Bir daşla iki quş

Güman ki, sizə maraqlıdır…

Source:

Rusiyaya bağlı yarımhərbi birləşmələrin hücuma başlaması ölkə daxilində vəziyyəti gərginləşdirirdi. 33 batalyona birbaşa rəhbərlik edən AXC hakimiyyəti bu qüvvələrdən yalnız erməni təcavüzünü neytrallaşdırmaq üçün istifadə edirdi. Bu, Sürət Hüseynovun daha qabarıq liderliyi ilə başlayan qiyamçı qrupları həvəsləndirirdi.

Onlar prezident Elçibəyin daxili intriqalara meylli olmayan xarakterinin bir fürsət yaratdığını düşünürdülər. Amma prosesin siyasi lideri yox idi. Bu şəraitdə belə bir missiyanı kim öz üzərinə götürə bilərdi? Rusiyanın 20 Yanvarda Bakıda və 26 fevralda Xocalıda etdiklərini kim unutmuşdu ki?! Bütün bunlar Kreml tərəfə gülümsəyən hər kəsi nişangaha gətirə bilərdi.

Rusiyanın qiyamına liderlik etmək bu arzuda olan çox adamın yemi deyildi. Bunu ancaq Kremldən uzun zaman əmr almış və bu əmrləri həvəslə həyata keçirmiş biri bacara bilərdi. Belə biri Heydər Əliyev idi. Çünki onun lüğətində  “ictimai rəy” sözü yox idi. Heydər Əliyev bir siyasətçi kimi bu barədə düşünürdümü ? Əlbəttə, yox. O, bir əməliyyatçı kimi tapşırığı icra edib, əvəzində hədiyyəsini almaq üçün əlindən gələni edirdi.

Onun ilkin addımları da özü üçün aydın idi. Ona görə də qiyamın çiban effekti ilə partlamasını gözlədi. Moskva onun üçün hər şeyi etdi. Bircə qaldı onun öz rolunu oynamağa başlaması. Ölkənin müharibə içində olması Rusiyanın bu planı baş tutmasa, Bakını Qroznıya çevirmək planları və AXC hakimiyyətinin də durumu tam doğru dəyərləndirə bilməməsi kəmfürsət üçün fürsət oldu. Əliyev parlament yolu ilə hakimiyyətə gəldi. (AXC hakimiyyətinin əsas səhvlərindən biri 1990-cı ildə seçilmiş, təyin edilmiş parlamenti buraxmaması və kommunistlər üçün sıçrama taxtası siyasi təkan imkanı saxlaması idi).

Amma davam etməkdə olan Qarabağ savaşı onu öz hakimiyyətini bərkitməyə imkan vermirdi. Əliyev özü üçün bir nömrəli təhlükə kimi AXC-nin 33 batalyonunu görürdü. Halbuki, bu batalyonlar erməni qoşunları ilə təmas halında idilər və mərkəzdə siyasətə qarışmırdılar. Amma Heydər Əliyev həm də Kremlə hakimiyyət üçün söz verdiyi depoziti verməli idi. Bu da bir-birinin ardınca işğal olunan 7 rayon idi. Bunun üçün ilk addım həmin 33 batalyonu ləğv etmək oldu.

Bir daşla iki quş vuruldu, həm torpaqlar verildi, həm də AXC-yə mənəvi bağlı olan taburlar ləğv edildi. Bununla o, həm hakimiyyətinin depozitini ödədi, həm də ona potensial təhlükə sayağı qüvvələri sıradan çıxardı. Bu işğal təkcə bu məqsədlərə yaramadı. Əliyev özü üçün sərvət toplamaq istəyərkən müharibə edə bilməzdi. Bəs, xalq? Onu torpaqlardan vaz keçməyə nə razı sala bilərdi? Güman ki, sizin üçün də maraqlıdır. İşğal bu mərhələdə necə rol oynayıb ? Baxaq.


P.S. Bu məqalə Azərbaycanın 1991-2002, 2002-2014-cü illərindən bəhs edən “Antiqayıdış” sənədli filminin ssenarisidir. Ardı var…


Yazıdakı fikrilər müəllifin şəxsi mövqeyini əks etdirir.

Ana səhifəMənim FikrimcəBir daşla iki quş