”Bankların qarşısında dayanan əsas məsələ problemli kreditlərdir”

Samir Əliyev: ”Hökimət dəstək verməsə, banklar müflis ola bilər”

Source:


Samir Əliyev: ”Hökimət dəstək verməsə, banklar müflis ola bilər”

“Moody s” – beynəlxalq kredit reytinqi agentliyi Azərbaycan banklarında vaxtı keçmiş kreditlərin payının 20 faiz ətrafında olduğunu qeyd edir. Qurumun açıqlamasında bildirilir ki, manatın təkrar devalvasiyası və iqtisadi geriləmə bank sektorunun sabitliyinə təhlükə yaradıb. Bu isə problemli kreditlərin həcmini sürətlə artırır.

Azərbaycan Mərkəzi Bankının fevralın yekununa əsasən açıqladığı statistikaya görə, ölkədə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 6,5 faiz təşkil edib. Göründüyü kimi rəsmi rəqəm “Mood’s”un açıqladığı rəqəmdən təxminən 3 dəfə azdır.

Moody`s-un açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev hazırda 3 reytinq agentliyinin olduğunu xatırlatdı: “”Moody s”, “Fitch” və “Standard& Poors” – hər üçü bank sektorunun ağır durumda olduğunu və problemli kreditlərin artacağını gizlətməyiblər. Müstəqil ekspertlər də bu barədə danışıblar, hətta bəzi bankların özü də etiraf edib. Rəsmi olaraq 6,5 faiz, yəni şərti olaraq iqtisadiyyata yönəldilən hər 100 manatın 6 manat 50 qəpiyi problemlidir, geri qayıtmır. Ancaq rəsmi məlumatların reallıqdan uzaq olduğu hamıya məlumdur. Hətta dəfələrlə problemli kreditlərin həcminin ən aşağısı 20 faiz olduğunu bildirmişik. Neftin qiymətinin yüksək olduğu 2013-14-cü illərdə rəsmi rəqəmlərlə real rəqəmlər arasında 2-3 dəfə fərq vardı. Devalvasiyadan sonr problemli kreditlərin həcmi daha çoxdur”.

Samir Əliyev
Samir Əliyev

Samir Əliyev rəsmi statistikanın problemli kreditlərin həcminin 1,5 milyard olduğunu xatırladıb sual edir: “Bu, necə 1,5 milyard ola bilər ki, təkcə Beynəlxalq Bankda 3 milyard manat aktivlərin sağlamlaşdırılmasıyla bağlı dövlət büdcəsindən vəsait ayrıldı? Misal gətirilən fakt rəsmi rəqəmlərin düzgün olmadığını göstərir. “Fitch” Beynəlxalq Agentliyi təxminən bir neçə ay əvvəl Beynəlxalq Bankda daha 3 milyard manat aktivlərin sağlamlaşdırılmasına ehtiyacın olması barədə açıqlama yaymışdı. Bu məlumatların fonunda və ayrı-ayrı banklarla bağlı araşdırmalar onu göstərir ki, problemli kreditlər 50-60 faizdir, hətta 70-80 faizə çatanlar da var. Əmin olun ki, Azərbaycanda ən yaxşı bankda belə problemli kreditlərin payı 6,5 faiz deyil. Bu baxımdan “Mood s”un göstərdiyi kimi 20 faizdən də çoxdur”.

O, problemli kreditlərin yaranmasının əsas səbəbini devalvasiyada görür: “Devalvasiya nəticəsində dollar kreditlərinin ödənişi 2 dəfə artdı. Amma məsələnin indi həll edilməməsi hökumətin dollar krediti götürən müştərilərə kompensasiya vermək niyyətində olmamasıyla bağlıdır. Təəssüf ki, bu barədə bir neçə dəfə fikir səslənsə də, sonradan hökumət fikrindən döndü və problemin həllini banklarla vətəndaşların üzərinə yönəltdi. Banklar müəyyən güzəşt etdi, amma yenə də vətəndaşların xeyli kredit borcu var”.

İqtisadçı hesab edir ki, yaxın 1-2 ildə problem həll olunmayacaq: “Bu il bankların qarşısında dayanan əsas məsələ problemli kreditlər olacaq. Hökumət dəstək verməsə, bir neçə bankın müflis səviyyəsinə çatması mümkündür. Yalnız bu halda hökumət banklara dəstək vermək məcburiyyətində qalacaq.”

Ana səhifəXəbərlər”Bankların qarşısında dayanan əsas məsələ problemli kreditlərdir”