Balamdan uzaq durun!

Valideynlərin fəryadı…

Source:

Siyasi proseslərin iştirakçısına çevrildiyim gündən xüsusilə gənclərlə münasibətdə əsas bir hədəfin xidmətçisi olmuşam. Ətrafımızdakı, çiyindaşımız olan gənclərin valideynlərinə: “Allah muxalifətin evini yıxsın. Gül kimi balamı aparıb bədbəxt elədilər” sözünü dedirtməyək.

Bunun üçün daima ətrafımızdaki, xüsusilə ictimai-siyasi fəaliyyətlə məşğul olan gənclərə dil biliklərini, ümumən peşəkar bacarıqlarını yüksəltməyi tövsiyyə etmişəm. Bunu həm də ona görə etmişım ki, xisləti çirkin rejimdən sonra məqsədimiz intellektual, bacarıqlı və aydın gənclərin idarə edəcəyi hökümət strukturu quraq.

Bütün bunların fonunda isə, daima yeni dostlarımızın valideynlərindən birbaşa, yaxud dolayı “mesajlar” alırıq: “Xahiş edirəm, övladımdan uzaq durun! Zülm-zillətlə uşaq böyütmüşəm ki, aparıb mitinqlərdə döydürəsiz?”. Yaxud da, ən ağır gələni: “Sizlərin pulla beynini doldurublar, balamı da öz gününüzə salmayın! və s.

Təbii səbəblərdən bu mesajları aldığımız dəqiqələrdən arasında sıxıldığımız dilemmanın əziyyətilə götür-qoy edərək, ən doğru olanı, yəni bir addım geri çəkilərək, seçimi dostlarımızın özünə buraxmağı üstün tuturuq. Amma bu addımı atmağın, yalnız bu səbəbdən hansısa mərd, əqidəli, dürüst və mübariz bir gənclə sağollaşmağın acısını yalnız prosesin önündəkilər bilir.

Təsəvvürünüzə gətirin ki, küçəylə getdiyiniz yerdə birinin qan içində uzanmış vəziyyətdə övladınızdan kömək istədiyini görürsüz. Tapşırıq çox sadədir. Adamın yanına gəlmək, təcili yardım çağırmaq, o adamın ilk tibbi yardıma yetişməsinə yardım etmək, sonda isə təşəkkürünü qazanmaq. Və bütün bunların yaşandığı bir situasiyada valideyniniz sizdən əvvəl yaxınlaşır qan içində, canıyla əlləşən gəncə: “Sən canın, övladımdan uzaq dur. Üst-başını qan edəcəksən. Zillətlə paltar yumuşam ki, sən batırasan?”

Göstərdiyim nümunə bir qədər ağır oldusa, üzrlü bilin, əziz valideynlər. Amma lütfən qapını döydüyümüzdə, çıxıb narahat, aqressiv səslə, xuliqana baxırmış kimi baxdığınız gözlərlə bizlərə münasibətinizi bildirmədən öncə düşünün:

1. Birilərinin ataları da 23 il öncə bizlərdən “uzaq dursaydılar”, rus qoşunu Bakıdan bu xalqın iradəsilə çıxarılardımı?

2. Qarabağ döyüşləri zamanı şəhid düşən oğullarımız vətən torpağından və haqq davasından “uzaq dursaydılar”, bu gün daha hansı rayonların həsrətini çəkir, hansılarından evsiz-eşiksiz vətəndaşlarımızı qonaqlamalı olacaqdıq?

3. 98 il öncə ulu babalarımızdan təşkil olunan dəstəyə yaxın duran ideologiya daşıyıcıları olmasaydl, bu coğrafiyada müstəqil cumhuriyyət öz-özünəmi yaradılacaqdı?

Sonda isə qərar verin. Əgər qərarınız hələ də qətidirsə, o zaman sağollaşaq. Amma unutmayın ki, müxalifət sizin övladınızdan uzaq dursa:

Bu gün məmur qudurğanlığına görə özünü 3 körpəsinin gözü qarşısında yandıran Qarabağ qazisi Zaur Həsənovun aqibəti hər birimizi gözləyir.

Günlərlə sadəcə ərzaq, bank kreditləri və toyları birtəhər çatdırmaq üçün dəridən-qabıqdan çıxmaq və sonda da bir qəpiksiz övladın hüzuruna xəcalətlə gəlmək mirası

övladlarımıza da keçəcək.

Hüquqsuzluğun, ədalətsizliyin və talançılığın hakim olduğu ölkədə ona qarşı mübarizə aparan bir ovuc insanın biri də sizin “sayənizdə” əskilir və bu bəla maşını sizə və ailənizə bir addım daha yaxınlaşır.

Gələcəkdə doğulacaq nəvənizin təhsil, dolanışıq, geyim, yemək problemlərini sizin kimi övladınız da günlük qayğı deyil, dərd kimi qarşılayacaq.

Sizdən sonraki nəsil buna layiqdirmi?

Layiq bilirsinizsə, övladınıza görə “narahat olmağa” davam edin. Arxayın olun ki, siz bir qarnı ac, bir qarnı tox, təminatsız şəraitdə o gəncin gələcəyini milli-sosial təhlükəyə doğru itələdiyiniz müddətdə, bu bəyənmədiyiniz, əyni-başı nimdaş, cibində qəpik-quruşla dolaşan 3-5 gənc sizin və gələcəkdə artacaq nəsillərinizin daha işıqlı sabahı uğrunda mübarizə aparacaq. O daima “xuliqan”, “kamikadze” gözündə gördüyünüz çəlimsiz gənclik sizi hər səfərində bir az artıq qınamağa və zaman keçdikcə mənfur diktaturadan daha artıq lənətləməyə başlayacaq.

Ölümə tərk etdiyiniz, övladınızdan uzaq tutmağa çalışdığınız gəncliyin uğrunda mübarizə aparıb, qazanacağı sistemin sabahki faydalarını isə bütün nəsil-nəcabətinizlə bir yerdə rahat rahat mənimsəməyə davam edəcəksiz. Qətiyyən utanmazsınız o zaman da. Yaxşımı? Elə bilərsiniz ki, övladınızın kənardan həsrətlə baxıb, “mənim yolumu kəsənin…” deyib ah-naləsini tökdüyü insanlar siz deyilsiz. Elə zənn edərsiz ki, bu arxaik sistemə susqunluğuyla xidmət edən hansısa Tanzaniya xalqıdır. Heç siz deyilsiz əziz analar və atalar!

Qorxmağı qətiyyən unutmayın. Amma lütfən onu da yadda saxlayın ki, ölkəmizdə gün ərzində avtoqəzadan, polis bölmələrində işgəncələrdən, təbii hadisələrdən və sadəcə keyfiyyətsiz səhiyyədəki uğursuzluqdan ölənlərin sayı siyasi proseslərdə mübarizə apararaq dünyasını dəyişənlərin sayına nisbətdə 0.003% dir. Düşünün.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərBalamdan uzaq durun!