Beynəlxalq dərəcəli hakim: Hamı şahmatı öyrənə bilər, amma hamı idmançı ola bilməz

Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul edən yeganə dövlətdir.

Source: Specify Source


“Yaxşı şahmatçı olmaq üçün xüsusi istedad olmalıdır”

Beynəlxalq Şahmat Günü hər il 20 iyulda qeyd olunur.

1966-cı il 20 iyulda Beynəlxalq Şahmat Federasiyası (FIDE) qurulub.

2019-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatı bu günü Beynəlxalq Şahmat Günü olaraq elan edib.

Bu gün şahmat dünyanın ən populyar stolüstü oyunlarından biridir.

FIDE-yə ( Beynəlxalq Şahmat Federasiyası) görə, dünyada 600 milyondan çox müntəzəm şahmatçı var və yetkin əhalinin təqribən 70% -i həyatları boyunca bir nöqtədə şahmat oynayıb.

Şahmatla əlaqəli ən böyük üstünlüklərdən biri də bu oyunun digər idman növlərindən daha sərfəli və əhatəli olması göstərilir. Yəni hər kəs yaşından, cinsindən, dilindən, sosial vəziyyətindən və ya fiziki qabiliyyətindən asılı olmayaraq şahmat oynaya bilər.


Azərbaycanda dövlət nəzdində 8 şahmat məktəbi var

Bəs Azərbaycanda şahmata nə dərəcədə maraq var, şahmatı öyrənmək istəyənlər hara müraciət etməlidirlər?

Azərbaycanda Təhsil Nazirliyinin tabeliyində 8 şahmat məktəbi var. Bu məktəblərdə şahmat dövlət hesabına həvəskar uşaqlara öyrədilir.

"Təhsil" Respublika İdman Mərkəzinin 4 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin baş təlimatçısı Rahilə xanım şahmata böyük maraq olduğunu deyib:

“Hər gün onlarla valideyn məktəbimizə müraciət edir. Hazırda məktəbimizin 957 şagirdi var. Bizdə hər şey dövlət hesabınadır. Bu da uşağını şahmata qoymaq istəyən valideynlər üçün çox əlverişlidir. 5 yaşdan 17 yaşa kimi bütün uşaqlar məktəbimizə yazıla bilər.

Şagirdlərə 4-cü dərəcədən başlayaraq şahmat öyrədirik. Daha sonra şagird təsnifat turnirinə qoşularaq öz dərəcəsini qaldıra bilər. 1-ci dərəcəyə kimi müəllimlərimiz uşaqlara şahmat oynamağı öyrədir. Daha sonra isə idman ustalığına namizəd mərhələsi başlayır. Bu mərhələdə şagirdlərimiz məktəbdən məzun olmuş hesab edilir”.


İlk 4 mərhələni zəhmət və sevgi göstərən hər kəs öyrənə bilər

Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə düşünür ki, hamı şahmatı öyrənə bilər, amma hamı idmançı ola bilməz. Bunun üçün xüsusi istedad olmalıdır:

“Mən istəyərdim ki, orta məktəblərdə şahmat dərsləri keçirilsin, ən azından 1-ci dərəcədə hər bir uşaq şahmat oynaya bilsin. Doğrudur, uşaqların şahmatı qavrama qabiliyyəti bir-birindən fərqlidir. Əsasən 5 yaşından uşaqlar şahmatı öyrənə bilirlər, amma elə uşaq var ki, 3 yaş yarımında da götürüm qabiliyyəti yüksək olur. Valideynlər əgər uşaqlarının şahmatla məşğul olmasını istəyirlərsə, məktəbə qədər övladlarını şahmata yazdırsalar yaxşı olar. Beləcə uşaqlar məktəbə də daha tez uyğunlaşar. Şahmat 6 mərhələdən ibarətdir. İlk 4 mərhələni zəhmət və sevgi göstərən hər kəs öyrənə bilər. Şahmata ilk başlayanlar 4-cü mərhələdə sayılır. 1-ci mərhələni bitirən istedadlı şəxslər isə şahmat ustalığına namizəd ola bilər, ən son mərhələyə gəlib çatanlar şahmat ustası ünvanını alacaq. Amma şahmat ustalığına namizəd və şahmat ustası olmaq hər adama nəsib olmur. Bunun üçün yüksək talant olmalıdır”, – deyə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə bildirib.

1548231380_51032934_2045331338895839_7686511568728621056_n (1).jpg
Nurəli Məmmədzadə

Şahmat üzrə ekspert Emin Əliyarlıya görə istedadlı şahmatçılar yarışlardan yüksək məbləğlər əldə edə bildiklərinə görə sosial vəziyyətləri yetərli qədər yaxşıdır. Üstəlik, yarışlarda həm dövlət xətti ilə, həm də öz təşəbbüsləri ilə istədikləri qədər iştirak edə bilərlər. Əgər şahmatçı istedadlıdırsa, bu yarışlardan evə mükafatlarlarla dönəcək:

“Azərbaycanlı şahmatçılar demək olar ki, bütün turnirlərdə təmsil olunur. Hazırda Dünya kuboku gedir. Azərbaycandan 3 şahmatçı bu yarışda iştirak edir. Bildiyiniz kimi 2019-cu ildə bu kubokun qalibi Temur Rəcəbov olmuşdu. Şahmatçıların gəliri adətən yarışlardan olur. Yarışlara idmançı həm dövlət xətti ilə, həm də öz təşəbbüsü ilə gedə bilər. Yarışların mükafat fondları fərqlidir. Eləsi var 50 min avro, eləsi də var 25 eləsi də var 5 min avro mükafat verir. Amma elit şahmatçılar üçün olan yarışların mükafatları adətən daha çox olur. İdmançılar üçün yarışlar həmişə var. Sadəcə yarışlarda iştirak idmançının özünü hazır hiss edib-etməməsi ilə əlaqəlidir. Əgər şahmatçı hiss edirsə ki, o yarışa hazırdır, bir yarışdan çıxıb digərinə də girə bilər. Şəhriyar elə olur ki, 3-4 ay Azərbaycanda olmur. Bir yarışda iştirak edir, 2-3 gün dincəlir, sonra başqa ölkəyə yarış üçün gedir. Şəhriyar Xorvatiyada idi, orada yarış bitti, birbaşa uçdu Soçiyə. Avqustun 8-nə kimi Dünya kuboku davam edəcək, o da bitən kimi Şəhriyar Amerikaya uçacaq. İyun ayının əvvəli Şəhriyar Rumuniyada keçirilən Grand Chess yarışlarında qələbə qazandı, 90 min dollarla mükafatlandırıldı. Amma təbii ki, gənc şahmatçılar o qədər yarışda iştirak etmir. Yerli turnirlər isə pandemiyaya görə bir müddət idi ki keçirilmirdi. Yeni-yeni təşkil olunur. Hər il yayda “Baku Open”, “Naxçıvan Open” turnirləri keçirilirdi. Ora 20-30 ölkədən şahmatçılar gəlirdi. Bu yarışlarda yüksək səviyyəli idmançılarla yanaşı, orta səviyyəli gənclər də qatılırdı. Səhv etmirəmsə, bu yarışların mükafat fondu 10 min dollar idi”.

Ekspert bildirib ki, Azərbaycanda qadın şahmatçıların uğurları kişilərdən xeyli azdır. Ölkədə ən uğurlu şahmatçı qadın isə Günay Məmmədzadə hesab olunur. O, FİDE-nin 2021-cu ilin iyul ayı üçün olan reytinq siyahısında 2460 xalla Azərbaycan qadın şahmatçıları arasında birincidir. "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb. Günay, FİDE-nin reytinq siyahısında həm əmsalına (2460 xal, iyul 2021), həm də mövqeyinə görə (25-ci yer, 2460 xal, iyul 2021) ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır.

“Qadın şahmatçılarımızın uğurları kişilər qədər çox deyil. İki kişi şahmatçımız dünya reytinqində ilk 10-luqdadır. Bu ilk 10-luqda ABŞ-dan 1 nəfər, Rusiyadan 2 nəfər var. Qadınlarda isə ilk onluğa düşə bilmirik. Amma gələcəkdə yaxşı nəticələr göstərəcəyinə inandığım qadın şahmatçımız var- Günay Məmmədzadə. 19 yaşı var, bu dəqiqə o, qadınlar arasında dünyada 25-cidir. Bu yaxınlarda Gram prime yarışlarında iştirak edib. Bu yarış elitar şahmatçıların iştirak etdiyi yarışdır. Günay Məmmədzadə orada 3-cü yeri tutdu. Bu nəticəni ondan heç kim gözləmirdi. Çünki fovaritlərdən sayılmırdı. Hətta Günay reytinqə görə o yarışda iştirak edə bilməzdi. Beynəlxalq Şahmat Federasiyası perespektivli şahmatçı kimi onu dəvət etmişdi. Günay bu yarışda çox güclü şahmatçılara qalib gəldi. Beynəlxalq Şahmat Federasiyası onun haqqında bir neçə sujet hazırlayıb öz səhifəsində paylaşıb”,- deyə Emin Əliyarlı bildirib.

Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul edən yeganə dövlətdir.


Şahmat da pandemiyadan təsirlənib

Şahmat məktbində işləyən beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadəni isə şahmata yeni başlayan uşaqların həvəsdən düşməsi qayğılandırır. O deyir ki, 1 ildən çoxdur ki, pandemiya səbəbindən məktəblərin işləməməsi idmançıların zəifləməsinə, yeni şahmata başlayanların isə həvəsdən düşüb idmanı atmasına səbəb olur.

“Doğrudur, təcrübəli idmançılara karantin vaxtı onlayn dərs keçmək olurdu. Amma şahmata 0-dan başlayan balacaları onlayn öyrətmək çox çətindir. Uşaqların çoxu həvəsdən düşüb. Təcrübəli idmançıların da nəticələrində geriləmə var. Düzdür, b,u təkcə şahmata yox, bütün idman növlərinin yaşadığı problemdir, amma hər halda biz də pandemiyadan xeyli zərər görürük” -, deyə Nurəli Məmmədzadə bildirib.

Ana səhifəSosialBeynəlxalq dərəcəli hakim: Hamı şahmatı öyrənə bilər, amma hamı idmançı ola bilməz