Muzeylər Günü — Beynəlxalq Muzeylər Şurasının (International Council of Museums) təşəbbüsü ilə 1977-ci il mayın 18-dən keçirilməyə başlanıb.

Bu günün qeyd edilməsində məqsəd, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etməkdir.

Azərbaycan muzeyləri haqqında ətraflı məlumatları – biletlər qiymətləri, virtual səyahət, keçiriləcək tədbirlər- “http://museum.az” saytından əldə etmək mümkündür.

Ana səhifəMədəniyyət“Bir ölkəni, xalqı, həm də onun muzeyləri ilə tanıyırlar”