Bir məhbus ailəsinin aylıq həbsxana xərci nə qədərdir?

13 saylı həbsxanada cəza çəkən məhbus ailəsi indiyə qədər həbsxana xərclərini bankdan götürdükləri kredit və ayrı-ayrı şəxslərdən borc almaqla həll ediblər

Source:


13 saylı həbsxanada cəza çəkən məhbus ailəsi indiyə qədər həbsxana xərclərini bankdan götürdükləri kredit və ayrı-ayrı şəxslərdən borc almaqla həll ediblər

”Orada elə yemək verirlər ki, hec it də yeməz”.

Məhbus ailəsinin qısa bir cümlədə ifadə elədiyi o yer, Azərbaycan həbsxanalarıdır.

Yeməyini itə belə layiq görmədiyi həbsxananın bütün  xərclərini məhbus ailəsi  özü də bilmədən üzərinə götürür.  Bununla ailə həbsə atılan yaxınından da ağır, daha dəhşətli işgəncə ilə üz-üzə qalır.

Hər həftə həbsxanaya nə aparacam müşkülü ailələri elə bir günə salıb ki, bəlkə də onlar daha ciddi rejimli həbsxanada yatmağa razı olarlar. Hər həftə hardan pul tapmalı, nə bişirib, nə aparmalı, borc pul üçün daha kimə ağız açmalı… Ailənin bir üzvü həbsxanada işgəncə altında , qalanları da çöldə…

Azadlıqda qalan ailə (əgər buna azadlıqda qalmaq demək olarsa…) məhbusun  dərman, yemək-içmək, geyim, yataq dəsti və saysız hesabsız  həbsxana xərclərini ödəmək məcburiyyətindədir.  Xərclər isə sabit deyil. Hər həftə, hər ay artmaqda davam edir. Hətta “Avropa standartları”na uyğun  olan həbsxanalarda  təmir işləri də məhbusların hesabına aparılır.

13 saylı həbsxanda cəza çəkən siyasi məhbus ailəsinin “Nopoliticalprisoners.org” göndərdiyi məktubda deyilir ki, təkcə 2015-ci ildə onlar  təmir işləri üçün həbsxanaya 1500 manatdan çox pul göndəriblər. (Məhbusun adını ona təzyiqlər ola biləcəyi baxımından açıqlamırıq)



Məhbus ailələri həbsxanaya nə aparır?

Ayda iki dəfə  görüşə gedən ailə təkcə yola 100 manat xərcləyir.  Elə zəruri mal və əşyalar var ki, onlar mütləq aparılmalıdır.

“Bunlar paltar, çiy və bişmiş qidalar, meyvə  və tərəvəzlərdir. Bişmiş yeməkləri nə qədər aparsaq da 15 günə yetmir. Ona görə də hazır yeməklə yanaşı çiy qidalar da aparırıq ki, hazır yeməklər bitəndən sonra məhbuslar özləri yemək hazırlaya bilsinlər. Bunun üçün yarımfabrikat halda ət, toyuq, makaron, düyü, səhər yeməyi üçün  yag, pendir, mürəbbə, şirniyyat, konfet və tərəvəz olaraq kartof, soğan, sarımsaq, kök, göyərti, balqabaq, bundan başqa bir neçə növ temizlik vasitələri aparırıq “.

 Bu hələ son deyil,  ailə həbsxanada istifadə olunan “tac kart”  danışıq kartı üçün də hər ay 40 manat ödəyir. “Məhbuslara həftədə iki dəfə ailə üzvləri  ilə telefonla danışmağa  icazə verilir” kimi rəsmi açıqlamaları eşidəndə bilin ki, bu danışıq məhbusa pulsuz başa gəlmir.

 Ailə həbsxanaya apardığı yeyib-işməkdən başqa məhkima hər ay 200 manat da “cib xərcliyi” verməlidir.

 Bu pulun nəyə və nə qədər xərcləndiyini 10 saylı həbsxanada cəza çəkmiş jurnalist, keçmiş siyasi məhbus Əvəz Zeynallı sadalayır:

“Qanunun tələb etdiyi hər şey pula çevrilib məhkuma qaytarılır. Məhkuma həftədə 2 dəfə qanuni telefonla danışıq haqqı verilir, amma məhkum hər gün danışa bilir.  15 dəqiqə danışığın xərci 1-5 manat arasında dəyişir.  (zonlara görə dəyişir, məsələn, 10-ci zonda 1-2, manat, 13-14-cü zonlarda 3-5 manat arası). Bir məhkum gündə 5 dəfə də danışa bilər, puluna minnət.  Məhbus telefona nəzarət edənə də ayrıca pul ödəyir”.

Qanun həftədə 2 dəfə çimməyə icazə verir, amma məhbus 30 dəqiqəsinə 50 qəpik verməklə   hər gün çimə bilər.

Məhbusa evdən gələn pulun çoxu  həbsxana daxilindəki mağazada xərclənir. Verilən yemək suya salinmiş yagsiz, duzsuz düyü və makarondan ibarət olduğundan məhbus ona gələn pulu mağazada xərcləmək məcburiyyətindədir. Elə bu səbəbdəndir ki, 13 saylı həbsxanada cəza çəkən siyasi məhbus ailəsinin bir aylıq həbsxana xərci 900 manatdan çox olur.



“10-cu “zon” rəisinin aylıq gəliri 280 min manatdır”

Ailələrin həbsxanalara daşıdığı pulların yekun ünvanı həbsxana rəislərinin cibidir. Yenə keçmiş məhbus Əvəz Zeynallının dediklərindən:

“Mən bu haqda elə cəza çəkə-çəkə – içəridə araşdırma aparmışam. 10-cu “zon”- un rəisinin ayda götürdüyü xalis gəlir 280.000 manatdır. Hər şey məhkumun gözlərinin qarşısında baş verir. Minlərlə dustağın hər gün 3 dəfə yeməli olduğu yeməklərin, ildə 2 dəfədən az olmayaraq verilməli olan pal-paltarların pulları sakitcə mənimsənilir”.

MAL-QARA SATILIB, MAŞIN SATILIB, BORC BOĞAZA ÇIXIB…

Narkotik ittihamı ilə şərlənib 6 il azadlıqdan məhrum edilən digər bir siyasi məhbus ailəsi “nopoliticalprisoners.org”  a təkcə fevralın 15-də həbsxanaya apardığı ərzaq və digər əşyaların siyahısını göndərib.

“2 kq qənd , 2 kq çay, 1 şəki qəndi ( rəngli qənd), 4 kq meyvə (portaxal alma,), 5 kq makaron, 3 litr dovga, 2 kq kərə yağı, 1 litrlik duru yağ, 3 kq balıq, 1 hinduşka, 2 kq mal əti, 5 kq mal içalatı, 2 kq soğan, 2 kartof, 2 kq şor, 2 kq pendir, 3 lt qatıq, 6 çörək, 20 fətir, 20 qutab, 30 kənd yumurtası, 1 toyuq, 1 kq konfet, 1 kq mürəbbə, 3 kq kələm turşusu, 4 əl-üz sabunu, 1 şampun, 10 jilet üz qırxan, 0,5 kq sarımsaq,  2 kq kolbasa, 1 kq sosiska, 2 blok siqaret, dərman, yataq dəstləri, hər ay 250-300 manat da digər xərclər üçün (hamam, telefon, qaz, işıq və metbəxdən istifadə xərcləri)

Məktub müəllifinin yazdığına görə, sadalanan ərzaq məhsulları aparılmazsa məhkum həbsxanada hazırlanan və müxtəlif xəstəliklərin mənbəyi olan “balanda” adlandırılan yeməklə qidalanmaq məcburiyyətindədir.

Məhbusla ailəvi  görüş də pulsuz başa gəlmir. Dəqiqələrlə ölçülən həmin görüş həbsxana səlahiyyətlilərindən pulla alınır. Məhbuslar daha nələrə pul verirlər?. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının 2015-ci ildə hazırladığı hesabatda həbsxanalardakı xərclər bu ardıcıllıqla verilib:



Alınan rüşvətin təyinatı və məbləği


1. Məhbusla görüş-20-100 manat


2. Aşağı çarpayıda yatmaq-150- 200 manat


3. “Burjuysku” kamerada yer almaq-500- 2000 manat


4. CÇM- lərdə xüsusi otaqlarda qalmaq-1 ayı 150-300 manat


5. Saç saxlamaq-10- 20 manat


6. İdman zalında məşq etmək-10-30 manat


7. Telefonla danışmaq-1- 10 manat


8. ½- lə vaxtından qabaq azad olmaq-ayı 350- 400 manat


9. 1/3- lə vaxtından qabaq azadlığa çıxmaq-ayı 200- 250 manat


10. Fərdi qaydada hamamda çimmək-1-5  manat


11. Camaşırxanada paltar yumaq-1 paltar 50 qəpik-1 manat


12. Tibbi Müəsissəyə (“Sançasta”) getmək-200- 500 manat


13. Əlavə olaraq Tibbi Müəsissədə qalmaq-ayı 150- 200 manat


14. Uzun müddətli görüş almaq-150- 300 manat


15. “Karmoşka”- nı (gözlüyü) açdırmaq-1 saatı 5 manat


16. Kamerada vintiliyator və elektrik pilətələrinin saxlanması-1 ayı 10- 30 manat


17. Yeməkxanada yemək-1 porsiyası 3- 7 manat


18. Çarpayının 1- ci yarısında yer almaq-150- 200 manat


19. Karantində məcburi əməyə cəlb edilməmək üçün-250- 300 manat


20. Kompyuter mərkəzində oyun oynamaq-saatı 5 manat


21. Məhbusa sovqat və ya bağlama göndərmək-5- 15 manat



Ailə həbsxana xərclərini necə çatdırır?

Hakimiyyətin siyasətinə etiraz edən bir üzvünə görə işgəncə maşının ağzına atılan bütöv bir ailə bu işgəncədən qurtulmaq üçün nələrə əl atmır ki.. .  Bir neçə körpəsi ilə taleyin ümidinə atılan gənc ana nişan üzüyünü satıb həbsxanaya dərman, yemək pal-paltar daşımağa məcbur edilir.  Həbs olunan müxalifətçinin azadlıqda yeganə qazanc  vasitəsi olan avtomobilini dəyər-dəyməzinə satan ailə bu pulu hakimiyyətin “Avropa Standartlı” həbsxanasında feodalsayağı ittihamlarla cəza çəkən ailə başçısına çatdırmağa tələsir. Təki məhbus  ağır xəstəliklərə tutulmasın, təki evə salamat dönsün. Ailə qırılan ümidləri, altüst olan planları bərpa etmək üçün hər şeyə əl atır. Artıq bölgələrdə həbsə atılan siyasi məhbus ailələrinin həyətindən mal-qara, qoyun quzu səsi də gəlmir. Övladınınn təhsilinə, gün güzəranına pul xərcləməli olan ailə hər şey dəyər-dəyməzinə sataraq həbsxanalara daşıyır.  Bütün bu dirənişlə həm də ailə sınmaq istəmir. Ona əfv yazmaq, doğmalarından imtina etmək kimi təkliflərini qəbul etmək istəmir…



10 saylı həbsxanada cəza çəkən məhbus qadşaının dedikləri:

“Qardaşım tutulandan sonra anam qulağında və barmağında olan qızıllarını satdı, həyətimizdə bir-iki inək, qoyun-quzu var idi hamısı dəyər-dəyməzinə satıldı. Qardaşım həbs olunmazdan əvvəl avtomobilinin kreditini yenicə bitirmişdi, onu da satdıq. Hər şey həbsxana üçün xərclənib. Əslində bununla hakimiyyət digər ailə üzvlərini müxalifətdə olan və həbs edilən ailə üzvə qarşı qaldırır. Biz çoxdan bu hərəkatda olduğumuzdan hakimiyyətin bu planı bizi sındıra bilməyib. Amma bir qohumuz həbs olunmuşdu onu bütün ailə ittiham edirdi, yəni hakimiyyətin istədiyi bizim o qohumun ailəsində baş tutmuşdu”.

13 saylı həbsxanada cəza çəkən məhbus ailəsi isə indiyə qədər həbsxana xərclərini  Bankdan götürdükləri kredit və ayrı-ayrı şəxslərdən borc almaqla həll ediblər.

“Bəzən beynəlxalq təşkilatlardan verilən maddi yardımlarla biz bank kreditlərinin ödəyirik və ya dost-tanışlardan aldığımız borcları qaytarırıq”



“Korrupsiyada məhbusların da günahı var”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının 2015-ci il hesabtında isə qeyd olunur ki, həbsxanalarda rüşvət daha çox kiçik rəis heyəti və işçilər arasında tüğyan edir.  Amma sənəddə həmçinin deyilir ki, cəzaşəkmə yerlərində korrupsiyanın belə bir səviyyədə olmasında məhbusların da rolu az deyil.  Beləki məhbuslar hər hansı məsuliyyətləri ört- basdır etmək üçün rüşvət verməkdə maraqlı olurlar.  Məsələn, məhkumlar otaqda siqaret çəkir. Baxmayaraq ki, bu qadağandır. Amma nəzarətçi məhbusların verdiyi pul qarşılığında buna goz yumur.



http://nopoliticalprisoners.org

Ana səhifəXəbərlərBir məhbus ailəsinin aylıq həbsxana xərci nə qədərdir?