TƏBİB-in yeni məlumatında deyilir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib. 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir. Əlavə məlumat veriləcək.
23 nəfərin yaralandığı bildirilir
Bərdədə yas mərasimi keçirilən evin döşəməsi qonaqların ağırlığına dözməyərək uçub. Hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb. Kənd sakinləri bildiriblər ki, döşəmənin uçması nəticəsində yasa gələn yaşlı qadın ölüb, 23 nəfər xəsarət alıb.
Kənd icra nümayəndəsindən bildiriblər ki, həmin otaqda qadınlar oturub. Evin ikinci mərtəbəsində yerləşən otağın döşəməsi qəfil çöküb, qonaqlar nə baş verdiyini anlamadan birinci mərtəbəyə düşüblər. Qadın altda qalıb.
Xəsarət alanlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Hazırda hüquq mühafizə orqanları hadisə yerindədirlər.
TƏBİB-dən isə bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib. 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.