“Baqqalda meşə ərazisi məhv edilir”

“Bəzən gördükləri işin nə qədər pis olduğunu ört-basdır etmək üçün “meşə deyil, kolluqdur”, – deyirlər.

Source: Specify Source


Şəkililər meşənin məhv edilməsindən narahatdılar

“Kəndimizin yaxınlığındakı meşə ərazisini məhv edirlər. Kimsə burada istirahət mərkəzimi, yoxsa fındıq bağımı salmaq istəyir. Onlara bu vəhşiliyi törətməkdə icazəni kim verib, bilmirik”.

Şəkinin Baqqal kəndinin sakinləri belə deyir. Onlar bildirirlər ki, yaxınlıqlarındakı meşə ərazisi, eləcə də oradakı örüş sahəsi buldozerin ağzına verilib. Ancaq hələ heç kim onlara normal bir açıqlama verməyib. Burada nə iş görüldüyünü demirlər.

Kənd sakinləri bununla bağlı etiraz olaraq aidiyyatı qurumlara, Meşə İdarəsinə, Şəki Şəhər İcra Hakimiyyətinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Ancaq meşələrin kürünməsinin qarşısı alınmayıb.

Kənd sakinlərindən Nicat Hacıyev deyir ki, deyəsən meşənin axırına çıxana qədər əl çəkməyəcəklər:

“Hazırda işi müvəqqəti dayandırıblar. Lakin bu, sakinlərin narazılığı, şikayəti, yaxud səhvlərini anladıqları üçün deyil, havalar isti keçir, ona görədir. Ya da bu aralar koronavirusun yayılmasına görə elan olunan karantin kəsib önlərini, bilmirəm. Amma dəqiq bilirəm ki, burada işi biryolluq dayandırmayıblar, davam edəcək. Həmin ərazi meşə zolağıdır, orada böyük ağaclar var. Heç də kolluqdan ibarət deyil. Bəzən gördükləri işin nə qədər pis olduğunu ört-basdır etmək üçün “meşə deyil, kolluqdur”, – deyirlər. Ancaq bu, doğru deyil. Ərazidə çoxillik ağaclar və bir neçə kəndin dədə-babadan istifadə etdiyi örüş sahələri var”.

____ki_me____l__ri_4.jpg
“Hazırda işi müvəqqəti dayandırıblar”

Nicat Hacıyev deyir ki, onun əsas etirazı meşə zolağının məhv edilməsinədir. Təbiətin korlanmasına qarşıdır. Eləcə də kənd sakinləri də onun kimi düşünürlər:

“Meşə ana təbiətin ciyərləridir. Onu məhv etmək olmaz. Təmiz hava, oksigen mənbəyidir. Bundan sonra lap orda ağaclıq da salsalar, o, neçə ilə böyüyəcək, neçə ilə özünə gələcək? Hazır meşədir də, niyə məhv edirlər, anlamıram”.

Kənd sakinlərindən Aydın Ağayev isə bildirir ki, buradakı əksər insanlar heyvandarlıqlar dolanır. Bunun üçün də örüş sahələri vacibdir:

“Məhv edilən meşə zolağının ətrafı örüş sahələridir. İndi orada nə edəcəklər, bağ salacaqlar, restoran, otel tikəcəklər, bilinmir. Hər nədir, biz örüş sahələrimizdən də olacağıq. Bizim və ətraf kəndin sakinləri heyvandarlıqla qazanır həyatını. Həmin örüş sahələri əlimizdən çıxsın istəmirik. Odur ki, aidiyyatı qurumlardan xahiş edirik, işə biganə qalmasınlar. Həmin meşə və ətrafdakı örüş sahələrinin məhv edilməsi hərtərəfli ziyanlı bir şeydir. Həm təbiətə, həm də kənd təsərrüfatına”.

Sakinlər bildirirlər ki, hazırda işi müvəqqəti dayandırıblar. Ancaq onlar istəyirlər ki, aidiyyatı qurumlar bu müddət ərzində bir iş görsünlər, iş tamamilə dayandırılsın. Heç olmasa, qalan əraziyə toxunulmasın:

____ki_me____l__ri_3.jpg
“Məhv edilən meşə zolağının ətrafı örüş sahələridir”

“İş dayanıb, ancaq yenə də əraziyə gəlib-gedənlər var və işin davam edəcəyini söyləyirlər. Ərazidə mühafizəçilər var və bu da o deməkdir ki, bura alınıb, yaxud icarəyə verilib. Bir sözlə, onlarındır və davam edəcəklər. Biz buradan üzümüzü tuturuq Prezident İlham Əliyevə, Birinci vitse -rezident Mehriban Əliyevaya, xahiş edirik, ölkəmizin meşələrini, sərvətini talamalarına imkan verməyin. Meşə örtüyünün məhv edilməsinin qarşısının alınması ilə bağlı göstəriş verin”.

Meşə zolağı təkcə Baqqal kəndi yaxınlığında kürünməyib. Daha öncə Şəkinin Bideyiz, Baş layısqı, Cunud və Köbər Zəyzit kəndləri ətrafındakı meşələr də kürünüb və yerində bağ salınacağı bildirilib. Həmin ərazidə 500-1000 hektara yaxın meşə örtüyü tamamilə kürünüb. Ərazinin genişlənmə potensialı çoxdur.

Sakinlər deyirlər ki, ərazidə iş görən şirkətin adı “Monte Forre” MMC-dir. Həmin meşələrdəki ağaclar isə əsasən, qoz, fısdıq, palıd, armud, sarağan ağaclarıdır.

Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri özündə birləşdirən “AGA Group” 1994-cü ildə təsis edilib.

“Caspian Plaza”, “Caspian Business Center”, “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park” şirkətə məxsusdur.

Şirkətin rəsmi saytında deyir ki, zamanın, iqtisadi göstəricilərin və istehlakçının tələblərinə uyğun olaraq, “AGA Group” həm də maliyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və otelçilik sahələrini də fəaliyyət miqyasına daxil edib.

“Monte Ferro Aqroparkı” buna görə 2016-ci ildə təsis olunub və Şimal Qərb regionunda ərazilərində geniş sahəni əhatə edən fındıq bağının salınması layihəsini həyata keçirir. Bunun üçün 3000 ha torpaq sahəsi əldə edib:

“Hazırda kimsənin istifadə etmədiyi, əkinə və bağçılığa yarasız 1485 ha sahədə yeni fındıq bağları salınıb və iş davam edir. 2022-ci ilə kimi fındıq bağlarının ümumi sahəsinin 5000 hektara çatdırılması planlaşdırılır”.

“AGA Group” şirkətindən daha öncə Meydan TV-yə “Monte Ferro Aqroparkı”nın həqiqətən də onların şimal- qərb bölgəsindəki təmsilçisi olduğunu təsdiqləyiblər. Ancaq bölgədə hansı işlərin görüldüyündən xəbərsiz olduqlarını söyləyiblər.

xeriteden_cixarish_meshebeyi.jpg
“Hazırda kimsənin istifadə etmədiyi, əkinə və bağçılığa yarasız 1485 ha sahədə yeni fındıq bağları salınıb və iş davam edir”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiqlənən “Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydaları var. Həmin qaydalarda deyilir ki, meşə bitkiləri ilə (ağac, kol, yarım kol) örtülü olmayan ərazilər, ancaq meşə bərpası məqsədi ilə icarəyə verilə bilər və proses yerli icmanın maraqları nəzərə alınmaqla, imtiyazlı şəxslərə üstünlük verməklə ancaq aşkarlıq şəraitində baş tutmalıdır.

Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bəli, Şəkinin bəzi kəndlərindəki meşə zolaqları uzunmüddətli icarəyə verilib. Ancaq bu, onların səlahiyyətində deyil:

“Bakı ilə, nazirliklə əlaqə saxlayın. Həmi meşə sahələrini icarəyə biz verməmişik, bizim səlahiyyətimizdə deyil. Sakinlər də müraciət edir, onlara da eyni cavabı veririk”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Meydan TV-yə deyiblər ki, meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə Zaqatala, Qax, Şəki, Oğuz və bir sıra rayonların ərazisində olan açıq meşə sahələri aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilib:

“Bu da meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, meyvə bolluğunun təmin olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır”, – bunu isə açıqlamasında ETSN-nin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

“Yeni salınacaq bağ sahələri müasir damcılı suvarma sistemləri ilə təmin olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə fondunun açıq sahələrinin bundan sonra da uzunmüddətli icarəyə verilməsi davam etdiriləcək”.

etsn_meselerin_inkisai_depertamenti_cavab.jpg
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə fondunun açıq sahələrinin bundan sonra da uzunmüddətli icarəyə verilməsi davam etdiriləcək”.
Ana səhifəBölgə“Baqqalda meşə ərazisi məhv edilir”