Bir-birimizi niyə didirik?

Məni hədələyən oğlan

Source:

Axşam tərəfi hər gün gəzişdiyim stadiondan evimizə dönürdüm. Hər həftə sonu olduğu kimi, binamızla üzbəüz məkanda Xətai rayon icra hakimiyyətinin təşkil etdiyi kənd təsərrüfatı yarmarkası keçirilirdi. Bu məkan avtomobillərin orta fəallığı ilə istifadə etdiyi maşın yolu idi. Həftə sonları burdan ötüb-keçən avtombillər yarmarkanın səbəb olduğu insan qələbəliyinə görə əngəllər yaşayır, insanların arası ilə zəif sürətlə ötərək, düz yola çıxmaq üçün özlərinə alternativ yollar arayırdılar.

Sıxlıqdan aralanıb, yarmarkanın küncü ilə irəliləməyə başladım. Sürdüyüm elektrikli əlil arabamın enerjisinin bitməyinə çox az qalmışdı. Xoşbəxtlikdən evimizə çox yaxın məsafədə idim. Həmin gün stadionda arabamla çoxlu dövrə vurub, dolaşmışdım. Ona görə indi şkalada elektrik enerjisinin göstərən, onun az qaldığını xəbərdar edən qırmızı işıq yanıb-sönməkdə idi. Öz enerjim və kefim isə yüksək səviyyədə idi.

Gəzinti və dost-tanışlarla görüş məndə həmişə o cür xoş təəsüratlar yaradıb, müsbət əhvalla evə dönməyimə səbəb olur. İnsan izdihamı, avtomobillərin uğultusu, satıcı və alıcıların səs-küyü, yarmarkada satılan malların xoş olmayan kəskin qoxusun qarışıq halda burnuma gəlməsi burdan keçənlərin əksəriyyətinə pis təsir etsə də, mənim kefim yerində idi və gülümsəyərək asta-asta qabağa gedirdim.

Qəfildən arxadan kiminsə kobudcasına “çəkil, görək” sözlərini eşitdim. Səs çox yaxından gəlirdi və kiminsə mənə xitab etdiyini hiss etdiyimdən gediş sürətimi azaltmadan arxaya boylandım. Yanılmamışdım, həmin amiranə sözlər mənə ünvanlanmışdı. Velosiped sürən və çox zövqsüz, vanil rəngdə paltar geyinmiş, üzü az-maz tüklü, qıyıq gözlü 23-25 yaşlarında bir gənc oğlan ağzını əyib, yenidən mənə zəndlə “çəkil yoldan” deyə qışqırdı. Kiminsə mənimlə bu cür danışığına alışmadığımdan onun kobud əmrinə yolumu eyni formada davam etdirərək, adekvat cavab verdim:

-Çəkilmirəm, keç başqa yernən get!

Maksimum çalışıram insanlara qarşı mülayim və anlayışlı olum amma kobud və amiranə danışığa tolerant ola bilmirəm. Oğlana yol vermədim. Sol tərəfimlə keçib, qarşımda dayandı. Bir ayağını velosipedindən düşürüb, yerə endirdi. Sonra mənə dedi ki, “belə olmasaydın (əlilliyimi nəzərdə tuturdu) səni başqa cür “başa salardım”, heyif”.. Bu ifadələr nədənsə gülməyimə səbəb oldu.. Onun bu sözləri ilə paralel ürəyimdə oxşar şeyi təkrar edirdim “Belə olmasaydım, mən sənin ağzını açmağa imkan verməzdim”..

Məndən iki metr kənarda bordyora yaxın yerdə dayanmışdı. Bu formada danışıq məni həm qəzəbləndirmiş həm də gülməyimə səbəb olmuşdu. Ona heç nə demədim, əlimdə yumruğumu sıxmışdım ki, mənə tərəf yaxınlaşsın ki, yumruğu onun çənəsinə ilişdirim. Lakin o yaxınlaşmadı. Daha sonra ürəyimdən keçirdim ki, arabamla onun üstünə şütüyüm və onu velosipedindən aşırım.

Bir dəfə bir məkanda mənə ilişən tanımadığım həmyaşıdım bir oğlanın üstünə arabamı elə sürmüş və onu vurmuşdum. Daha sonra bizi ayırmışdılar. Onu da məhz ona görə vurmuşdum ki, bir neçə dəfə xəbərdarlığıma baxmayaraq əlil arabamın elektron yerini dartışdırmışdı. Arabamın joystick (hərəkətini icra edən qurğu) yerləşən yerdə olan platası az qalırdı xarab olsun.

Bu dəfə davaya girişməkdən vaz keçdim. Həm də baş verəcək olayı hesablamışdım. Onun üzərinə hücum da çəksəydim, mənə tərəf yanaşıb yumruğumu da yesəydi, yenə mən məğlub olacaqdım. Nə qədər mübarizə aparsam da o məni bir həmlə ilə arabamdan yerə yıxmaq ixtiyarında idi. Sonra nə olacaqdı? Təbii ki, yerdə sürünən və ayağa qalxa bilməyən birini döyüb-çırpmaq çox asan olardı.

Beləcə o sözünü dedi və getdi. Üzümdəki gülüş bir anda yox oldu. Çox pis olmuşdum. Əllərimi dizlərimə sürtdüm və təəssüf edirdim ki, həmin sözləri tərbiyəsiz bir şəxsdən eşidib, həzm etməyə məcbur olmuşam. Aciz oldum.

Həmin an möcüzə baş vermədi ki, yerimdən qalxım və onun payını verim.

Sonra sağlam düşüncə ilə fikirləşəndə yaxşı anladım ki, nə yaxşı elə həmin an davaya gətirib çıxaran məqam yetişməyib. Mənim və ya onun qələbəsi olsun, boş şeyə görə fiziki xəsarət qurbanı olmağa dəyməz. Hər gün ölkəmizdə baş verən kriminal olaylar elə bu cür absurd səbəblərə görə baş verir. Ay nə bilim filankəsin-filankəsə çiyni dəydi, filankəs-filankəsə diqqətlə baxdı və s. gərəksiz və qeyri ciddi səbəblər və onların yaratdığı ağır xəsarətlər və ölümlər. Belə situasiyalarda hisslərlə hərəkət edən insan çox vaxt uduzur. Ən yaxşı çıxış yolu ağılla hərəkət edib, ortamı yumşaltmaqdır.

Hər kəsə sülh və sevgilər…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəBir-birimizi niyə didirik?