Acınacaqlı haldır ki, Azərbaycan Rusiyanın təzyiqini “balanslaşdıra” biləcək Qərbin dəstəyindən də imtina edir, təklənir və…
Azərbaycan Qərblə əməkdaşlığa son qoya və Rusiyaya yaxınlaşa bilər. Azərbaycan hakimiyyətinin ən müxtəlif nümayəndələrinin son zamanlar verdiyi bəyanatlardan çıxan başlıca nəticə budur. Rusiya ilə əməkdaşlıq müstəqillik üçün təhlükə mənbəyidir. Bu ölkə təcavüzkardır. Beynəlxalq hüquqa hörmətsizliyi və qonşularına qarşı aqressiyası ilə seçilir. Lakin Bakı istəsə belə “Rusiya amili”ni görməzdən gələ bilməz. Azərbaycan Rusiyanın qonşusudur. Bu gerçəyi dəyişdirmək imkan xaricindədir. Hakimiyyətin Rusiya təhlükəsindən qurtulmaq üçün fikirləşdiyi “balanslaşdırılmış xarici siyasət” taktikası yalnız aralıq müddətə nəzərdə tutula bilərdi. Əvvəl-axır strateji seçim etmək lazım gələcək. Acınacaqlı haldır ki, Azərbaycan Rusiyanın təzyiqini “balanslaşdıra” biləcək Qərbin dəstəyindən də imtina edir, təklənir və bu diplomatik fiaskonu belə adlandırır – “balanslaşdırılmış xarici siyasət”.
Azərbaycanın xarici siyasət kursunun müəyyənləşməsinə təsir göstərən simalardan biri olan Novruz Məmmədov bəyan edir ki, Azərbaycan Avropa Şurasından çıxa bilər. İstisna deyil ki, cənab Məmmədovun bu bəyanatı Rusiyanı sakitləşdirməyə yönəlik taktiki bir gedişdir. Azərbaycan bu qurumu tərk etməyi indiki mərhələdə ağlından belə keçirmir. Lakin Bakı Avropa Şurasına qəzəblidir. Bu qurum Azərbaycanda insan haqları ilə bağlı ciddi problemlərin olduğu bildirir. Bakıdan siyasi məhbusları azad etmək tələb edilir. Əslində, burada yeni bir tələb də mövcud deyil. Azərbaycan Avropa Şurasına üzv olarkan, siyasi məhbus probleminin həll ediləcəyi ilə bağlı öhdəlik götürmüşdü və bu qurum bunu rəsmi Bakıya bir daha xatırlatdı. Lakin iqtidarda fərqli düşünürlər. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bəyan edib ki, bu sənəd “qərəzlidir və reallığı əks etdirmir”. Bu bəyanatın ardınca növbəti addımlar atılır və Azərbaycanın Rusiya ilə daha sıx yaxınlaşa biləcəyi bəyan edilir.
Rusiya ilə dostluq daha cəlbedicidir. Moskva demokratik tələblərdə bulunmur. Düzdür, bu ölkə ilə yaxınlaşan siyasi liderlərin əksəriyyətinin taleyi faciəli olub. Kreml öz müttəfiqlərini asanlıqla qurban verməyə vərdiş edib. Bu baxımdan, Qərb daha etibarlı tərəfdaşdır. Lakin Qərb demokratiya tələblərində bulunur. Bu tələb isə nəticə etibarı ilə Azərbaycanın avroatlantik məkana inteqrasiyasını qeyri-mümkün edir və son nəticədə Bakı hətta “balanslaşdırılmış xarici siyasət”dən uzaqlaşmağa və Rusiya ilə dost olmağa məcbur olur. Moskva ilə yaxınlığın sonu isə ölkənin müstəqilliyinə təhdidlərin reallaşması ilə yekunlaşa bilər.
Diplomatiyada emossional yanaşmalar yersizdir. Birqütblü dünyada qlobal güc olan Vaşinqtonla daha sıx əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir. Rusiyanın təhdidlərinin artdığı bir zamanda məhz ABŞ ilə strateji əmıkdaşlıq barədə sazişin imzalanması yaranmış stastus kvoda ən optimal seçim kimi dəyərləndirilə bilərdi. Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində daha çevik siyasətin aparılması “balanslaşdırılmış diplomatiya” kursundan daha effektlidir. Bakı isə addım-addım Rusiyaya yaxınlaşır və özünü labirintə salır…