Bakının azad olunmasından 98 il ötür

Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər

Source:
Qafqaz İslam Ordusu
Qafqaz İslam Ordusu


Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri daşnak-bolşevik işğalından azad edib. Bununla da Azərbaycanın müstəqilliyi təmin olunmuş və Bakı və ətraf rayonların daşnak-bolşevik işğalına son qoyulub.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar daşnak-bolşevik işğalı altında idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.

Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxi olan Nuru paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə davrandı. O, nəinki Nargində türk hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam almağa çalışdı, hətta belə bir mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini təmin etdi.

Türk ordusunun Bakını daşnak-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi.

Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur.

Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

Ana səhifəXəbərlərBakının azad olunmasından 98 il ötür