Baş nazir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna ayrılan vəsaitdən danışdı

İşğaldan azad olunmuş ərazilər. Foto: AAYDA

Natiq Cəfərli: “Haradan alacağıq o pulları?”

Müharibədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub. Azərbaycanın Baş naziri Əli Əsədov Milli Məclisdə çıxış zamanı belə deyib.

 Onun sözlərinə görə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün sonrakı illərdə 14,5 milyard manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.

 “2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub. Qarabağ iqtisadi rayonunun əraziləri – Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub”.

Müdafiə və milli təhlükəsizlik xərclərinə gəlincə, Əli Əsədov bildirib ki, bunun üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub. Bu rəqəm 2023-cü ilə baxanda 366 milyon manat və ya 6 faiz çoxdur.

Əli Əsədov. Foto: “nk.gov.az”

İqtisadçı Natiq Cəfərli deyir ki, işğaldan azad edilmiş regionların gələcəyi, təhlükəsizliyi və iqtisadi effektivliyi üçün ora azı 1,5 milyon vətəndaş köçürülməlidir. Onun sözlərinə görə, indiyədək xərclənən vəsait gələcəyə proyeksiya edilsə, yaxın 10 ilə təqribən, 150 milyard manata ehtiyac olacaq:

“Baş nazir çıxış edəndə məhz bundan danışmalı idi – haradan alacağıq o pulları? Ölkə necə pul qazanacaq? Əhalinin ora orqanik, təbii, qalıcı köçü üçün nə addımlar atılacaq? Anlayıram, ilk illər kommunikasiyalara, yollara, infrastruktura daha çox pul gedib, amma bu işlər də hələ başa çatmayıb axı, davam edir. Nazir deyib ki, 2026-cı ilə bölgəyə 140 min insan köçürüləcək – yəni, 31 milyard manata yaxın pul xərclənəcək. Bu günə qədər köçürülənlərə aylıq pul verib orda saxlayırlar, hələ ki, sayları 4 mindir, yaxşı, 150 min, 1,5 milyon olanda nə edəcəklər, pul verəcəklər ki, Bakıya geri köçməsinlər?”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

İqtisadçı deyir ki, ölkənin qarşısında böyük çağırışlar var, hərbi qələbəni qalıcı etmək, işğaldan azad edilən bölgələri iqtisadi inkişafın motoruna çevirmək istəyirlərsə, “oyun qaydaları” dəyişməlidir:

“Bu sistemlə olmayacaq, sadəcə mümkün deyil, iqtisadiyyat elmdir, əmrlə, “dəyənəklə” idarə olunmur…”.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olub. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ətraf 7 rayona və Dağlıq Qarabağa nəzarəti itirib. 2020-ci ilin sentyabrında başlayan və 44 gün çəkən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda “lokal anti-terror tədbirləri” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” adlandırıb.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Ana səhifəİqtisadiyyatBaş nazir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna ayrılan vəsaitdən danışdı