DSK sədri: “Onun yazdıqları cəfəngiyyatdır”
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 29 saylı Səbail Seçki Dairəsindən namizədliyini irəli sürən “Human Capital Consulting” MMC-nin direktoru Bəxtiyar Hacıyev DSK sədri Cahangir Məmmədovu seçkini saxtalaşdırmağa hazırlıqda ittiham edib.
Bəxtiyar Hacıyev bu barədə “Facebook” səhifəsində məlumat paylaşıb.
B.Hacıyev qarşılaşdığı vəziyyətlə əlaqədar prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyini qeyd edib:
“Məktubla bərabər təşviqat materialları da göndərdim. Məktubda onların səs verəcəyi dairədə durumun islahat, yoxsa, köhnə qaydalar olub-olmayacağı barədə test olacağını qeyd etmişdim”.
Bəxtiyar Hacıyev DSK sədrinin kabinetində olduğunu bildirib:
“Dairədə olarkən seçkilərin nəticələrinin 10 gün əvvəldən artıq DSK sədrinin masasında olduğunu gördüm. Rəqibimə (Bakı şəhər Halqası Əməliyyat Şirkəti, Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai nəzərdə tutulur) 5 dəfə artıq səs yazılıb, ikinci yer YAP-çı qız (İcra katibliyinin Gənclər Birliyi Ofisi, koordinator Aytən Hüseynova), mənə isə 30 məntəqə üzrə hərəsindən 35 nəfər səs yazıblar. Digər detalları da yazmışdılar. Prezidentə müraciət edirəm, bu hal birdəfəlik olaraq “islahat” mesajının arxivə göndərilməsi, vətəndaş səsinə hörmətsizlikdir”.
O, jurnalistlərə və beynəlxaq təşkilatlara da müraciət edib:
“Jurnalistlərə səslənirəm: DSK sədrinə zəng edin, “500 nəfər arasında sorğu nəticələridir” deyən adamdan soruşun ki, 500 nəfərlik sorğuda Bəxtiyar necə 1000 səsdən artıq toplayıb? Beynəlxalq təşkilatlara səslənirəm: bu dairədə exit-poll keçirin, real mənzərəni görək”.
Meydan TV DSK sədri Cahangir Məmmədovla əlaqə saxlayıb. O, Bəxtiyar Hacıyevin DSK-da və onun kabinetində olduğunu təsdiqləyib.
Cahangir Məmmədov deyib ki, Bəxtiyar Hacıyevin yazdıqları cəfəngiyyatdır:
“Seçki başa çatmayıbsa, nəticələr necə məlum ola bilər?! O, çox şey danışa bilər və stolun üstündə nə görə bilər? Məgər, seçkilər başa çatıbmı ki, nəticılər də olsun?! Onun yazdıqları cəfəngiyyatdır”.