Gecə saat üç-dörd arası halım pisləşdi. Özümə qalsaydı, bəlkə ölmə-diril sabahı açardım. Uşaqlar duyuq düşüb “Təcili Yardım” çağırdılar. Ürəyim sanki tükdən asılmışdı, əlim-ayağım buza dönmüşdü. Allah üçünə zəngdən beş-altı dəqiqə keçməmiş iki nəfər gəlib çıxdı. Sürücü isti peçin yanında oturdu. O biri nəfər təzyiqimi ölçüb “doxsanın-altmışa” deyərək iynə hazırlamağa başladı.
– Nə vuracaqsız? – deyə soruşdum.
– “Analgin”- “Dimedrol”, – deyə kəsə cavab verdi. Vəziyyəti az qala ağlaya-ağlaya izah etməyə çalışdım:
– Ürəyim indicə dayanacaq kimi sıxılır, çox narahatam, bəlkə ona bir yardım göstərəsiz?
– Biz ürək işinə baxmırıq, səhər açılanda həkimə müraciət edərsiz, – dedi.
Mən yenə təslim olmaq istəmədim:
– Qızdırmamı da ölçməmisiz, bu “Analgin”-“Dimedrol” hardan çıxdı?
Adam heç bir reaksiya vermədən pambıqla yodu götürüb mənə yaxınlaşanda kökündən qopmuş ağac kimi otağın ortasına yıxıldı. Tərpənmək, nəsə demək istədim, bacarmadım. Sürücü və bizimkilər xalçaboyu sərilən uzun adamın üstünə qaçanda sadəcə gözlərimlə yanımdakı “Korvalol”u göstərdim. Bu, son şüurlu hərəkətim oldu. “Həkim”ə dərman içirdib qaldırmağa çalışanlar, onun “Təcili Yardım” çağırılmasına etiraz edərək yerini rahatlaması, əsas da burnuna tıxadığı pambığın qızarmış rəngi anbaan gözlərimdə dumanlandı. Bu vəziyyətdə nə qədər qaldığımı bilmirəm, birdən ağlıma gələn qorxulu fikirdən ürəyim quş kimi çırpınmağa başladı: “Bəs allah eləməmiş adam heç durmasa? Bu evdə ona bir şey olsa? Onda bu faktın necə və hara qədər dəyişəcəyini təsəvvür etmək belə dəhşətdi”.
Beynim uğuldamağa, qulaqlarıma cürbəcür səslər dolmağa başladı…
– Vətəndaş Nazlı Ağayeva, “Təcili Yardım”ı nə məqsədlə çağırmışdınız?
– Ürəyim narahat idi.
– Hələ yaşadığınıza görə ürəyiniz narahat deyilmiş. “Təcili Yardım” əməkdaşını öldürəndən sonra isə tam rahatlamış olarsınız.
– Aman Allah! Öldümü adam?!
– Öz xoşuna ölmədi, onu siz öldürdünüz.
– Mənə yardım göstərməyə çalışan adamı niyə öldürüm ki?
– Məhz onun yardım göstərməsinə mane olmaq üçün… Şahidlər ifadə veriblər ki, iynədən imtina etmək istəmisiniz.
– İstədim, çünki mənim o iynəlik bir şeyim yoxdu. Ürəyimə aid bir şeylərə ehtiyacım vardı. Amma yıxılmasaydı, istəməsəm də, imtina etməyəcəkdim.
Müstəntiq əllərini bir-birinə vurub qəhqəhə çəkdi:
– Yıxılmasaydı, imtina etməyəcəkdiniz… Siz mənim kimi təcrübəli peşəkarın bu nağıla inanmağınımı gözləyirsiz? Ortada o boyda ölü və şahidlər var.
– “Vallah özü yıxıldı!”, “Mən öldürmədim!”, “Niyə inanmırsız?!”…
Öz səsimə və boyun-boğazıma tökülən “Korvalol”un tanış iyinə ayıldım. “Təcili Yardım”çını, nəhayət, durğuzub divanın üstündə oturtmuşdular. Qalxıb və yaxud düşübmüşmü, hər nədirsə təzyiqindən danışırdı. Gözümü açan kimi əlindəki iynənin havasını çıxarda-çıxarda soruşdu: – Vuraqmı “Analgin”- “Dimedrol”u? Səsi bayaqkı kimi ötkəm deyildi. Amma mənə baxanda kifayət qədər hökmlü sayıla bilərdi. Bir az əvvəlki ağır kabusdan sonra nəsə söz deməyə taqətim qalmamışdı. Halsız-halsız başımı tərpədib “Analgin”-“Dimedrol” dirənişinin haqqını ödəsinlər deyə sadəcə çantama işarə edə bildim. Xilaskar tibb qardaşı məşhur “bu, başqa məsələ!” əhvalatındakı kimi “mükafatını” götürüb dərhal “uçdu”. Bütöv gücümü toplayıb “imkan tapan kimi özünü mütləq həkimə göstərsin” deyəcəkdim, çatdıra bilmədim. Ən azından başqa xəstələr üçün bunu edə bilmədiyimə çox peşmanam.
Çox ayıb və kədərli haldır ki, ölkədə hər kəs digərinin cibinə göz dikməyə məhkumdur. Yuxarılar aşağıların, məzlum aşağılar da zalım yuxarıların boşaltdığı bir-birilərinin ciblərinə.
Təcili ola bilməsə də, tanrı heç olmasa gecikmiş yardımçımız olsun…