Xuliqanlıqda günahlandırılan ictimai fəal ifadə verməkdən imtina edib
Harvard Universitetinin məzunu, bloger, sabiq siyasi məhbus Bəxtiyar Hacıyev Nərimanov rayon Polis İdarəsinə çağırılıb. Bu barədə Bəxtiyar Hacıyev özü Meydan TV-yə məlumat verib.
Onun sözlərinə görə, Türkiyə vətəndaşı olan azərbaycanlı aktrisa Məlahət Əhmədovanın həyat yoldaşı hüquq-mühafizə orqanlarına şikayət edib:
“Mən bu məsələni təfərrüatı ilə açmaq istəmirəm. Amma fakt budur ki, qarşı tərəf məndən 30 min manat alıb və qaytarmayıb. Halbuki həmin şəxsin qanunsuz hərəkətləri ilə bağlı hüquq-mühafizə orqanlarına vaxtında müraciət etmişəm.
Çox təəssüf ki, Azərbaycanın hüquq-mühafizə orqanları öz vətəndaşlarının müraciətlərinə etinasız yanaşırlar. Ancaq Türkiyə vətəndaşları bizdən şikayət edərkən araşdırırlar. Bu, müstəntiq Elnur Məmmədlinin ifadə alarkən mənə verdiyi suallarda da özünü büruzə verdi. Müstəntiq Türkiyə vətəndaşının cavabları əsasında mənə suallar verirdi. Bu isə doğru deyil. Ona görə mən ifadə verməkdən imtina etdim”.
Bəxtiyar Hacıyev ona qarşı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi açıldığını deyib.
İctimai fəal bu olayın sifariş olduğunu düşünmür. Ancaq müəyyən şəxslərin əlinə fürsət düşdüyü qənaətindədir. O, hələlik araşdırma apardığından konkret danışmaq istəmir.