Ana və tanışı yeniyetməni tərbiyələndirmək istədiklərini deyib
Bərdə rayonunda yetkinlik yaşına çatmayan qız sanitar qovşaqda dəmir boruya zəncirlənmiş vəziyyətdə tapılıb. Bununla əlaqədar Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3 (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə cinayət işi başlanıb. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Prokurorluqdan bildirilib ki, yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Həmin məlumat əsasında əməliyyat-istintaq qrupu hadisə yerində olub.
“İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayev birgə yaşadıqları evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar”, – prokurorluğun məlumatında bildirilir.
Hazırda sözügedən cinayət işi üzrə istintaq davam edir.
Hadisə ilə əlaqədar qızını dəmir boruya bağlamaqda ittiham olunan Şəlalə İsmayılova və tanışı Ruslan Rzayevin onların ünvanına deyilənlərlə bağlı fikirlərini öyrənmək mümkün olmayıb.