Batumi limanında yenə Rusiya gəmisinin gəlişinə etiraz edirlər

Foto: “batumelebi.netgazeti.ge”

Polisin 9 etirazçını saxladığı bildirilir

İyulun 31-i gecə yarısından Batumi limanında yenidən etiraz aksiyaları başlayıb.  Səbəb yenə Rusiyanın Soçi şəhərindən gələn və rusiyalıları daşıyan “Astoria Grande” laynerinin Batumi limanına yanaşması olub.

Gəmi səhərəyaxın 5 radələrində çatıb, ondan əvvəl isə polis limanın yaxınlığındakı Qoqebaşvili və Rustaveli küçələrini bağlayıb, nümayişçilərə limana yaxınlaşmağa mane olub. Səbəb kimi “təhlükəsizlik” göstərilib.

Həmçinin polis limanın ətrafındakı ərazini dəmir hasarlarla bağlayıb.

Aksiya iştirakçıları həmin bəndləri sındıraraq limanın ərazisinə daxil olmağa cəhd ediblər.

Mitinqdə insanlar polisə “ruslar”, “qullar” deyə qışqırıblar.

“Batumielebi” saytı yazır  ki, polis 9 etirazçını saxlayıb. Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə iş açılıb.

Acariya Daxili İşlər Nazirliyi aksiya iştirakçılarına qanunun icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən kənara çıxmamaqla bağlı xəbərdarlıq edib.

Layner ilk dəfə Batumiyə iyulun 27-də gəlib, bunun ardınca Batumi limanında nümayiş keçirilib. Gəmi nümayişçilərin etirazları fonunda Batumidən ayrılıb.

Aksiyaya səbəb rusiyalı turistlərin Gürcüstan mediasına açıqlamaları olub. Onlar həmin açıqlamalarda 2008-ci ildə Gürcüstanla müharibə etmiş Rusiyanın hərəkətlərinə haqq qazandırıblar.

Turistlərdən biri deyib ki, “Rusiya Abxaziyanı gürcülərdən xilas edib”.

İyulun 27-də mitinq başa çatdıqdan az sonra hakim “Gürcü arzusu” partiyasının lideri İrakli Kobaxidze Batumidə keçirilən mitinqi “quldurluq” adlandırıb.

İyulun 28-də Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya gəmisinin Batumini tərk etməsi ilə bağlı “Twitter”- də “Rusiyanın yeni təxribatına – Rusiya kruizinin ölkəyə daxil olmasına dinc etiraz edən insanlarla fəxr edirəm”, – deyə cavab verib.

2023-cü ilin mayında Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Moskva və Tbilisi arasında birbaşa təyyarə reysləri bərpa edildi. Bu səbəbdən də paytaxt Tbilisi daxil olmaqla, bir neçə Gürcüstan şəhərlərində etiraz aksiyaları oldu.

Ondan öncə isə Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməklə bağlı qərar qəbul etmişdi.

Gürcüstan Prezidenti Salome Zurabışvili Rusiyadan Gürcüstana birbaşa uçuşlara icazə verilməsini və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini “ölkəsinə qarşı növbəti təxribat” adlandırmışdı və uçuş həyata keçirən “Georgian Airways” şirkətini baykot etmişdi.

Bildirmişdi ki, Gürcüstan torpaqlarını işğal edən bir ölkədən belə “hədiyyələri” qəbul etmək yolverilməzdir.

Prezidentdən fərqli olaraq Gürcüstan hökuməti Rusiyanın qərarını alqışlamışdı. Bildirmişdi ki, illərdir gürcü vətəndaşları birbaşa uçuşların olmaması səbəbindən əziyyət çəkir.

Sovet dövründə Gürcüstanın tərkibində muxtar respublika olan Abxaziya 1993-cü ildə Gürcüstanla baş vermiş separatçı müharibədən sonra müstəqilliyini elan edib.

2008-ci ildə Rusiya və Gürcüstan arasında qısa müharibənin ardınca Rusiya dərhal Abxaziyanın müstəqilliyini tanıyıb.

Hazırda Abxaziyanın müstəqilliyini Rusiya və Suriya da daxil beş ölkə tanıyır.

Rusiyanın Abxaziya ərazisində hərbi qüvvələri var və bu yerlərə gürcülərin girişi yasaqdır.

Gürcüstan isə öz növbəsində Abxaziya və Cənubi Osetiyanı özünün işğal edilmiş əraziləri hesab edir. Bildirir ki, Rusiya bu iki bölgənin müstəqilliyini tanımaqla əslində onları ilhaq edib.

BMT qətnamələrində isə hər iki bölgə Gürcüstan ərazisi hesab edilir.

Ana səhifəDünyaBatumi limanında yenə Rusiya gəmisinin gəlişinə etiraz edirlər