Binada yaşayış ola-ola sökülür

Məcburi köçkünlərdən 106 ailə Masazırda salınan yeni evlərinə köçür. Xətai rayonu, Gəncə prospekti 20 ünvanında yerləşən qəzalı bina 26 oktyabrdan boşaldılır. Yerdə qalan 23 ailə – yüzdən çox yerli sakin isə qəzalı binada gözləmədədir. Onlar ya münasib kompensasiya, ya da ev istəyirlər.

Sakin Surac Cəfərov: “Bizim evləri kvadrata aldılar. Qapılarımıza nömrə vuruldu ki, qəzalı vəziyyətdə olan bina nə vaxtsa köçürüləndə sizə ya kompensasiya, ya da ev veriləcək. Heç kim buradan əliboş getməyəcək. Amma vitse-prezidentimiz Mehriban Əliyevanın qərarından sonra qaçqınların köçürülməsi alınıb, ancaq bizim yerli sakinlər haqqında hara gedirik, kimə gedirik heç bir məlumat vermirlər”.

Gedənlərin evi uçurulur. Bu da qəzalı vəziyyətdə olan binanın sakinlərini sək-səkədə qoyur.

Sakin Fənarə Əliyeva: “ Bina qəzalıdır, binanı uçururlar. Bina hər gün sökülür, hər dəqiqə uşağımız keçir, başına daş, şüşə tökülür. İşıq naqilləri ayaq altındadır. Uşaqlar naqillərə ilişir. Binanı niyə sökürlər? Qəzalı olduğuna görə. Bir yandan da uçururlar, bina silkələnir. Səhərə qədər yata bilmirik ki, indi uçar, bu saat uçar. Belə yaşamaq olmur. Bizə bir söz desinlər, xahiş edirik”.

Sakin Mirhəbib Həsənov: “Gecə bir də görürsən, nəsə tərpənir. Elə bilirsən ki, zəlzələdir. Mən özüm xəstəyəm, gecələr yata bilmirəm deyə bunları bilirəm. Ayağa durursan ki, heç nə yoxdur. Amma hiss eləyirsən ki, bina tərpənir. Bilinir ki, sürüşür”.

Ərazidə olan icra nümayəndəsi Məmməd Hüseynov 23 ailənin müqəddəratının necə olacağını bilmir.

İcra nümayəndəsi Məmməd Hüseynov: “Burada məcburi köçkünlər var, onlar köçürülür. Biz də nəzarət edirik ki, həmin yerlərə başqa ailələr köçürülməsin. Qaldı ki, burada yerli camaatla bağlı hələ bir məlumat yoxdur ki, hara köçürülməlidir, evlə təmin olunmalıdır… Bizə heç nə deməyiblər. Biz nə deyə bilərik?! Bizə nə vaxt göstəriş verilər, o vaxt addım atarıq”.

Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyir ki, üst qurumlara 23 ailənin yerləşdirilməsi ilə bağlı müraciət ediblər.

“Biz əlaqədar təşkilatlara ətraflı məlumat vermişik. Göstəriş gözləyirik. Qərar qəbul olunandan sonra biz onu icra edəcəyik”.

Sakinlər deyir ki, bina 1994-cü ildə sürüşüb qəzalı vəziyyətə düşüb. 1997-ci ildən burada yaşayanlar var. İndi onlar gələcək yaşayış yerləri ilə bağlı məlumat gözləyirlər. Binanın arxasında isə köçənlərin evlərindən geri qalanları metal alıcıları satış üçün saf-çürük edirlər.

Ana səhifəVideoBinada yaşayış ola-ola sökülür