Bir ayın və on ilin müharibəsi: Statistika nələrdən xəbər verir?

Yazar: Emil Məmmədli

Rusiya-Ukrayna savaşı. Foto: LeStudio/shutterstock

Ukraynada 1 ayda ölən hərbçilərin sayı Əfqanıstandakından çoxdur

Bir çox hərbi-siyasi analitik Rusiyanın Ukraynaya hücumunu SSRİ-nin Əfqanıstana təcavüzüylə müqayisə edirlər. Artıq müharibənin bir ayının tamamında Rusiyanın Ukraynaya hücumu necə Putinin kobud səhvi kimi dəyərləndirilirsə, Əfqanıstana hücum da Brejnevin SSRİ-nin süqutuna aparan çox ciddi səhvi kimi qiymətləndirilir.

Amma hər bir müqayisə qüsurludur məntiqindən çıxış etsək də, elə məqamlar var ki, bu yerdə əlahəzrət məntiq və statistik rəqəmlər daha öndə dayanır.

İndi faktlara keçək; SSRİ-nin Əfqanıstanda olduğu, daha doğrusu, bu ölkəni işğalda saxladığı 10 il ərzində (1979-1989) insan itkisi 15023 nəfər olub. Bu barədə SSRİ-nin bir nömrəli nəşri olan “Pravda” qəzetinin 1989-cu il 15 avqust sayında dərc edilmiş məqaləsində bildirilir. Məqalədə o da göstərilir ki, 10 illik hərbi əməliyyatlar dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin də həlak olub.

Foto: foto https://militaryarms.ru

Sovet ordusu Əfqanıstanda 1979-cu ildə 86, 1980-ci ildə 1484, 1981-ci ildə 1298, 1982-ci ildə 1948, 1983-cü ildə 1446, 1984-cü ildə 2343, 1985-ci ildə 1868, 1986-cı ildə 1333, 1987-ci ildə 1215, 1988-ci ildə 759, 1989-cu ildə 53 nəfər olmaqla ümumilikdə, 14.427 hərbçisini itirib. DTK-nın itkisi 576, Daxili İşlər Nazirliyinin itkisi isə 28 nəfər olub. Hərbi əməliyyatlarda təxminən 54 min nəfər yaralanıb, 416 min nəfər isə müxtəlif dərəcəli kontuziyalar alıb. Sovet ordusunun Əfqanıstanda texniki itkisi isə belə olub: 147 tank, 1314 zirehli transportyor, 433 artilleriya sistemi, 118 təyyarə və 333 helikopter.

Rusiya-Ukrayna müharibəsinin statistikası isə daha dəhşətli məqamlardan xəbər verir.
Məsələn, Rusiya Müdafiə Nazirliyi ilk dəfə martın 2-də itkilərlə bağlı rəsmi rəqəm açıqlayıb. Bildirilib ki, həmin günə qədər ordu 500 nəfərədək itki verib. Amma martın 23-də Rusiyanın “Komsomolskaya pravda” qəzetinə nazirlikdəki mənbədən 9861 nəfərin həlak olduğu barəsə xəbər daxil olub. Bir müddət sonra bu xəbər qəzetin “kp.ru” saytından götürülüb.

“Komsomolskaya pravda”nın silinən xəbərinin screenshotu

Martın 25-də Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində isə bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 561 ədəd tankı, 1625 ədəd zirehli döyüş maşını, 291 ədəd artilleriya sistemi, 90 ədəd reaktiv yaylım atəş sistemi, 49 ədəd havadan müdafiə sistemi, 115 ədəd hərbi təyyarəsi, 125 ədəd helikopteri, 1089 ədəd avtomobil texnikası, 5 ədəd gəmi/kater, 72 ədəd yanacaq çəni, 53 ədəd dronu, 18 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 16 100-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.
Rəqəmlərə diqqət yetirdinizmi? Bir ay və on ilin sadəcə müqayisəsinə.

Və sonda, 10 il ərzində SSRİ Əfqanıstanda cəmi 5 general itirmişdi.
Bunlar general-leytenant Pyotr Şkidçenko, general-mayorlar Vadim Xaxalov, Anatoli Draqun, Nikolay Vlasov, Leonid Sukanov idilər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı İdarəsinin Strateji Kommunikasiyalar Departamentinin məlumatına görə, müharibənin bir ayı ərzində ukraynalı hərbçilər azı altı general da daxil olmaqla 10-dan çox yüksək səviyyəli Rusiya komandirini öldürüb.

Bunlar Milli Qvardiyanın 141-ci motoatıcı alayının komandiri general-mayor Maqomed Tuşayev, general-mayor Vitali Gerasimov – Mərkəzi Hərbi dairənin 41-ci ordusu komandanının birinci müavini, general-mayor Andrey Kolesnikov – Şərq hərbi dairəsinin 29-cu ordusunun komandanı, general-mayor Andrey Suxovetski – Mərkəzi hərbi dairənin 41-ci ordusu komandirinin müavini, general-mayor Oleq Mityaev – 150-ci motoatıcı diviziyanın komandiri, general-leytenant Andrey Mordviçev – Cənub hərbi dairəsinin 8-ci Qvardiya birləşmiş silahlı qüvvələrinin komandanı.

Son olaraq Ukrayna prezident ofisinin məsləhətçisi Aleksey Arestoviç martın 25-də keçirdiyi brifinqdə bildirib ki, Rusiya ordusunun daha bir zabiti – 49-cu ordunun komandanı general-leytenant Yakov Ryazantsev öldürülüb.
Müharibə isə davam edir…

Ana səhifəMənim FikrimcəBir ayın və on ilin müharibəsi: Statistika nələrdən xəbər verir?