Bayıldakı yamaqlı evlər

”Formula 1” yarışları ərəfəsində kosmetik təmirə başlanılıb

Source:


”Formula 1” yarışları ərəfəsində kosmetik təmirə başlanılıb

Bayıl qəsəbəsində yüzlərlə qəzalı ev var. Köhnə, istismar müddətini bitirmiş evlərin bir qismi Nazirlər Kabinetinin 86 saylı qərarı ilə pilot layihəyə düşüb, sökülərək yerində çoxmərtəbəli binalar tikiləcək. Layihə çərçivəsində sökülən evlərin əksəriyyəti yol kənarındadır. Bir qədər içəri doğru olan köhnə evlərin taleyi isə müammalıdır.

163 saylı orta məktəbin yaxınlığında, Əli Nəzmi küçəsindəki evlərin bir qismi ağardılıb. Amma maraqlıdır ki, yalnız binaların kənardan görünən hissələri rənglənib.

Bayıl sakini Nigar Məmmədli deyir ki, “Formula 1” yarışları ərəfəsində kosmetik təmirə başlanılıb. Əvvəlcə yaranmış çatların üzəri örtülüb, amma kənardan yamaq kimi göründüyündən sonradan yarıya qədər rəngləyiblər. Yarışlardan sonra qalan ərazilərin də rənglənəcəyi gözlənilsə də, iş yarımçıq qalıb. “Burda elə ev var ki, 60-70 ildir tikilib. Dedilər ki, beynəlxalq tədbir keçirilir, kənardan pis görünməsin. Binalara yamaq vurdular, sonra da yarıya qədər rənglədilər”, – Nigar Məmmədli söyləyir.

Sakinlər evlərin qəzalı vəziyyətə düşməsinə baxmayaraq, sökülməsinə qarşıdılar. Sürüşmə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinləri 163 nömrəli məktəbdə yerləşdiriblər. Hələlik kirayə haqqı ödənilsə də, ev və ya kompensasiya ilə təmin edilib-edilməyəcəkləri bəlli deyil. Digər tərəfdən isə pilot layihəyə düşən evlərdən sakinləri zorla çıxarıldığı deyilir. Sökülən evlərin yerində 3 il ərzində bina tikiləcəyi bildirilib.

“Bina yamaqlı olsa da, hələlik yaşamağa yararlıdır. Sadəcə, Səbail Rayon İcra Hakimiyyəti yarım-yamalaq iş görür, guya ki, abadlıq işləri aparır”, -Aslan adlı sakin söyləyib.

Səbail Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, həmin ərazidə təmir aparılmayıb:

“Ola bilsin ki, sakinlər öz evlərini rəngləyiblər, bunun icra hakimiyyətinə aidiyyəti yoxdur”.

Ana səhifəXəbərlərBayıldakı yamaqlı evlər