DİN məlumatı təsdiqləyib, saxlanılanların olmadığını deyib
Bakı Şəhər Baş Polis İdarəsi hazırda həbsdə olan fəal Bəxtiyar Hacıyevin paytaxtda yaşadığı evdə, Gəncə şəhərindəki ata evində, qardaşının, o cümlədən dostlarının mənzillərində, avtomobilində axtarış, götürmə və digər istintaq hərəkətləri aparır.
Bu barədə vəkil Elçin Sadıqov Meydan TV-yə açıqlamasında deyib.
Vəkil həmin adamların telefonlarının da müsadirə olunduğunu bildirib.
Elçin Sadıqovun sözlərinə görə, iyunun 28-də Bəxtiyar Hacıyevin həbs müddəti başa çatdığından Bakı Baş Polis İdarəsi onu həbsdə saxlamaq üçün bu hərəkətlərə başlayıb:
“Məncə, axtarış, götürmə istiqamətində Bəxtiyar Hacıyevə qarşı yeni ittiham irəli sürülə bilər”.
Vəkil bildirib ki, Bəxtiyar Hacıyevin dostlarından Rail Abbasovun telefonu alınıb, amma özünün harada olduğu məlum deyil.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis leytenatı İbrahim Əmiraslanlı Meydan TV-yə deyib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir.
DİN rəsmisi bildirib ki, saxlanılan yoxdur.
Bəxtiyar Hacıyev aprelin 20-də Xətai Rayon Məhkəməsində qapalı iclasda demişdi ki, bir müddət öncə azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib:
“Bundan sonra da əfv ərizəsi yazmağa, başqa lazım olan addımları atmağa hazırdır. Əgər müraciətim kifayət etmirsə, desinlər. Mən kommunikasiyaya hazıram. Məndən tələb olunan nədir, onu desinlər…”.
2022-ci ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.
Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.
Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı.
Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir. Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edirdi.
O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.
O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.
Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.