”Bir də Tağı Əhmədovdan yüksək vəzifədə olanların sərvətini düşünün”

Hüquqşünas: ”Azərbaycanda fəaliyyət göstərən hakimiyyət yox, cinayətkar təşkilatdır”

Source:


Hüquqşünas: ”Azərbaycanda fəaliyyət göstərən hakimiyyət yox, cinayətkar təşkilatdır”

İyulun 12-də Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun məhkəməsi olub. Məhkəmədə onun Bakı Metropoliteni QSC-nin keçmiş sədri Tağı Əhmədovun epizodu üzrə ifadəsi maraq doğurub.

A.Çovdarov Bakı Metropoliteni QSC-nin keçmiş sədri T.Əhmədovun xeyli vəsait mənimsədiyini deyib. Topladığı sərvətin sayını açıqlayıb. O, bu barədə araşdırma apardıqlarını, yuxarıları məlumatlandırdıqlarını da söyləyib: “Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə bu məsələnin üzərinə getmədik”.

Hüquqşünas Qurban Məmmədov hesab edir ki, istənilən normal dövlətdə idarəetmədə mənimsəmə, qanunsuzluq, korrupsiya barədə mətbuatda dərc olunan hər hansı məqalə, yaxud məhkəmədə səsləndirilən açıqlama əsasında dərhal cinayət işi qaldırılır, araşdırma aparılır. Nəticədə təqsirkar şəxslər müəyyənləşdirilib, məsuliyyətə cəlb olunur.

“Azərbaycanda hakimiyyət yerinə cinayətkar təşkilat fəaliyyət göstərir”

Hüquqşünas Cinayət Prosesual Məcəlləsinin (CPM) 206-cı maddəsinə əsasən, KİV-də yayılan məlumatların cinayət işi açmaq üçün əsas olduğunu deyir:

“Təbii bunlar normal dövlətə aiddir. Azərbaycanda isə nə normal dövlət, nə də xalq iradəsinə söykənib, seçki yoluyla formalaşan hakimiyyət var. Ölkə qanunlarla idarə olunmur. Son illərdə “MTN işi”, “Rabitə işi” kimi olaylar və bunlara rəsmi münasibət sübut edir ki, Azərbaycanda hakimiyyət yerinə cinayətkar təşkilat fəaliyyət göstərir”.

“Bir də Tağı Əhmədovdan yüksək vəzifədə olanların sərvətini düşünün”

Hüquqşünas deyir ki, hələ Tağı Əhmədov orta səviyyəli məmurdur. Onun sərvəti milyonlarla hesablanırsa və məhkəmə zallarında utanmadan bu adam haqqında açıq danışılırsa, görün, hakimiyyət nə vəziyyətdədir:

Qurban Məmmədov

“Yaxud Tağı Əhmədovdan daha yüksək vəzifədə olanlar qanunsuz şəkildə nə qədər sərvət qazanıblar. Manatın dollar qarşısında devalvasiyaya uğraması da bu idarəçiliyin nəticəsidir. Ölkədə vəzifəli şəxslərin qanunsuzluğuna baxmayaraq, onların rahat yaşaması üçün hüquq-mühafizə orqanları təminat verir. Əslində, bunlar hüquq-mühafizənin əleyhinədirlər”.

“Tağı Əhmədov yaddaşlarda gediş haqqını 4 dəfə artıran şəxs kimi qalıb”

İqtisadçı Qadir İbrahimli isə deyir ki, Tağı Əhmədov yaddaşlarda gediş haqqını 4 dəfə artıran şəxs kimi qalıb. O, metroya rəhbərlik etməyə başlayanda gediş haqqı 5 qəpik idi, “yeraltı dünyanı” tərk edəndə isə 20 qəpiyə çatmışdı:

“Tarif (Qiymət) Şurası T. Əhmədovun təklifləri əsasında gediş haqqını 2 dəfə artırdı. Sual yaranır: Qiymət qalxıb, bəs xidmətin səviyyəsi? Sualın cavabı mənfidir. 10 il qabaq xidmət səviyyəsi necə idisə, indi də elədir. Sadəcə əvvəllər jeton, indi kartla daxil oluruq. Tağı Əhmədov o vaxt metrodan hər gün orta hesabla 600 min nəfərin istifadə etdiyini demişdi. Bu, ildə 220 milyon sərnişin deməkdir. 20 qəpikdən hesablasaq, ildə 44 milyon manat edir. Bir nəfərin daşınma xərci realda 1 manatdırsa, onda metropolitenin saxlanılmasına 220 milyon manat vəsait lazımdır. Bu vəsaitin 44 milyon manatı sərnişin daşınması hesabına əldə edilirsə, deməli, 176 milyon manat dövlət dotasiyasına ehtiyac var. 2013-cü ilin dövlət büdcəsi xərclərində Bakı Metropoliteninə cəmi 29,2 milyon manat subsidiya ayrılıb. Deməli, Bakı Metropoliteninə il ərzində dotasiya ilə birlikdə cəmi 73,2 milyon manat bəs edir (44 milyon manat sərnişin daşınmadan əldə edilən gəlir + 29,2 milyon manat dotasiya). Bu hesabla bir sərnişinin daşınması cəmi 33 qəpiyə başa gəlir. Bəs, 1 manat haradan götürülüb?”

“Metropolitenin açıqlamalarında uyğunsuzluq var”

Qadir İbrahimli deyir ki, bir qədər öncə metroda bir sərnişinin daşınma xərcinin 55 qəpik olması barədə rəsmi iddialar var idi. Sonra bu iddialar 72 qəpiyə, indi isə 1 manata çatıb:

“Bakı metropoliteni 1 nəfərin daşınma xərcinin 1 manat olduğunu israr edirsə, onda tələb edilən 220 milyon manatın qalan 148,8 milyon manatını (220 milyon manat – 73,2 milyon manat) hansı mənbələr hesabına əldə etdiyini açıqlasın”.

“Metropolitenin prezidentə verdiyi məlumatlar yanlışdır”

İqtisadçı deyir ki, 2006-cı ildən 2014-cü ilədək dövlət büdcəsindən metropolitendə təmir-bərpa işlərinə, yeni xətlərin tikintisinə 1 milyard 500 milyon manat vəsait ayrılıb:

Qadir İbrahimli

“Bu vəsait metropolitenin büdcəsinə daxil deyil. Yəni, bu məbləğ dotasiya yox, dövlət sərmayəsidir. Bunların sərnişin daşınma xərclərinin artmasına nə aidiyyatı var? Eyni fikri T.Əhmədov da dəfələrlə dilinə gətirmişdi. Bu artıq spekuliyasiya idi. Dövlət sərmayəsi heç bir halda sərnişinlərin daşınma xərcinə daxil ola bilməz. Əgər daxil edilirsə, bu o deməkdir ki, yeni xəttlər dövlət hesabına yox, sərnişinlərin cibi hesabına tikilir. Bəlli olur ki, metropoliten rəhbərliyi sərnişindaşınma xərclərinin vəziyyəti barədə prezidentə təqdim etdiyi məlumatlar yanlışdır, xərclər şişirdilib. Ona görə metroda qiymətlərini artırmaq barədə yox, maliyyə intizamı yaratmaq barədə düşünmək lazım idi”.

“Hüquq-mühafizə orqanları araşdırma aparsalar, daha böyük rəqəm tapa bilərlər”

Qadir İbrahimov stansiya daxilindəki dükanlardan alınan yer haqqı barədə də danışıb. Deyib ki, “28 May”, “20 Yanvar”, “Neftçilər”, “Nərimanov”, “Koroğlu” stansiyalarının keçidlərində yer haqqı hətta 1000 manata çatırdı:

“Orta hesabla götürsək, 2000 ticarətçinin hər biri ayda 500 manat ödəyir. Bu isə ildə 12 milyon manata çatır. Deməli, bu məbləğin 11 milyon 160 mini metropolitenin büdcəsinə yox, şəxsi cibə axıb. Bu məbləği T.Əhəmədovun fəaliyyətdə olduğu 16 ilə vursaq nəhəng rəqəm alınır – 178 milyon 560 min manat. Kiçik rəqəm deyil. Hüquq-mühafizə orqanları araşdırma aparsalar, daha böyük rəqəm çıxarda bilərlər”.

“Tağı Əhmədov reklamdan gələn gəlirlə bağlı açıqlama verməyib, özünün şəxsi işi hesab edib”

İqtisadçı metroda reklam işlərinə cavabdeh olan “Kommet” Reklam Agentliyi barədə də danışıb. Deyir, reklam lövhələrinin bir ədədinin aylıq icarə haqqı 70 manatdır. Vaqonların içindəki reklamların dəyəri isə yerindən asılı olaraq 2-10 manatadır:

“16 metro stansiyanın hər birində 30 reklam lövhəsi var. Monitorlarda reklam yerləşdirməyin qiyməti də aşağı deyil. Hər vaqonda 2 monitor var. Reklamın qiyməti vaxta görə dəyişir. 5 saniyəlik reklam 68, 10 saniyəlik çarx 128, 15 saniyəliyi 180, 20 saniyəliyi 224, 30 saniyəlik çarx isə 306 manatdır. Ən minimal qiymətlərlə belə hesabladıqda ay ərzində reklam xidmətindən metropoliten 1 milyon manata yaxın gəlir götürür. Bu da ilə 12, 16 ilə 192 milyon manat edir. Ancaq bu məbləğin nə qədərinin metropolitenin büdcəsinə daxil edilməsi barədə ictimaiyyət heç vaxt məlumatlandırılmayıb. Tağı Əhmədovun özü də bu barədə suallardan yayınıb və bunu özünün şəxsi işi hesab edib”.

Ana səhifəXəbərlər”Bir də Tağı Əhmədovdan yüksək vəzifədə olanların sərvətini düşünün”