”Biz də Azərbaycan vətəndaşlarıyıq, seçkilərdə fəal iştirak etmişik”
Bərdə Rayon Qaz İstismarı İdarəsində xidməti müqavilə ilə çalışan 170 nəfər ölkə başçısı İlham Əliyevə müraciət edib.
Bu idarə Azərbaycan Dövlət Neft Şirkəti olan SOCAR-ın tabeliyindəki “Azəriqaz” İstehsalat Birliyinə məxsusdur.
Şikayətçilər yazırlar ki, onları SOCAR-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq İdarəsi yönləndirib. Xidməti müqavilə isə rəsmi iş yeri sayılmır, əmək müqaviləsində nəzərdə tutulan maddələr bu işçilərə şamil edilmir.
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən il
Nazirlər Kabineti
nin ilin yekunlarına dair iclasında, eləcə də nazirliyin kollegiya iclasında son 2 ildə ölkədə 100 mindən çox yeni iş yerlərinin yaradıldığını söyləmişdi. Şikayətçilər isə deyirlər ki, Səlim Müslümov yeni iş yerləri ilə bağlı statistikanı şişirdib və ölkə başçısına yalan məlumat verib. Bərdə rayonunda yeni iş yerlərinin siyahısına onların da adı qeyd edilib, halbuki onlar yalnız iş olandan-olana 5-10 manata sifariş yerinə yetirirlər. Gördükləri işin müqabilində 45-50 gündən bir pul alırlar, verilən məvacib isə heç mağazalardan nisyə götürülən ərzağın pulunu ödəmir. Hətta işə getməyə pul tapa bilmirlər.
Müraciətin bir nüsxəsi Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına ünvanlanıb. Təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, təkcə Bərdədən deyil, daha bir neçə rayondan belə şikayətlər gəlib:
“SOCAR və tərəfdaşlarına yönləndirilənlərin sayı 10 mindən yuxarıdır. Xidməti müqavilə ilə işə götürülənlərin əksəriyyəti çıxılmaz vəziyyətdədilər, SOCAR-a tabe qurumlardan əməkhaqlarının nazirlik tərəfindən ödəniləcəyini söyləyirlər, nazirliyin “142 qaynar xətt” xidməti isə müqavilə bağlanılan idarəyə göndərir”.
“Biz də Azərbaycan vətəndaşlarıyıq, seçkilərdə fəal iştirak etmişik. Cəmi 248 manat alırıq, onu da vaxtında ödəmirlər”- şikayətçilər yazıb. Onlar hesab edirlər ki, iş yeri adı ilə aldadılıblar.
Mirvari Qəhrəmanlı deyir ki, Salyan rayonunda Regional Qaz İstismarı İdarəsi də təxminən 90 nəfərlə xidməti müqavilə bağlayıb:
“Saatlıda ayda 50 manat əməkhaqqı ilə işləyənlər var”.
Qəhrəmanlı deyir ki, məhz keçmiş nazir Səlim Müslümovun düzgün olmayan siyasəti nəticəsində insanlar indi çarəsiz duruma düşüblər.
Xəbəri SOCAR-dan və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən şərh etmək istəməyiblər.
Nazirliyin iş yerləri ilə bağlı hesabatında göstərilir ki, 2016-cı ildə 56 min 631 nəfər münasib işlə təmin olunub. 2017-ci ildə isə 221 min yeni iş yerləri açılıb. Əhalinin gəlirləri 7 dəfə, adambaşına gəlirlər 6 dəfə, orta aylıq əmək haqqı 5,6 dəfədən çox artıb. 70 mindən çox müəssisə və 1,5 milyon iş yeri açılmaqla əmək bazarında sabitlik qorunub.