“Bəzi şirkətlər bazarda inhisarçı mövqe yaradıblar”

Natiq Cəfərli: “Hansı xərclər artıb ki, qəsəbələrə gedən marşrutlarda qiymətlər artırılmalıdır?”

Source:


Natiq Cəfərli: “Hansı xərclər artıb ki, qəsəbələrə gedən marşrutlarda qiymətlər artırılmalıdır?”

Tarif Şurası (TŞ) sentyabrın 5-də bir sıra şəhərətrafı marşrutlarda gediş haqqına yenidən baxıb. Amma qəribə də olsa, Şura qərar barədə məlumat yaymayıb və əhali yeni tarifləri sürücülərdən öyrənib.

“Turan İA”-nin məlumatında belə deyilir. Agentlik bildirir ki, TŞ-nın sentyabrın 6-da qüvvəyə minən qərarına əsasən, 15-25 km uzunluğunda avtobus marşrutlarının sayı 45-dən 53-ə artırılıb. Bu avtobuslarda gediş haqqı 25 qəpikdir. Əvvəllər 11 marşrutda gediş haqqı 35 qəpik (uzunluğu 40 km-dək) idi, 5 sentyabrda bu siyahıya 2 marşrut əlavə edilib (100, 107, 126, 136, 141, 149, 157, 172, 194, 196, 197, 200, 212). Sərnişinlər daha bir marşrutda 50 qəpik ödəyəcək və indi 3 marşrutda gediş haqqı bu qədərdir (101, 164, 171).

“Sərnişinlərə yaxşı xəbər də var: əvvəllər 20 marşrutda 30 qəpik ödənilirdi (25-30 km), indi 5 marşrut bu siyahıdan çıxarılıb”,- deyə məlumatda bildirilir.

“Turan İA” daha sonra bildirir ki, 26 dekabr 2005-ci il tarixli «TŞ haqqında Əsasnamə»yə əsasən, TŞ katibliyi dövlət qiymət tənzimlənməsinin vacibliyi, məqsədi və nəticələri barədə KİV vasitəsi ilə əhalini məlumatlandırmalıdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin (bu qurumun rəhbəri TŞ-nın sədridir) mətbuat xidmətinin rəhbəri Abbas Əliyev saytlardan birinə deyib ki, tariflərə yenidən baxılması bir sıra marşrutların uzunluğunun dəyişməsi ilə bağlıdır.

Son dəfə TŞ avtobuslarda gediş haqqına 2013-cü ilin mayında baxıb.

Bundan əlavə, Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ay ərzində hava nəqliyyatında sərnişindaşıma tarifləri MDB ölkələri üzrə 4,2 faiz bahalaşıb.

Bahalaşma dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tariflərində də müşahidə olunub – 4,3 faiz.

Mövcud durumu Meydan TV-yə şərh edən REAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli bildirib ki, “AZAL” şirkəti Azərbaycanda

inhisarçı və yeganə dövlət şirkəti olduğundan bu qurumun diqtəsi ilə qiymətlər müəyyən olunur.

İqtisadçının sözlərinə görə, hökumət rəqabətli mühitə şərait yaratmadığından “AZAL” təkbaşına böyük bir oyunçudir. Əsasən də MDB ölkələrinə uçuşları özü təşkil edir, bu mənada qiymətlərin tənzimlənməsində, yaxud qiymət artımında təəccüblü heç nə yoxdur:   “Ən azı qonşu Gürcüstanda olduğu kimi digər iri və büdcəli biletlər sata biləcək şirkətləri Azərbaycan bazarına buraxsaydılar,  həm xarici ölkələrə, həm də daxili uçuşlarda qiymətlər tamam fərqli olardı, ya da qiymətlərin xeyli enməsi ehtimalı yaranardı. Amma Azərbaycan hökuməti bütün sahələrdə inhisarçılığı bir idarəetmə forması kimi götürdüyündən bu “AZAL”-da eynu situasiya təkrarlanıb”.

Natiq Cəfərli ikinci məqam kimi bildirib ki, “AZAL” dövlətdən borc götürən böyük inhisarçı şirkətlərdən biridir. Təxminən son 5 ildə “AZAL” dövlətdən 480 milyon manata yaxın vəsait götürüb və ödənişi bu ildən başlanmalıdır.

“Çox güman ki, “AZAL”-da müəyyən maliyyə problemləri olduğundan qiymətlərin qaldırılması vasitəsilə götürülmüş kreditlərin qapadılmasını düşünürlər. Əslində, bu, bəsit yoldur və insanların cibinə girməklə əldə olunan gəliri götürməkdir”,- deyə müsahibimiz bildirib.

O, dünyada neftin qiymətində ciddi enmə müşahidə olunduğunu xatırladaraq bildirib ki, bir çox aviaşirkətlər biletlərdə də endirilmələrə gedilməsi haqqında anonslar verdi, xüsusən də Avropa şirkətləri: “Belə şəraitdə Azərbaycanın neft ölkəsi olduğunu və aviakerosin istehsal etdiyini nəzərə alaraq heç bir ortalıqda iqtisadi əsas olmadan qiymətlərin qaldırılmasıni inhisarçılıq və “AZAL”-ın dövlət şirkəti olmağıyla əlaqələndirmək olar. Rəqabətli mühit olsaydı, bu, mümkünsüz idi”.

Qəsəbələrə gedən marşrutlarda qiymətlərə gəlincə, iqtisadçı bu barədə çoxdan müzakirələrin getdiyini söylədi. Onun fikrincə, bu artımın izahını Tarif Şurası, ya da Nəqliyyat Nazirliyi  verməliydi.

“Nəyə əsaslanaraq, nə baş verib, hansı xərclər artıb ki, qəsəbələrə gedən marşrutlarda qiymətlər artırılmalıdır? Yanacaqdan söhbət gedirsə, marşrutlarda istifadə olunan yanacağın qiymətində dəyişiklik olmayıb. O zaman yenə sual olunur, nə baş verib, hansı xərclər artıb ki, qiymətləri artırırlar?!”-deyən Natiq Cəfərli dedi ki, Nəqliyyat Nazirliyi bu suallara cavab verməkdə borcludur.

İqtisadçı təəssüfləndi ki, yenə sualın cavabını Azərbaycanda xroniki xəstəlik olan inhisarçılığı xatırlamalı olacağıq: “Sadəcə, bəzi şirkətlər Nəqliyyat Nazirliyinə bağlı olduğundan bazarda inhisarçı mövqe yaradıblar və bundan istifadə edib istədikləri vaxt qiymətləri qaldırırlar”.

İqtisadçı bildirdi ki, metro nəqliyyatında qiymətlərin artırılması barədə fikirlərə gəlincə, bu məsələyə metropoliten rəhbərliyi və hökumətin müvafiq orqanları bu məsələyə izah versinlər ki, nəyə qiymətin artması barədə məsələ qaldırırlar: “Metroda elektrik enerjisinin qiymətimi artıb, daşınma xərclərindəmi müəyyın artım olub, maya dəyəri artımı baş veribmi? Yeganə izah kimi qonşu ölkələrdə metro nəqliyyatında qiymətlərinin bizdəkindən baha olmasını göstərirlər. Bu, normal izah deyil, çünki Latın Amerikasının bəzi ölkələrində metroda gediş haqqı bizim pulla 5 qəpikdən də ucuzdur. Çox güman ki, hökumət izah vermədən metronun qiymətini qaldıra bilərlər, insanlarımızın da qiymət artımına etiraz etməməsi təəssüfləndiricidir. Hökumət də bunu nəzərə alaraq gərək düşünsün ki, bu artım əhalinin narazılığına səbəb olar”.

Ana səhifəXəbərlər“Bəzi şirkətlər bazarda inhisarçı mövqe yaradıblar”