Baş redaktor DTX-nın təcridxanasından çıxarılır

Dövlət Təhlükəsizlik Xidməti təcridxanada yer olmadığını deyir

Source:


Dövlət Təhlükəsizlik Xidməti təcridxanada yer olmadığını deyir

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələbetmədə təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, H.Vəliyev mühafizə altında məhkəməyə gətirilib.

İclasda məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən H.Vəliyev özünü təqsirli bilməyib.

Zərərçəkmiş Asif Bağırovun nümayəndəsi Elxan Quliyev çıxış edərək bildirib ki, dəymiş ziyan ödəndiyindən heç bir şikayət və tələbləri yoxdur.

Digər zərərçəkən Ramiz Cəbrayılovun nümayəndəsi də çıxış edərək dəymiş ziyanın ödənildiyini qeyd edib.

Daha sonra prosesə sədrlik edən hakim Fikrət Qəribov bildirib ki, DTX-dan məhkəməyə məktub göndərilib.

Bildirilib ki, DTX-ın təcridxanasında yer olmadığından Habil Vəliyevin Penitensiar Xidmətin İstintaq Təcridxanasını köçürülməsi təmin edilsin.

Vəkillər də Habil Vəliyevin Penitensiar Xidmətə köçürülməsini istəyiblər.

Məhkəmə Habil Vəliyev DTX-dan Pentensiar Xidmətin Təcridxanasına köçürülməsi barədə qərar qəbul edib.

Proses yanvarın 9-da davam etdiriləcək.

İş üzrə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H. Vəliyevin cinayət işindən ayrılıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Rəsmi məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Hazırda məhkəmə qarşısına çıxarılan Habil Vəliyevlə Surxay Əliyevin rəhbərlik etdiyi qəzetlər 2011-ci ildə Mətbuat Şurasının “qara siyahı”sına salınıb və “reket qəzetlər” elan olunub. 2014-cü ildə isə həmin siyahıdan çıxarılıb. Hər iki şəxs 2014-cü ilin avqustunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı keçirdiyi müşavirədə iştirak

edib.

2016-cı ildə isə onlar yenidən “reket jurnalist” kimi DTX tərəfindən həbs ediliblər.

Ana səhifəXəbərlərBaş redaktor DTX-nın təcridxanasından çıxarılır