Binaların sökülməsi layihəsi icra olunmaya bilər

Ramil Osmanlı


Ramil Osmanlı: ”İrihəcmli fundamental layihələrin icrası üçün hökumətin gəlirləri və xərclərinə baxılmalıdır”


Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarı gündəmin müzakirə predmetidir. Qərarın yaradacağı sualları


Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlıya ünvanladıq.



Ramil bəy, Nazirlər Kabinetinin məlum qərarı mənzil bazarında nələri dəyişəcək və hökumət bununla vəziyyəti tənzimləyə biləcəkmi?

– Nazirlər Kabinetinin qərarı prezidentin 4 sentyabr 2013-cü il tarixli 695 saylı fərmanının 1.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi barədə 29 iyun 2012-ci tarixli qanunun tətbiqindən irəli gəlir. Hesab edirəm ki, Nazirlər Kabineti qərarı qəbul edərkən məsələlərə  konseptual baxımdan o qədər də dəqiq yanaşmayıb. Çünki qərardan sonra Bakı şəhərinin regional inkişaf planı hazırlanıb, təsdiq olunmaq üçün Nazirlər Kabinetinə göndərilib. Müəyyən məqamlar həmin regional inkişaf planı ilə üst-üstə düşmür. Amma ümumilikdə qərarın icrasıyla bağlı məsələlərə gəldikdə, dünən 8 rayonla bağlı rəqəmlər açıqlanıb. Bundan əvvəl  Sabunçu, Qaradağ və Binəqədi rayonları ilə bağlı rəqəmlər açıqlanmışdı. Xəzər rayonu haqda isə 2 ay ərazində araşdırma aparıb yekun nəticələr ortalığa qoyulacaq. Deməli, 8 rayondakı 1094 bina üzrə 15 min 857 mənzilin sökülməsi nəzərdə tutulur. Digər 3 rayonu da əlavə etsək, 20 mindən çox mənzilin, 1200-dən çox binanın söküləcəyi görünür. Həm də yaşayış binalarıyla yanaşı şəhərsalma qaydalarına, tikinti və şəhərsalma məcəlləsinin tələblərinə zidd olan sosial obyektlərin söküntüsü də nəzərdə tutulur.  Diqqəti çəkən bir məsələ də odur ki, qərarın icrası üçün icra hakimiyyəti orqanlarına 5 il müddət vaxt verilib. 5 il kifayət qədər çoxdur, amma söhbət bugündən gedirsə, hazırda hökumətin layihənin icrası üçün kənar fondlara müraciətinə ehtiyac var. Dövlət büdcəsində nəzərdə tutulan xərclər layihənin icrası üçün yetərli deyil. Amma layihənin icrası zamanı növbəti mərhələdə hər hansı sərəncamlar ola bilər. Məsələlərin tam təhlili və icrasıyla bağlı mexanizmlərə münasibət də ondan asılı olacaq.



Xatırlayırsınızsa, fövqəladə hallar naziri Kamaləddin Heydərov bir müddət əvvəl tikinti şirkətlərinin sahiblərilə görüşündə onlara heç bir maneçiliyin olmayacağı vədini verdi. Bu mənada tikinti şirkətlərinə imkan yaradılsa, layihənin icrasına kömək etmək mümkündürmü?

– Əlbəttə ki, tikinti şirkətlərinə deyilən formada şərait yaradılarsa, onların investisiya qoyuluşlarının artırılacağına təkan verə bilər. Amma şirkətlər daha çox likvid olan ərazilərə maraq göstərir, qeyd edilən ərazilər isə şirkətlərin marağında deyil. Bu mənada onlar layihədəki ərazilərdə bina tiksə, ola bilsin mənzilləri sata bilməsin. Yəni bir qədər risklidir. O ki qaldı cənab nazirin açıqlamasına, mikrorayonların böyük ərazisi likvid ərazi hesab olunur. Həmin ərazilirdə tikinti aparmaq şirkətlər üçün cəlbedicidir. Likvid ərazi o deməkdir ki, inşa edir, qısa müddətdə də satıb mənfəət götürür. Biri də var bu gün Bakı şəhərində 40 mindən çox mənzil satılmamış qalır, hansı ki, onların içində 2005-06-cı illərdə inşa olunanlar da var. Yəni şirkətlər marketinq təhqiqatı, bazar araşdırması aparmadan, resurslarını dəyərləndirmədən kənar maliyyə, yaxud kredit hesabına bina tikirsə, qiymət siyasətində yanlışlıqla bərabər satışla bağlı ciddi problemlərlə qarşılaşırlar. Nəticə də ondan ibarət olur ki, şirkət ya bankrot olur, yaxud da qanunu pozaraq bir mənzili 3-4 adama satmaqla vəziyyətdən çıxmağa çalışırlar. Bu baxımdan xaotik yanaşma olmamalıdır.Məsələn, bir şirkət gəlib deyir ki, “Memar Əcəmi” tərəfdə 10 bina söküb yerində göydələn tikəcək, ammasonda həmin şirkətin nəinki bina tikməyə, heç bina sakinlərinin kirayə haqqını ödəməyə pulu olmadığı məlum olur. Əsas məsələlərdən biri söküntü işlərinin və infrastrukturun bərpası bilavasitə dövlət vəsaiti hesabına həyata keçirilməsidir. Təhqiqatlar göstərir ki, 100 evdən ibarət qaçqın şəhərciyinin tikintisində infrastrukturun bərpasına milyonlarla vəsait sərf olunub. Dövlət tərəfindən ipotekaya 50 milyon vəsaitin ayrılır, amma həmin vəsait üzrə maliyyələşmə həyata keçirilmir.Sual yaranır, niyə keçirilmir, büdcədə vəsaitmi yoxdur? Bax, bu cür aktual məsələlər var. Ona görə hesab edirəm ki, irihəcmli fundamental layihələrin icrası üçün hökumətin gəlirləri və xərcləri arasında  müəyyən struktura baxılmalıdır ki, həqiqətənmi hökumətin bu addımı atmağa gücü çatır, yoxsa çatmır.


– Deməli, sizin layihənin icrasına şübhəniz var?

– Əlbəttə. Çünki buna oxşar bir sıra layihələrin icrası hazırda dayandırılıb.



“Sovetski”ni nəzərdə tutursunuz?

– “Sovetski” ilə yanaşı şəhər mərkəzinə yaxın olan kifayət qədər ərazilər var. Bu ərazilərdə söküntü və şəhərsalmayla bağlı qərarlar qəbul olunsa da, icrası dayandırılıb.



O zaman hökumətin son qərarıyla riskə getdiyini düşünmək olarmı?

– Bəli, demək olar. Həm də müəyyən subyektiv amillər var. Tutaq ki, sənəddə “Şəhərsalma və tikinti”Məcəlləsinə zidd olan, şəhərin arxitektur quruluşuna xələl gətirən tikililərin sökülməsi qeyd olunur. Amma araşdırılma aparılsa, məlum olacaq ki, əksər yeni tikililər paytaxtın arxitektur quruluşuna və müvafiq məcəlləyə ziddir. Hesab edirəm ki, müəyyən məmurların subyektiv marağı ön plana çıxır.



O zaman hökumət vəziyyəti tənzimləmək üçün hansı addımlar atmalıdır?

– Bizim Abşeronun regional inkişaf planı barədə xarici mütəxəssislərin də iştirakıyla sənədimiz var, o cümlədən, Arxitektura Komitəsi yanında komissiya da sənədin hazırlanmasında rol oynayıb. Hesab edirəm ki, həmin plana uyğun olaraq addımlar atılmalıdır. Məsələn, şəhərin mərkəzində və mərkəzə yaxın hissələrdə nəqliyyat infrastrukturunu iflic edən, hərəkətə kifayət qədər mane olan, ümumilikdə şəhərin görünüşünə xələl gətirən 1-2 mərtəbəli çoxlu yaşayış massivıləri var. Birinci bunlardan başlamaq lazımdır. Mikrorayon ərazilərindəki binalar daha çox 60-cı illərdən sonra inşa olunub. Yaxud “Sahil” və “28 may” metrostansiyalarının yaxınlığında XIX əsrin əvvəllərində və ortalarında inşa olunmuş və istismar müddəti başa çatmış yaşayış minimuma cavab verməyən xeyli binalar var.



Onlar sökülməlidir?

– İlk olaraq bu binalara baxılmalıdır, ya söküntü, ya bərpa, bərkitmə işləri görülməlidir. Yaxud 5 mərtəbə deyilən ərazinin əksər hissəsi bu gün sökülməmiş qalır, amma hökumət mikrorayonları, Sabunçunu söküntü planına salır.



2006-13-cü illərdə neftin qiymətinin yüksək olduğu zaman ölkəyə çoxlu pul gəlirdi və müvafiq qərarlar da həmin vaxt qəbul olunub.  Ancaq hazırda neft gəliri əvvəlki qədər yoxdursa, hansı fəsadlar gözlənilir?

– Fəsadlar daha çox dövlətin ehtiyatlarının  tez “ərimə” təhlükəsilə bağlıdır. Çünki bu layihələr elədir ki, başlanıbsa, yarımçıq qala bilməz. Təsəvvür edin ki, 20-30 min civarında ailənin aylıq kirayə məsələsi gündəmə gəlir. Eyni zamanda, onlara tikiləcək mənzillər var ki, sahibkarlar buna maraq göstərməyə bilər. Yəni dövlət özü layihəni icra etməli olar.


– Dövlətin bu layihəni icra etməyə gücü varmı?

– Bu gün yoxdur. Dövlətin kifayət qədər ehtiyatları var, amma o ehtiyatlar şəhərsalmağa yox, daha fundamental layihələri həyata keçirmək üçündür.


– Son vaxtlar maşın bazarının, tikinti sektorunun çökməsi barədə səslənən fikirləri bölüşürsünüzmü?

– Ümumiyyətlə, istehlak bazarlarında çox ciddi problemlər var. Bu, daşınmaz əmlak, avtomibil bazarlarına, mebel sənayesinə və nəhayət, ərzaq məhsullarına da aiddir. Problemin əvvəlki bazarlara daha çox özünü göstərməsinin əsas səbəbi odur ki, alqı-satqı əməliyyatları məhdudlaşan xətt üzrə hərəkət edir. Təsəvvür edin ki, 2013-cü ildə ölkəyə 100 min avtomobil idxal olunubsa, 2015-ci ildə 37 min avtomobil. Kifayət qədər böyük fərq var. Səbəb də əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir və mən məsələlərə tam texniki yanaşmağın da tərəfdarı deyiləm. Problem daha çox makroiqtisadi durumla bağlıdır, ölkənin gəlirləri azalır, işsizlik artır və bundan irəli gələrək bazarlarda problem yaranır. Bu, o deməkdir ki, həmin bazarlara investisiya qoyuluşları da azalacaq.



O zaman yaxın 6 ayda tikinti sektorunda nə gözləyirsiniz?

– Açığını desəm, müsbət heç nə gözləmirəm.

Ana səhifəVideoBinaların sökülməsi layihəsi icra olunmaya bilər