”Reket jurnalistlər” Ramiz Mehdiyevin keçirdiyi müşavirədə

2014-cü ilin avqust ayı. Ramiz Mehdiyev ölkənin informasiya təhlükəsizliyi ilə bağlı müşavirə keçirir.

Müşavirədə iştirak edirlər:

Novruz Məmmədov – Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri

Əli Həsənov – Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri

Fuad Ələsgərov – Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

“Azərtac”ın bu barədə yayımladığı xəbərdə görüşdə ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin iştirak etdiyi vurğulanır.

Azərbaycan Mətbuat Şurası müxtəlif dövrlərdə reket jurnalistika ilə məşğul olan qəzet və jurnalların adlarını açıqlayıb və qara siyahıya salıb.

Məsələn, 2011-ci ilin sentyabr ayında yayımlanan siyahıda “Bizim Dövr” və “Gündəlik Bakı” qəzetlərinin adı var. Siyahı 2012-ci ildə də yayımlanıb. Qəzetlərin adı yenə siyahıda var. Və 2014-cü il. Bu qəzetlərin redaktorları Ramiz Mehdiyevin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı keçirdiyi müşavirədə iştirak edirlər.

2016-cı ilin dekabr ayında isə DTX-nın Azərbaycanın Kütləvi İnformasiya vasitələrində əməliyyat keçirdiyi və reket jurnalistlərin həbs edildiyi bildirilir. Həmin jurnalistlər arasında 2 il öncə Ramiz Mehdiyevin keçirdiyi müşavirədə iştirak edən və adları ölkənin aparıcı kütləvi informasiya vasitələri arasında qeyd edilən iki qəzetin baş redaktoru da var. Bunlar “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli və “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevdir. Saxlanın baş redaktorlar barəsində 4 aylıq həbs -qətimkan tədbiri seçilib.

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov həbslərə münasibət bildirərkən deyib: “Bizim dövr” qəzetinin adı müxtəlif vaxtlarda Mətbuat Şurasının “Qara siyahı”sında olsa da, bir müddətdən sonra çıxarılıb”.

Əgər siyahıya nəzər salsaq, həqiqətən də görərik ki, 2014-cü il 2 aprel qərarında hər iki qəzetin adı siyahıdan çıxarılıb. 3 ay sonra isə ölkənin aparıcı kütləvi informasiya vasitəsi hesab edilərək informasiya təhlükəsizliyi ilə bağlı müşavirəyə dəvət ediliblər.

Ana səhifəVideo”Reket jurnalistlər” Ramiz Mehdiyevin keçirdiyi müşavirədə