Onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib
Məlumata əsasən hadisədə zərərçəkmişlər və 200-dən artıq şahid dindirilib. “Yanğının baş vermə səbəbləri, yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, eyni zamanda, müvafiq prosessual hərəkətlər yerinə yetirilir”.
Binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Hadisənin baş verməsində təqsirkar şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Foto: Əhməd Muxtar