Bankomatda inkassatora silahlı hücumla bağlı məhkəmə başladı

“Bravo”

Hadisədən sonra öldürülən Ruhlan İsmayılovun atası, ANAMA-nın əməkdaşı da cinayət məsuliyyətinə cəlb olunub

Əhmədli qəsəbəsində “Bravo” hipermarketinin girişindəki bankomatda inkassatora silahlı hücum zamanı bir nəfərin ölümü, daha birinin isə yaralanmasıyla bağlı martda baş vermis hadisənin məhkəmə araşdırmaları başlayıb. Bu işi Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Bu hadisəyə görə 7 nəfər təqsirləndirilən şəxs qismində tanınsa da, məhkəmə qarşısına 6 nəfər çıxarılıb. Çünki bir nəfər – Ruhlan İsmayılov hadisədən bir neçə saat sonra saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Onun təslim olmadığı, silahlı müqavimət göstərdiyi iddia olunur.

Təqsirləndirilən 6 nəfərə gəlincə, Dəyanət Qüdrətov martın 4-də Ruhlan İsmayılovla birlikdə “Bravo”da cinayəti törətməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 29.120 (qəsdən adam öldürməyə qəsd), 181 (quldurluq), 228 (qanunsuz silah əldə etmə, gəzdirmə), 229 (odlu silah hazırlama) və s. maddələrilə ittihamlar irəli sürülüb.

Təqsirləndirilən Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanov isə bu cinayətin törədilməsinə yardım etməkdə günahlandırılır. Onlara qarşı da eyni əməllərdə iştirakçı olmaqla bağlı ittiham irəli sürülüb.

Daha iki nəfər – Rövşən İsmayılov və Babək İsgəndərova isə yalnız qanunsuz silah əldəetmə və odlu silah hazırlamağa yardım maddələrilə ittiham verilib. Rövşən İsmayılov cinayəti törətməkdə ittiham olunan və saxlanılarkən öldürülən Ruhlan İsmayılovun atasıdır. Babək İsmayılov isə Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı olub. O, müharibə iştirakçısıdır, medallarla təltif edilib. Onların ikisi barəsində istintaq və məhkəmə dövrü üçün həbs qətimkan tədbiri seçilməyib.

Sentyabrın 20-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən Azər Məmmədovun vəkili hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. O bildirib ki, Azər Məmmədova qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib. Vəkilin sözlərinə görə, müvəkkili ağır işgəncələrə məruz qalıb, onun hüquqları pozulub. Vəkil yolverilməz sübutların da xaric olması barədə vəsatət qaldırıb.

Prokuror etiraz edib, deyib ki, məhkəmə prosesinin gedişində sübutlar araşdırılacaq. Hansı sübutların əsaslı, hansının yolverilməz olduğu hələ məlum deyil.

Məhkəmə də vəkilin vəsatətini təmin etməyib.

Bu iş üzrə məhkəmə baxışı oktyabrın 4-nə təyin olunub.

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində silahlı hücum bu il martın 4-də günorta saat 12.00 radələrində baş verib. Nəticədə inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şeydayev isə ağır xəsarət alıb.

Təqsirləndirilən şəxslərdən Ruhlan İsmayılov həmin gün axşam saat 21.00 radələrində Fəvvarələr meydanına yaxın mənzillərdən birində öldürülüb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında iddia olunur ki, o, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib:

Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları tapılıb”.

Ana səhifəSosialBankomatda inkassatora silahlı hücumla bağlı məhkəmə başladı