Baş prokuror: Jurnalist Rasim Əliyevin qətli ilə bağlı istintaq yekunlaşır

“QHT-lər və jurnalistlər qanunlara hörmətlə yanaşsalar, onların heç biri ilə bağlı araşdırma aparılmayacaq”

Source:



QHT-lər və jurnalistlər qanunlara hörmətlə yanaşsalar, onların heç biri ilə bağlı araşdırma aparılmayacaq”

“Jurnalist Rasim Əliyevin qətlinin siyasiləşdirilməsi yolverilməzdir”- Azərbaycanın baş prokuroru Zakir Qaralov belə deyib. Baş prokurorun sözlərinə görə, hadisədən dərhal sonra ölkə başçısı bu barədə məlumatlandırılıb: “Dərhal Daxili İşlər və Prokurorluq orqanlarının əməkdaşlaırndan ibarət əməliyyat qrupu yaradıldı, həyata keçirilən tədbirlər nəticəsində bir gün ərzində cinayəti törətməkdə şübhəli bilinən şəxslərin hamısı həbs edildi. Bu iş üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir. Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək”.

Baş prokuror əlavə edib ki, dünyanın bir çox ölkəsində jurnalistlərə qarşı belə cinayət törədilir. “Biz belə hadisələri qəti şəkildə pisləyirik. Belə hadisələr bizim cəmiyyətimizə xas olan hal deyil. Sərhədsiz Reportyorlar Təşkilatının məlumatına görə, dünyada ötən il 61, bu ilin 9 ayında isə 41 jurnalist qətlə yetirilib. Belə çıxır ki, hər ölkədə qətlə yetirilən  jurnalistlə bağlı Avropa Parlamenti  bəyanat verməlidir?  Qurumun Azərbaycanda jurnalistin ölümü ilə bağlı bəyanatı qərəzlidir. Biz İnsan Haqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq edirik. Azərbaycanda hər bir cinayət hadisəsi hüquqi şəkildə qiymət alır. Heç kim Azərbaycanın daxili işinə qarışa bilməz, o cümlədən Avropa Parlamenti. Azərbaycanda məhkəmə sistemi müstəqildir”.

Baş prokuror araşdırmalar zamanı Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının ölkənin qanunlarına hörmətlə yanaşmadığının müəyyən olunduğunu deyib: Onların heç biri rəsmi qeydiyyatdan keçmir, xaricdən aldıqları pullar barədə heç biri dövlət qurumunu məlumatlandırmır”.

Zakir Qaralov bildirib ki, həmin QHT-lərin əməkdaşlıq etdikləri jurnalistlərlə heç bir müqavilə bağlanmır: “Bağlandığı halda isə əgər xarici QHT-dirsə akkreditasiyadan keçmirlər və aldıqları vəsaitlərin bir çoxunu rəsmiyyətdən yayındırırlar. Mən sizin vasitənizlə bütün QHT-lərə və jurnalistlərə müraciət edirəm ki, onların hər biri Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar, vergi qanunvericiliyinin tələblərini pozmasınlar, belə olan halda prokurorluq onların heç biri ilə bağlı araşdırma aparmayacaq. Onlar xarici havadarları vasitəsi ilə bu əməllərini davam etdirəcəklərsə, sözsüz ki, qanun qarşısında cavab verəcəklər”.

Ana səhifəXəbərlərBaş prokuror: Jurnalist Rasim Əliyevin qətli ilə bağlı istintaq yekunlaşır