Rusiyanın xarici işlər naziri Sergey Lavrov bloqqerin həbsinə və ekstradisiyasına qarşı olduqlarını bəyan edib
2011 və 2012-ci illərdə Azərbaycanın işğal altındakı ərazilərində olan bloqqer Aleksandr Lapşinin Bakıya təhvil verilməsi təsdiqlənib.
Bu barədə Ermənistan Vəkillər Palatasının (VP) sədri Ara Zohrabyan “Facebook” səhifəsində məlumat paylaşıb.
Bildirilir ki, Belarus baş prokurorunun müavini Aleksey Stuk bloqqerin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib.
“Belarus Daxili İşlər Nazirliyinin cəzaların icrası departamentinə tapşırılsın ki, qərar qüvvəyə mindikdən sonra Lapşin Aleksandr Valeriyeviçin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilməsini təşkil etsin. Qərar barədə Azərbaycan Baş Prokurorluğuna məlumat verilsin”,-deyə qərarda qeyd olunub.
VP sədri A.Zurabyan qərardan 10 gün müddətində şikayət verməyin mümkünlüyünü söyləyib.
Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqqer Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. Onun Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar etdiyi söylənilir. Azərbaycan Baş Prokurorluğu bloqqer Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də keçirdiyi mətbuat konfransında bloqqerin həbsinə və ekstradisiyasına qarşı olduqlarını gizlətməyib.