“Dedilər: “Elə öldür ki, qızın bunu hiss etməsin”
“Məktəb yoldaşlarım mənə ”şəkilini çəkmişik, onu internetə qoyarıq” – deyib, şantaj etdilər. Beləcə 3 il boyunca zorladılar, səsimi çıxara bilmədim”, – məktəb yoldaşlarının təcavüzünə məruz qalan Beyləqanlı şagirdin sözləridir.
O, başına gələnləri aznews.az-a danışıb.
Yeniyetmə qız hadisənin heç də yeni olmadığını, 9-cu sinifdə oxuyandan başladığını deyib:
”Video və fotolarımı çəkmişdilər. Münasibətdə olmadığım təqdirdə yayacaqları ilə hədələyirdilər. Rasim məktəbdə mənimlə qeyri-ənənəvi yolla cisi əlaqədə olub. Bunu videoya çəkib. Sonra həmin videonu aparıb digər sinif yoldaşım Kamilə göstərib. Ondan sonra Kamil də mənə yaxınlaşıb deyirdi ki, “sənin şəkillərin, videon var. Əgər mənim istədiyimi, tələblərimi yerinə yetirməsən, onları internetə qoyacam”. Mən də qorxurdum. Bu üzdən o nə deyirdi edirdim. Həmişə mənə deyirdi ki, “səndən qisas alacam, məcbur edəcəm ki, məni sevəsən”.
Yalvarışlarıma, göz yaşıma belə baxmadılar
Məktəbli deyir ki, onların dediklərini etməyəndə saçından tutub, məcbur edirmişlər. Yayılan video isə dərs çıxışı çəkilib:
”Hamı gedirdi. Murad adlı sinif yoldaşım məni qolumdan tutub saxladı, dedi: “Dayan Rasimin sənə sözü var”. Çıxmaq istəyədə Rasim saçımdan tutaraq boynumdan vurdu. Dedi: “Nə deyirəm, elə”. Geri çəkildim ki, sinifdən çıxım, bu vaxt Murad qapını arxadan tutdu. Yalvardım ki, qapını aç, mənə kömək elə. O, mənə kömək eləmədi. Əksinə, “Rasim nə deyirsə, o da olacaq”, – dedi. Yalvardım ona, “çəkmə məni”- dedim. Yalvarışlarıma, göz yaşıma belə baxmadı. Həmin an Rasim olanları çəkirdi”.
Qızlar mənə əxlaqsız kimi baxırdı
Daha sonra həmin video internetdə yayılıb və bütün kənd bilib. Qız deyir ki, bundan sonra heç kəs onu görmək istəməyib:
”Qızlar mənə əxlaqsız kimi baxırdı. Hamı “bizdən uzaq ol, sən pozğunsan, tərbiyəsizsən”, – deyə məndən uzaq gəzirdi. Mən onları başa salmaq istədim, amma heç kim məni dinləmirdi. Ondan sonra məktəbə getməyin də mənası yox idi. Odur ki, qapıları bağladım, oturdum evdə, yaşamamaq üçün yollar axtarırdım”.
Dözə bilmirdim, iyrənirdim bu həyatdan
Yeniyetmə deyir ki, məktəb rəhbərliyi də onu qınayıb: ”Direktor yox idi. Həmin anda əvəzləyici vardı. O da gəlib məni günahlandırdı. Dedi: “Bunlar səni ilk dəfə zorakılığa məcbur edəndə gərək deyəydin”. Mən 3 il idi zorlanırdım, amma bu hadisəni içimdə çəkirdim. Olanları dəftərə yazdım. Dedim ki, ölsəm, bunu kimsə görsün. Özü də həmişə dəftəri evdə stolun üstünə qoyardım. Deyirdim, kaş anam onu oxuyaydı, mənə kömək edəydi. Özümü öldürmək istəyirdim. Çıxış yolum ölüm idi. Dözə bilmirdim, iyrənirdim bu həyatdan”, – cavabını verib.
Hadisənin kökü qızım 5-də oxuyanda qoyulub
Qızın anası deyir ki, bu hadisənin kökü hələ qızı 5-ci sinifdə oxuyanda qoyulub. Həmin vaxt qızına məktəbdə xərclik pulu verirmiş. Rasim onu qorxudub əlindən pulunu alırmış. Bu hal dəfələrlə baş verib:
”Getdim məktəbə ki, müəllimələr buna bir əncam çəksin. İki dəfə də Rasimin anası ilə danışdım. Mənim uşağımı ilk olaraq Rasim pozub. Onu seksual hərəkətlərə məcbur edərək videoya çəkib, sonra da yayıb. Amma bu adam hələ azadlıqdadır. 9-cu sinifdə isə onunla məktəbdə qeyri-ənəvi yolla cisi əlaqədə olub. 3 il onu şantaj altında saxlayıb. Hədələyib ki, “səni çəkmişəm, gəlməsən, video görüntülərin internetə qoyulacaq”. Rasim məktəbdə çox qıza təklif edib. Bunu mənə məktəbin müəlliməsi deyib. Ən dəhşətlisi isə baş verənlərdən sonra hamının kənara çəkilməsi oldu. Müəllimlərin bundan xəbəri olub, amma susublar”.
Dedilər, ana olaraq onu öldürmək sənə düşür
Ana deyir ki, hadisədən sonra bütün ailə ondan qızını öldürməsini istəyib:
“Dedilər: “Elə öldür ki, qızın bunu hiss etməsin. Kimi dedi “yuxu dərmanı ver”, kimi də dedi ki, qazı aç boğulsun ölsün. Hətta bacıma da deyiblər ki, qazı aç, ikisi də ölsün. Dedim, nə olursa-olsun, uşağım mənə qəbuldu. Bir ana olaraq mən onu öldürə bilmərəm. Mən anayam, bir ana doğduğu uşağı necə öldürə bilər? Mən onda hər hansı əxlaqsız hərəkət görməmişəm. Mənim uşağımı zorlayıblar, məcburən bu hərəkəti etdiriblər. Çantamı, qızımı götürüb gecə ikən qaçdım. Çünki kənddə də bizi qəbul eləmirdilər. Hadisədən sonra bizim o kənddə qalmağımız təhlükəli idi. Bütün həyatımı qızıma, ərimə həsr etdim. Amma sonda həyat yoldaşım məni qoyub getdi”.
Şikayətimizi geri çəkmək üçün pul təklif etdilər
Ana deyir ki, qızını zorlayanlardan birinin ailəsi şikayətlərini geri çəkmək qarşılığında onlara pul təklif edib:
”Rasimin valideynləri mənə qızımı almaq təklifini də etdi. Amma razı olmadım. Onsuz da bir aydan sonra boşayacaqdılar. Məqsəd mənə şikayəti geri götürtmək idi. Hələ pul da təklif edilib. Hardasa 20-30 nəfər adam gətirmişdilər. Mən heç birini qəbul eləmədim. Deyirdilər 30 min manat da pul verəcəyik, razılaşmadım”.
Sığınacağa gələndə bərbad durumda idi
Hazırda məktəbli Azərbaycan Uşaqlar Birliyinində qalır. Birliyin sədri Kəmalə Ağazadə Meydan TV-yə bildirib ki, qız sığınacağa gələndə çox bərbad vəziyyətdə olub:
”Dəfələrlə intihara əl atıb. Anasına onu öldürməyi tapşırıblar. Ana da uşağını götürüb kənddən çıxıb. Qıza da, anaya da psixoloji dəstək vermişik. Ancaq indi açılan işi bağlamaq istəyirlər. Guya qız öz istəyi ilə əlaqədə olub. Bu, doğru deyil”.
Hadisə ilə bağlı iki Beyləqan sakini – Tural Kərimov və Kamil Hümbətov Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) həbs olunub.
Həbs edilənlərdən Kamil Hümbətovun anası Təranə Mehtiyeva oğlunun günahsız olduğunu deyir:
”Məmur övladlarının etdiyi günahın cəzasını oğlum çəkir. Onlar etdiklərinə görə sadəcə şahid qismində dindiriliblər. Oğlum isə etmədiyi günahın cəzasını çəkir”.
Təranə Mehdiyeva cinayət işinin obyektiv araşdırılmadığını söyləyir. Deyir, qıza qarşı nalayiq hərəkət edib, videoya çəkib, yayanlar qalıb kənarda, cəzanı günahsız olan oğlu çəkir:
“Dəfələrlə işin yenidən araşdırılması üçün ərizə ilə müraciət etmişəm, baxmayıblar. Prezident məmurlara vətəndaşlarla münasibətdə süründürməçiliyə yol verməməyə, problemlərini həll etməyə çağırıb. Beyləqandakı olayla bağlı biz eynisini görmədik. Cinayəti törədənlər qalıb kənarda, oğlumu həbs ediblər”.
İddiaya görə, Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z oğlan dostunun təcavüzünə uğrayıb. M.Hüseynov onu bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyib. A.Z.-nı əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur edib.
Məlumatı ilk dəfə Meydan TV yayıb. Adının açıqlanmasını istəməyən mənbə redaksiyaya A.Z.-nın təhdid edildiyi videogörüntüləri də göndərmişdi. Bildirirdi ki, video ilə təhdid edilən qız 20-dək şəxsin cinsi təcavüzünə məruz qoyulub.
Görüntüdə qız istəmədiyi cinsi münasibətə məcbur edilir. Hadisə sinif otağında baş verir. Otaqda partalar, divarda lövhələr var. Hətta bəzi adlar da səslənir. Qız “xahiş edirəm, silin, nə olar, silin”, – deyə yalvarır: “Başınıza dönüm, silin, etməyin”, – deyir.
Yazı Meydan TV-də dərc edildikdən sonra Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlandı. Nəticədə Beyləqan rayon sakini, yetkinlik yaşına çatmayan A.Z.-ya qarşı həmkəndliləri – 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktına görə həbs edildilər.