“Başımı göstərdim ki, baxın, onkoloji xəstəyəm, polislər “rədd ol” qışqırdılar”

L.Mahmudova həyat yoldaşının da azadlığa buraxılmasını tələb edir.

Source: Meydan TV


Həyat yoldaşı həbs olunan Lalə Mahmudova iyunun 8-də səhər yaşadıqlarını danışır

“Yoldaşımı aparanda arxasınca düşdüm, pilləkənlərin altında başımdakı “kasinkanı” açıb göstərdim ki, baxın, mən onkoloji xəstəyəm, saçım da tökülüb, 8 yaşında uşağım var, evin tək qazanc gətirəni odur, aparmayın. Qayınanam da ağır şəkərli diabet xəstəsidir. Polislər “cəhənnəm ol”, “rədd ol” qışqırıb itələdilər. Bundan sonra nə deyirlər desinlər, nə verirlər versinlər, o gün yaşadıqlarımızı unuda bilmərəm”, – Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 15 ünvanında yaşayan Lalə Mahmudova iyulun 8-də səhər həyat yoldaşı Amilin evdən tutulub aparılmasını belə xatırlayır.

1987-ci il təvəllüdlü Amil Mahmudov həmin ünvanda iyunun 7-də polisə eyvandan zibil atmaqda ittiham edilərək həbs olunan 11 nəfərdən biridir. Ailə üzvləri deyir ki, iyunun 8-də evdən aparılandan bu yana onun nə özünü görə biliblər, nə də səsini eşidiblər. Bircə onu eşidiblər ki, ona İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə 15 gün inzibati həbs cəzası verilib. Bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

L.Mahmudova Meydan TV-yə bildirib ki, həyat yoldaşının tutulmasından bir gün əvvəl yaşadıqları binadakı digər qonşular kimi, onlar da səs-küyə eyvana çıxıblar. Görüblər ki, polislər binanın sakinlərindən birini tutub: “Polislər qonşuya zor tətbiq edirdilər. Binanın sakinləri də eyvanlardan buna etiraz etməyə başladılar. Fir çaldılar, səs-küy yarandı. Polislər özləri bir nəfərin üstünə tökülüşüb onu vurmaqla qıcıq yaratdılar. Həmin qonşunu zorla maşına basıb apardılar”.

Onun sözlərinə görə, ertəsi gün səhər saat 7 radələrində yatdıqları vaxt mənzilin qapısı döyülüb. Yuxudan oyananda görüblər ki, qapıda çoxlu polis var, qışqıra-qışqıra “polisdi, qapını aç” deyirlər. Qapını da elə Amin Mahmudovun özü açıb: “Evə əllərində dəyənək, dəbilqəli 10-dan çox polis soxuldu. Vəhşicəsinə qışqırırdılar. Səsə 2012-ci il təvəllüdlü oğlum oyanıb gələndə gördü ki, atasını yerə yıxıb, döyürlər. Dayanmadan təpikləyirlər. İndi danışanda belə, dəhşətə gəlirəm. Elə söyüşlər söyürdülər… İmkan vermədilər ki, üst geyimini geyinsin. Şortikdə, yarıcılpaq vəziyyətdə darta-darta apardılar. Uşaq “ata” deyib ağlayırdı. O vəziyyəti sözlə ifadə eləmək mümkün deyil. Bir ailənin başçısını o vəziyyətdə aparmaq nə deməkdir? Azərbaycan dövlətindən tələb edirəm, yoldaşımı sağlam göndərsinlər evimizə”.

Polislərin onların da evində çəkiliş apardığını deyən L.Mahmudova həmin görüntülərin araşdırılmasını tələb edir. O, bu məqsədlə Yasamal Rayon Prokurorluğuna şikayət məktubu da göndərib. Həyat yoldaşının günahsız həbs olunduğunu, iyunun 8-də polislərin zorakılığı nəticəsində özünün, azyaşlı oğlunun və qayınanasının da pis rəftara, psixiloji basqıya məruz qaldığını vurğulayan L.Mahmudova günahkarların cəzalandırılmasını istəyir. Onun sözlərinə görə, baş verənlərdən sonra 8 yaşlı oğlu elə vəziyyətə düşüb ki, ciddi müalicəyə ehtiyacı var.

L.Mahmudova həyat yoldaşının da azadlığa buraxılmasını tələb edir.

A.Mahmudovun vəkili Bəxtiyar Hacıyev onun haqqında 15 günlük həbs qərarından apelyasiya şikayəti verib.

Daxili İşlər Nazirliyinin Yeni Yasamaldakı olaylarla bağlı açıqlamasında bildirilir ki, iyunun 7-də polislərin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib, onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Daha sonra həmin şəxslərin barəsində inzibati həbs qərarı çıxarılıb.

Həbs olunan 11 nəfərdən biri – Kərim Süleymanlı iyunun 9-da azadlığa buraxılıb. O, həm saxlanılarkən, həm də sonradan Yasamal rayonu, 29-cu polis bölməsində 30-a yaxın polis tərəfindən döyüldünüyü bildirib. 29 yaşlı K.Süleymanlının üzərində də xəsarət izləri olub və tibbi müayinədən keçdiyi xəstəxanada həkim də bunu rəyində göstərib.

Ana səhifəSosial“Başımı göstərdim ki, baxın, onkoloji xəstəyəm, polislər “rədd ol” qışqırdılar”