Bina sakinləri ağacların kəsilməsinə narazılıq edir

”Obyekt sahibi deyir ki, əcəb edirəm, əlimdə sənədim var”

Source:
Foto Meydan TV
Foto Meydan TV


”Obyekt sahibi deyir ki, əcəb edirəm, əlimdə sənədim var”

Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 20 ünvanının sakinləri şikayətçidir. Onlar binaların qarşısındakı ağacları kəsib, yerində obyekt tikilməsindən narazıdılar.

Sakinlər Meydan TV-yə müraciət edərək, problemlərinin işıqlandırılmasını istəyirlər. Düşünürlər ki, bəlkə bu yolla aidiyyatı qurumların onların səsini eşidəcəyinə ümidlidirlər:

“Bugün əqədər şikayət etmədiyimiz yer qalmayıb. Belə başa düşdük ki, sakinlərin quruca şikayəti maraqlandırmır onları. Əvvəlcə evimizin qarşısındakı ağacları kəsdilər, sonra da yerində obyekt tikməyə başladılar. Özü də düz blokun qarşısında. Nə yaşıllığımız, nədə maşınımızı saxlamağa yer qaldı”.

Sakinlər bildirirlər ki, dəfələrlə obyekt sahibi ilə də danışıqlar aparıblar. Ona vəziyyəti izah ediblər:

“Cavabında dedi ki, “əcəb edirəm, əlimdə sənəd var”. Bizim anlamadığımız odur ki, həmin sənədi ona hansı məmur verib? Həmin məmurun ailəsi, uşağı yoxdur? Bilmir ki, binanın qarşısında uşaqların oynadığı, maşınların saxlandığı, yaşlıların istirahət etdiyi yerdə obyekt tikmək olmaz? Bu, necə düşüncədir?”

Sakinlər aidiyyatı qurumlara, xüsusən də Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək problemlərinin həll edilməsini istəyirlər:

“Xahiş edirik bir tədbir görəsiniz, binamızın qarşısının zəbt edilməsinə göz yummayasınız”.

Nərimanov rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən Meydan TV-yə dedilər ki, sakinlərin şikayəti araşdırılacaq:

“Ünvanı götürdük. Araşdıracağıq. Sakinlərin dediyi kimi tikili həqiqətəndə orada yaşayanlara ciddi maneçilik törədirsə, qarşısı alınacaq”.

Ana səhifəXəbərlərBina sakinləri ağacların kəsilməsinə narazılıq edir