Bir fərmanlıq canı olan problem

Rövşən Ağayev: “Sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi prosesi ciddi ictimai nəzarət tələb edir”

Source:


Rövşən Ağayev: “Sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi prosesi ciddi ictimai nəzarət tələb edir”

Yanvarın 13-də prezident İlham Əliyev sənədsiz evlərə mülkiyyət hüququnun verilməsinə dair Fərman imzalayıb. İqtisadçı Rövşən Ağayev bunu müsbət addım kimi dəyərləndirir. Amma onun fikrincə, bu məsələdə diqqətçəkən məqamlar da var:

“Əvvəla, uzun illərdi məmurlar deyirdi ki, bu problemin həlli çox mürəkkəbdi, qanun olmalıdı, problemin həlli ilə bağlı mexanizmlər tapılmalıdı və s. İndi məlum oldu ki, az qala Marsa uçmaq qədər qəlizləşdirilən bu problemin bir fərmanlıq canı varmış.

İkinci, bu qərar çox aydın surətdə ortaya qoydu ki, Qarabağ problemi istisna olmaqla yerdə qalan istənilən problemin həlli bir fərmana, göstərişə, qanuna bağlıdı.

Üçüncü, bir daha aydın oldu ki, bu ölkədə cəmi bircə idarəetmə institutu – Prezident institutu işlək vəziyyətdədi”.

Rövşən Ağayevin sözlərinə görə, bu proses çox ciddi ictimai nəzarət tələb edir. Çünki vəziyyətdən yararlanıb vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb etmək istəyənlər olacaq, “centlmen sövdələşmələrlə” fərmanda nəzərdə tutulan siyahıya uyğun sənədləri hazırlamağa yardım göstərmək kimi hallar baş verəcək. “Müstəqil QHT-lərin axırına çıxmasaydılar, hətta indi ictimai nəzarət üçün jurnalistlərlə birgə qrup da yaratmaq olardı” – deyə iqtisadçı qeyd edir.

Rövşən Ağayev deyir ki, sənədsiz mənzilləri rəsmiləşdirmək vətəndaşlar üçün çox mühümdü: “Əvvəla, mülkiyyəti təsdiq edən sənədlər olmayan evdə yaşamaq insanlar üçün psixoloji gərginlik yaradır. Onlar həmişə qorxu altında yaşayır ki, hətta sahə müvəkkili belə onun mənzilini buldozer qabağına verə bilər. Hətta bu qorxunun evdəki körpə uşaqlara belə necə sirayət etdiyni bir neçə tanışımın ailəsində görmüşəm. Başqa məsələ odur ki, sənədsiz mülk ailələrə imkan vermirdi ki, ehtiyacları olanda mülklərini girov qoyub banklardan kredit götürsünlər, yaxud əllərində müəyyən vəsait yarananda həmin mənzili satıb yaşayış şəraitini yaxşılaşdırsanlar. Xüsusilə də son illər qanunsuz evlərin sökülməsi sənədi olmayan evlərin satışını demək olar ki, mümkünsüz etmişdi. On minlərlə insanın on illərlə yaşadığı iztirabın bir fərmanlıq canı varmış”.

Ana səhifəXəbərlərBir fərmanlıq canı olan problem