Aksiyaya səbəb rusiyalı turistlərin Gürcüstan mediasına açıqlamaları olub
İyulun 27-də Batumi Dəniz Limanına daxil olan və rusiyalı turistləri daşıyan Rusiyanın “Astoria Grande” layneri yerli əhalinin etirazları səbəbindən geri dönməli olub.
Gəmi Rusiyanın Soçi şəhərindən gəlmişdi və Batumi Dəniz Limanına saat 20:00-da daxil olmuşdu.
Etiraz edən insanlar səbəbindən layner axşamtərəfi saat 21:00 radələrində Batumi limanını tərk edib.
Aksiyaya səbəb rusiyalı turistlərin Gürcüstan mediasına açıqlamaları olub. Onlar həmin açıqlamalarda 2008-ci ildə Gürcüstanla müharibə etmiş Rusiyanın hərəkətlərinə haqq qazandırıblar.
Turistlərdən biri deyib ki, “Rusiya Abxaziyanı gürcülərdən xilas edib”.
Mitinqdə “Abxaziya Gürcüstandır” kimi şüarlar səsləndirilib. Həmçinin vətəndaşlar mitinqə Abxaziya və avqust müharibəsini əks etdirən fotoşəkillər gətiriblər. Etirazçıların əllərində “Rusiya bizi vətənimizdən, həyatımızdan və gələcəyimizdən məhrum edir”, “Ruslaşdırma siyasətinə yox!” və “Gürcüstan hökuməti gürcü xalqından rus düzəldə bilməyəcək!” şüarları yazılan plakatlar olub.
Etirazlar səbəbindən geri dönən gəmi fonunda insanlar Gürcüstanın himnini səsləndiriblər.
Mitinq zamanı gəminin kabinələrindən birindən Rusiya bayrağı nümayiş etdirilsə də, tezliklə o götürülüb.
Aksiya başlayandan bir saat sonra gəmi limanı tərk edib.
2023-cü ilin mayında Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Moskva və Tbilisi arasında birbaşa təyyarə reysləri bərpa edildi. Bu səbəbdən də paytaxt Tbilisi daxil olmaqla, bir neçə Gürcüstan şəhərlərində etiraz aksiyaları oldu.
Ondan öncə isə Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməklə bağlı qərar qəbul etmişdi.
Gürcüstan Prezidenti Salome Zurabışvili Rusiyadan Gürcüstana birbaşa uçuşlara icazə verilməsini və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini “ölkəsinə qarşı növbəti təxribat” adlandırmışdı və uçuş həyata keçirən “Georgian Airways” şirkətini baykot etmişdi.
Bildirmişdi ki, Gürcüstan torpaqlarını işğal edən bir ölkədən belə “hədiyyələri” qəbul etmək yolverilməzdir.
Prezidentdən fərqli olaraq Gürcüstan hökuməti Rusiyanın qərarını alqışlamışdı. Bildirmişdi ki, illərdir gürcü vətəndaşları birbaşa uçuşların olmaması səbəbindən əziyyət çəkir.
Sovet dövründə Gürcüstanın tərkibində muxtar respublika olan Abxaziya 1993-cü ildə Gürcüstanla baş vermiş separatçı müharibədən sonra müstəqilliyini elan edib.
2008-ci ildə Rusiya və Gürcüstan arasında qısa müharibənin ardınca Rusiya dərhal Abxaziyanın müstəqilliyini tanıyıb.
Hazırda Abxaziyanın müstəqilliyini Rusiya və Suriya da daxil beş ölkə tanıyır.
Rusiyanın Abxaziya ərazisində hərbi qüvvələri var və bu yerlərə gürcülərin girişi yasaqdır.
Gürcüstan isə öz növbəsində Abxaziya və Cənubi Osetiyanı özünün işğal edilmiş əraziləri hesab edir. Bildirir ki, Rusiya bu iki bölgənin müstəqilliyini tanımaqla əslində onları ilhaq edib.
BMT qətnamələrində isə hər iki bölgə Gürcüstan ərazisi hesab edilir.